KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Anar Esedli: Rusiya və İranın təhdidləri qarşısında “ipli kuklalar”ın rəqsi

Anar Esedli: Rusiya və İranın təhdidləri qarşısında “ipli kuklalar”ın rəqsi

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
16 0

Mətbuatda Ərdəbilin imam-cüməsinin dilindən İranın ölkəmizə qarşı təhdid dolu mesajları yayılmağa başlayıb. Yenə tanıdığımız sima dil uzadıb, Ayətullah Seyid Həsən Amili həm Azərbaycan, həm Türkiyə siyasi rəhbərlərini təhqir edib.

İranın zaman-zaman ölkəmizin müstəqilliyinə təhdid yaradan siyasi gedişləri bizi məcbur edir ki, bu mövzunu daim gündəmdə tutaq.

Heç şübhəsizdir ki, cənub qonşumuzun bizim ona münasibətimizdən asılı olmayaraq, yürütdüyü siyasəti lehimizə olmayıb və olmayacaq. Uzun illərdir biz dövlət olaraq İran haqqında gerçəkləri görməzdəngəlmə siyasətinə üstünlük vermişik. Elə fikirləşmişik ki, bu yumşaq siyasət guya Tehranı məkrli niyyətindən daşındıracaq.

Lakin bu yol özünü doğrultmadı. Əksinə, biz göz yumduqca İran daha da ayaq açdı.

Təbii ki, dövlətin istifadə edə biləcəyi bəzi ideoloji, siyasi vasitələr, taktiki gedişlər, diplomatik addımlar vacibdir. Ancaq ictimai-siyasi fəallar, ölkənin ictimai-siyasi simaları Azərbaycan cəmiyyətini İranla bağlı daimi ehtiyatlı olmağa çağırmalı, cənubdan gələcək təhlükənin şimal qədər təhlükəli ola biləcəyini təlqin etməlidirlər.

Xeyli müddətdir həm yazıb, həm efirlərdə danışırıq ki, İran və Rusiyadan ölkəmizə heç vaxt dost olmayacaq. Xüsusilə İran bizim bir dövlət kimi yox olmağımız üçün hər şey etməyə hazırdır. Çünki İran öz daxilində türklərə hər an partlayan bomba kimi baxır. Buna görə də, fürsət düşən kimi hər cür düşmənliyi edir.

2025-ci ildəyik və İranın artıq yeni siyasi sistem dəyişiminə hamilədir. Bu doğuş qaçılmazdır, lakin hamiləlik və doğuş zamanı qarın sancılarının ağır keçəcəyi də şübhəsizdir.

Bəs biz qonşu olaraq nə etməliyik ki, İran sağlam bir doğuş etsin. Yəni İranın illərdir ki, ekspert, deputat, keçmiş məmur, dindar qılığında dövlətimizə açdığı ideoloji savaşa necə cavab verməliyik?

Sadəcə, İranamı verilməlimidir bu cavab? Bəs daha təhlükəli Rusiyaya necə, cavab verə bilirikmi? Siyasi institutlar bu prosesi apara bilirmi?

Xatırlayırsızsa, bir Jirinovski var idi, öləndə Putin cənazəsi önündə baş əydi. Çünki Jirinovskinin verdiyi açıqlamalar, etdiyi çağırışlar onun şəxsi fikri deyildi. Bu çağırışlar, Rusiyanın SSRİ çökəndən sonra ittifaqın tərkibində olmuş respublikalara lazımi hədə-qorxu mesajlarını vermək üçün onları “Böyük Rusiya”nın ayağına gətirmək məqsədinə xidmət edirdi.

Jirinovskinin fikirləri qətiyyən dırnaqarası baxılacaq sayıqlamalar deyildi, çox ciddi siyasi çağırışlar idi. İstər Rusiyada, istərsə də İranda onlarla belə siyasətçi, qəzetçi, televiziya aparıcısı və s. şəxslər var ki, onların hər bir açıqlaması bizdə gündəm yaradır.

Yaxşı, bəs bizimkilərin açıqlaması onların medialarında və ictimai rəydə xüsusi narahatlıq mesajına çevrilirmi? Qətiyyən. Niyə? Çünki bizdə bunu danışanların əksəriyyəti ipli kuklalardılar.

Jirinovskisi də, ayətullah Amilisi də, Aleksandr Şerini də, televiziya aparıcısı Vladimir Solovyovu da tezislə danışmırlar. Bu adamların özlərinin şəxsi ictimai şüurunda illərlə əmələ gəlmiş təbii bir müqavimət mexanizmi var. Məhz buna görə bizdə gündəm yarada bilirlər.

Heç yadımdan çıxmaz, bir dəfə Jirinovski ölkəmizi təhqir eləmişdi, deputatlara da Jirinovskiyə “cavab verin” təlimatı gəlmişdi. Deputatların cavabları aşağı-yuxarı belə idi: guya jirinovski Rusiyanın dəyərlərini, şərəf və ləyaqətini təhqir edib, dostluğumuza mane olur.
Bunlar da tökülüşüblər Rusiyanın şərəf və ləyaqətini Jirinovskidən qorumağa. Halbuki təhqir olunan Azərbaycan dövləti idi. Bax, belə bir gülməli vəziyyət yaranmışdı.

Təsəvvür edin ki, bizim parlamentdə müstəqil fikir söyləyən bir deputat yoxdur ki, bu əclaflara cavab versin və bu cavab o ölkələrdə gündəm yarada bilsin.

Azərbaycanın parlamentindən ideoloji planda nə Jirinovski çıxdı, nə məscidlərindən Amuli, nə də televiziyalarında Sovolyov…

Bu dəyişilməyən, hər şəraitə uyğunlaşan simalar ölkəni ciddi fəlakət astanasına gətirib. Qorxa-qorxa, ehtiyat edə-edə dövlətə qarşı yönəlmiş təhdidlərə cavab verilmir.

“İpli kuklalar”a sərf edilən zaman və enerji, əslində, ideoloji quruluşların formalaşmasına, güclənməsinə istiqamətləndirilməli idi. Birmənalı şəkildə bilməliyik ki, dövlətin strateji xarici siyasəti “ipli kuklalar”a etibar edilə bilməz. Bir zamanlar daxili auditoriya üçün yaradılan bu kuklaların xarici təhdidlərə qarşı nə siyasi, nə ideoloji, nə də elmi potensialı var.

Təəssüflər olsun ki, 90-larda yaranmış, İranın və Rusiyanın aqressiyası qarşısında qalxan funksiyasını yerinə yetirən ideoloji mühit sonralar imperialist güclərin də istəyi ilə zəiflədildi. Bununla belə, bizdə bu sahədə təcrübənin olması həm müsbət haldır, həm də bu istiqamətdə yenidən təşkilatlanma üçün əlverişli baza deməkdir.

Ümid edək ki, Azərbaycan siyasi hakimiyyətinin sıralarında bunu anlayanlar var. Ona da ümid bəsləyirik ki, İrandan və Rusiyadan gələcək təhdidlərə qarşı ideoloji xəttin inkişafından ötrü bizim atdığımız addımların qarşısında durmağın zərərli olduğunu anlayacaqlar. Bu mənada qətiyyən vaxt itirmək olmaz.

Anlamaq lazımdır ki, bu cür məqamlarda “ipli kuklalar”dan dolayı gülüş obyektinə çevrilməmək üçün, eləcə də, xarici siyasətdə parlament diplomatiyasının çəkisini artırmağı hədəf qoyan ölkə kimi, ən qısa zamanda ideoloji cəhətdən özünü ciddi yetişdirmiş aydınların, siyasətçilərin parlamentdə yer almasına çalışmaq lazımdır.

Sovet idarəetməsinə xas siyasi təfəkkürdən çıxmalıyıq. Kolxozçunu, pambıqçını, briqadiri deputat edən sovet hökuməti süni mənzərə yaradırdı və bu süni mənzərədə heç kəs öz işi ilə məşğul olmurdu, fəqət belə bir görüntü yaradılmışdı ki, guya bütün təbəqələrdən hər kəs dövlətin rəhbərliyində təmsil olunub.

Bu görüntü Sovet hökumətinə heç nə vermədi. Sovet İttifaqının sonu isə məlumdur.

Müstəqilliyini yeni qazanmış dövlətimizin, ən azı üç onilliyi, nə yazıq ki, bu təfəkkürün təsiri altında keçdi. Yenə aidiyyəti olmayan insanlar aid olmadıqları qurumlarda, Məşədi Kərbəlayinin sözü olmasın, “kolxoz-molxoz oyunu” oynayacaqlar?

Məhz dövlət və dövlətçilik anlayışına yanlış yanaşmanın nəticəsində bu ölkədə ya iqtidara işləyən partiyalar yaradıldı, ya da siyasi partiyalara düşmən gözü ilə baxıldı.

Dəfələrlə vurğuladıq ki, müxalif siyasi partiyalar anlayışı dövlətin milli təhlükəsizlik konsepsiyasına aid olan məsələdir. Siyasi partiyalar dövlətin strateji sütunudur. Ona görə də, bu sahədə olan anormallıqlar ortadan qalxmalıdır.

Təkbaşına və bitərəf formada siyasi fəaliyyət olmur. Siyasət meydanı konsolidasiya və koalisiya tələb edir.

Bu gün bizim əsas işimiz, ölkəmizdə Rusiya və İrana bəslənən sevdanı şüurlardan söküb atmaqdır. Eyni zamanda, başqa ümdə bir hədəfimiz Rusiyanın və İranın bizə qarşı şovinist və ekspansionist, o cümlədən birtərəfli münasibətinə qarşı cəmiyyətdə milli mənafeyə xidmət edən ictimai rəy formalaşdırmaqdır.

İpli kuklaların rəqsi onları əyləndirə bilər, amma hər kəs enində-sonunda anlayacaq ki, yaxın on ildə Azərbaycanın siyasi həyatında müəyyənedici və təyinedici faktor onlar yox, məhz BİZ – yeni siyasət adamları olacaq.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir