KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ankaranın “İrəvan həmləsi” və bölgədə dəyişən siyasi mənzərə

Ankaranın “İrəvan həmləsi” və bölgədə dəyişən siyasi mənzərə

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
967 0

Ankaranın “İrəvan həmləsi” və bölgədə dəyişən siyasi mənzərə

Türkiyə Ermənistanla sərhədləri açmaq üçün müzakirələrə başlamaq istəyir. Türk mediasının bununla bağlı iddiası iddia olmaqdan çıxaraq, Mövlud Çavuşoğlu səviyyəsində təsdiqini tapdı. Ankaranın baş diplomatı bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə qədər Ermənistanla münasibətlərin normallaşması prosesini Bakı ilə müzakirə ediblər.

Bununla o, iyun ayında gözlənilməz Bakı səfəri haqda ağıllarda qalan sual işarəsini də silmiş oldu. Ötən ay bizlər Çavuşoğlunun Türkiyə-Rusiya, Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulması fonunda qardaş torpaqlara səfərinin məqsədini tam anlaya bilməmişdik və əsil səbəbdən uzaq versiyaları önə sürmüşdük. Amma heç birimiz Ankaranın baş diplomatını Bakıya məhz bu məqsədlə göndərdiyini təxmin belə edə bilməzdik. Axı “Surix” protokollarının üzərindən cəmi 7 il ötür və hər iki ölkə o dönəmin “qardaş qarşıdurmasını” unutmuş ola bilməz. Və Türkiyənin indi belə addıma yenidən qayıtması artıq soyuq başla qarşılanır. Çünki bölgədə dəngələr dəyişib. Çavuşoğlunun “Dağlıq Qarabağ məsələsində Ankara həmişə Azərbaycanın yanındadır” deyə əlavə etməsi də dəyişən dəngələrdə yeni geosiyasi izlərlə bağlı müəyyən ip ucları verir.

***

Qərb Türkiyəyə Ermənistanla sərhədləri açması və münasibətləri normalaşdırması üçün zaman-zaman təzyiqlər edib. Bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün lazımlı idi. 2009-cu ildə Bakının sərt reaksiyasına rəğmən, “Surix” protokollarının imzalanmasını da bu siyasətin tərkib hissəsi hesab etmək olardı. Lakin 7 il öncə Türkiyə və Azərbaycan ictimaiyyətlərinin bu plana qarşı həmrəylik nümayiş etdirməsi oyunun pozulması ilə nəticələndi. Həmin vaxtdan etibarən Ankaranın “sərhədləri yalnız işğal olunmuş Qarabağ azad olunarsa, açaram” mövqeyi ön plana çıxdı.

7 il öncədən günümüzə qədər Bakı və Ankaranı bir-birinə bağlayan bağlar daha da sıxlaşıb və hər iki paytaxtda digərinin maraqlarının əksinə addım atacaq mövqe faktiki olaraq mövcud deyil. Buna paralel olaraq, regiondakı vəziyyət, Türkiyə ətrafında baş verən hazırkı proseslər də Ankaranın Bakının razılığı olmadan, yaxud onun maraqlarına zidd şəkildə hərəkət edəcəyi fikrini gündəmdən çıxarır. Belə ola təqdirdə, ehtimallar fərqli istiqamətlərə yönəlir.

Bir: 2009-cu ildən fərqli olaraq Bakı yenidən gündəmə gələn bu məsələyə loyallıq nümayiş etdirdi, yaxud sərt reaksiya vermədi. Bakı loyallıq nümayiş etdirirsə, deməli, ölkənin maraqlarının təmin olunması zəmanəti yaranıb. Əks təqdirdə bu, mümkün olmaz, hətta 7 il öncəkindən daha sərt reaksiya verilər.

İki: Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq görüşündən sonra işğal altındakı ərazilərin qaytarılması və münasibətlərinin həll olunması istiqamətində ciddi danışıqların olduğu haqda məlumatların yayılması da bu iddia fonunda yada düşür. Hansı ki, planda ətraf rayonların qaytarılması, qaçqınların geri dönüşü və Qarabağın status məsələsinin həll edilməsi var. Hesab etmək olar ki, Ankara danışıqların detallarından xəbərdardır və münaqişənin həlli ilə bağlı böyük ümidlər var. Bu baxımdan, prosesə paralel olaraq, Ermənistanla münasibətlərin normallaşması işinə start verib. Çavuşoğlunun “Ermənistanla birbaşa təmas yoxdur, yalnız beynəlxalq tədbirlərdə erməni həmkarı ilə müzakirə aparmışıq” deməsi də bunu göstərir.

Üç: Türkiyə ilə sərhədlərin açılması, Ermənistanın blokadadan çıxması birbaşa Qarabağ danışıqlarının tərkib hissəsi olub. Bakı işğal olunmuş ərazilərin qaytarılacağı təqdirdə buna etiraz etmir. Türkiyə Ermənistanla sərhədləri açaraq, iqtisadi cəhətdən yeni bazar qazanır, siyasi cəhətdən regionda mövqelərini gücləndirir. Qərb Ermənistanı Rusiyadan qoparmaq üçün bu siyasəti həmişə dəstəkləyib. Bəlkə də sərhəd məsələsini danışıqların tərkibinə qatılması təklifi də elə Qərbin özündən gəlib. Bura qədər proses aydın görünür.

***

Rusiya faktorunu göz önünə gətirəndə isə ümumi mənzərədə daşların yri qarışır. Buna paralel olaraq, Moskva ilə münasibətləri yoluna qoyan, Qərbin dəstəklədiyi qüvələrin hərbi çevriliş cəhdi ilə üz-üzə qalan Ankaranın Rusiya maraqlarını tapdalamayacağı fikri də məsələyə bölgənin dəyişən siyasi mənzərəsi prizmasından baxmağı tələb edir:

– Rusiya hərbi bazalarının olduğu, bölgədə “qalası” hesab etdiyi Ermənistanı güzəştə getmək niyyətində deyil. Vaxtilə Türkiyə ilə sərhədlərin açılması prosesinə qoşulan, beləliklə, Rusiya maraqlarını zərbə altına salan İrəvan Kreml tərəfindən bu və ya digər formada cəzalandırılmışdı da. Lakin indi mənzərə bir qədər fərqlidir, xüsusilə Ankara-Moskva münasibətlərinin “geridönüş” mərhələsinə qədəm qoyması fonunda:

– Rusiya Qarabağ münaqişəsinin həlli prosesində Türkiyəni yaxına buraxır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Türkiyə təklifləri ilə münaqişənin həllinə töhfə verə bilər” deməsi də bu fikri gücləndirir.
– Türkiyənin “İrəvan həmləsi” Moskvanın razılığı ilə cərəyan edir.
– Proses Qarabağ münaqişəsinin həlli fonunda baş verir. Münaqişənin həll olunması, ən azından buna müəyyən qədər nail olunması ilə bölgədə siyasi şərtlər dəyişilir.
– Bakı ərazilərin işğaldan azad olunması şərti ilə prosesə müsbət yanaşır.
– Sarkisyan hakimiyyəti Moskvanın təzyiqi və iqtisadi inkişaf qarşılığında münaqişənin həllinə “hə” cavabı verir.
– Beləliklə Qarabağ münaqişəsi Qərbin iştirakı olmadan yoluna qoyulur və bölgə iki regional güc – Türkiyə və Rusiya arasında nüfuz dairəsinə bölünür. Həmçinin, Ankara və Moskvanın rəhbərliyi ilə önümüzdəki dönəmdə bölgədə yeni siyasi güc yaradılır.

Önə çıxan versiyalar bunlardır və nəticə etibarilə Qərb güclənmək üçün mübarizə apardığı regionda sıxışdırılır. Rusiya Qərblə açıq savaşda olduğu bir vaxtda itirmək təhlükəsi ilə qarşılaşdığı cənub sərhədlərində gücünü bərpa etmək, Türkiyə maraqları olan bölgədə nüfuzu dairəsi əldə etmək baxımından bu prosesdə maraqlıdır. Azərbaycan əsas məqsədi olan ərazi bütövlüyünün bərpasına nail olur, Ermənistan isə 20 ildir düşdüyü blokada vəziyyətindən çıxır. Bu proses bütün bölgə ölkələrinin maraqlarına uyğundur. Lakin bununla onlar Qərbi qarşılarına almış olurlar.

Bu kontekstdə Türkiyədə 15 iyul darbə cəhdi, ondan iki gün sonra – 17 iyulda Ermənistanda keçmiş Qarabağ döyüşçüsü, “dördgünlük müharibədə” Azərbaycan Ordusunun azad etdiyi əraziləri qaytarmaq üçün Sarkisyana qarşı çıxan Jirayr Sefilyanın tərəfdarlarından ibarət silahlı qrupun polis-patrul alayının binasını tutması ilə başlanan proseslər özlüyündə bir məsələni gündəmə gətirir.

– 15 iyul darbəsi ilə Qərb Türkiyədə iqtidarı dəyişməklə həm də Ankara-Moskva ikiliyinin bölgədə yeni dizaynını pozacaqdı. Bununla da yeni dizaynın bir parçası olan Cənubi Qafqazla bağlı layihə də baş tutmayacaqdı. Lakin “darbə girişimi” baş tutmadıqdan sonra, Ermənistanda qiyam hazırlandı, yaxud baş verən qiyam “idarəolunan xaos” nəzəriyyəsi ilə davam etdirildi. Təbii ki, bu, Qərbin böyük oyununda pazlın kiçik bir hissəsidir. Görünən odur ki, Ermənistanda küçəyə çıxanlar artıq Qarabağ şüarları sələndirir, Sarkisyanı “güzəştə getməkdə” ittiham edirlər. 1998-ci il hadisələrinin müasir forması olan bu proses Qarabağla bağlı danışıqları alt-üst edə bilər. Əgər qiyamçıların “Sarkisyan istefa etsin” tələbi baş tutarsa, danışıqlar prosesi tormozlanacaq. Bu da dolayısı ilə Qərbin Türkiyə və Rusiyanın bölgəni yenidən şəkilləndirmək gedişinin qarşısını almaqda əlinə işləyir. Dediyimiz kimi, hər şey böyük oyunun bir parçasıdır. Bundan sonra baş verəcəkləri görmək üçün Ermənistana baxmağımız lazımdır.

Asif Nərimanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir