Bir neçə gündür Azərbaycan və Türkiyədə siyasi şərhçilər, yazarlar, qəzetçilər, bilim adamları hər iki ölkənin münasibətlərinin soyuqlaşması barəsində fikirlər səsləndirir və ya, bu fikri səsləndirənlərə qarşı fikirlər ortaya qoyurlar. Diqqətlə və sakit şəkildə izləyirəm.
Müxtəlif prizmalardan münasibətlər səsləndirilir, fərqli yanaşmalara rast gəlirik. Öncəliklə onu deyim ki, xüsusi narahatlığa ehtiyac görməsəm də, gedən müzakirələrə qatılmaq və fikir bildirməyi vacib hesab edirəm. Hər iki ölkənin aydınlarının bu məsələdə suçlamalara deyil, problemlərə diqqət yetirməsi vacibdir. Anadolu türkləri demiş, “çözüm odaklı” yanaşmaq gərəkir hər bir məsələyə. Suçlamaq diqqəti başqa bir qüvvənin – üçüncü əlin varlığına yönəldir.
O üzdən çox diqqətli olmaq lazımdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan xalqı birmənalı şəkildə Türkiyəyə qarşı istənilən münasibətin önünü kəsər və heç bir tərəddüd etmədən silər atar. Türkiyənin də bunu zaman-zaman isbatladığı hər türlü ortada.
Pəki problem nədir?
Türkiyə prezidenti sayın Erdoğanın İsrailə yönəlik çıxışı zamanı söyədiyi o məhşur ifadəmi, yoxsa Azərbaycan mediasının bu açıqlamaya qarşı sərgilədiyi tavr?
Əslində heç biri.
Azərbaycanla Türkiyə arasında qardaşlıq bağı nə qədər güclü olsa da təbii ki, problemlər və bu günə qədər həll edə bilmədiyimiz bir sıra sıxıntılarımız var. Bunları mən şəxsən illərdir dilə gətirirəm. Qardaşlıq bayatıları ilə gələcək qurmaq olmaz. Köklü çalışmalara ehtiyac var, təhsildən, bürokratiyaya qədər, bankaçılıqdan vahid gömrük sisteminə qədər həll etməli çox məsələmiz var. Lakin bütün bunların başında gələn məsələ öncəliklə Türk Dünyasının ideoloji şüurunun formalaşmasıdır.
Türk Dövlətləri Təşkilatlarının gələcək prespektivlərində əsas amil ideoloji məsələdir. Həmçinin, Azərbaycan və Türkiyə münasibətlərində.
Türkçülüyün mahiyyəti, milli şüur, milli kimlik məsələlərində “İdeoloji yenilənmə” olmadan, iki ölkə arasındakı münasibətlərdə hər zaman həssaslığı gözləməliyik. Çünki bu birliyi istəməyən istənilən siyasi qüvvə bu boşluqdan yararlanıb gərginlik yarada bilər.
Milli Şüur məsələsi istənilən cəmiyyətin gələcəyi üçün ən vacib faktordu. Xalqların milli şüuru yerində olanda hər hansı hakimiyyətlərin bilərəkdən və ya bilməyərəkdən buraxdığı səhvlər təlaş yaratmır və münasibətlərin pozulmasına aparmır.
Bir sadə örnək göstərərək nəyi necə etməli olduğumuzla bağlı fikirlərimi sizlərin mühakiməsinə buraxıram:
2020-ci il Azərbaycan və Türkiyə orduları Naxçıvandan başlayaraq birgə hərbi təlimlər keçirməyə başlamışdılar. Bu məqsədlə Tükiyənin 11000-lik hərbi gücü Muxtar Respublikada yerləşdirildi. Azərbaycan xalqı Naxçıvanın ardından Bakı, Kürdəmir, Yevlax və Gəncədə Türk ordusunu qarşıladı.
Müstəqillik dövründə Rusiya – Ermənistan cütlüyü tərəfindən torpaqlarımızın işğalı və bizim Rusiya – Ermənistan cütlüyünə qarşı psixoloji həssaslığımızı nəzərə alsaq, Türkiyə ordusunun birgə hərbi təlimlər keçməsi yaxın zaman ərzində NATO formatlı bir türk ölkələrarası hərbi təşkilatın meydana çıxmasına da zəmin yarada bilən faktor idi və görünüşü belə Qarabağ savaşını qazanmamızda bizə böyük ruh yüksəkliyi verirdi.
(Sonralar savaş zamanı və savaşdan sonra da Türkiyənin etdikləri haqqında hər bir vətəndaşımız qürur hissi ilə danışıb və bu gün də danışılır. Bu barədə detayları yazmağa gərək görmürəm çünki bu mövzuda onlarla yazı və televiziya çıxışlarım olub)
2021- ci il Azərbaycan 44 günlük savaşda Türkiyənin də dəstəyi ilə qazandığı Zəfərin qürurunu yaşayır və “Eurovision” beynəlxalq miqyasda keçirilən musiqi yarışına növbəti dəfə qatılır. “Eurovision”-un siyasi xarakter daşıdığı heç kimə sirr deyil.
Burada dövlətlər gələcəyə dair planları, müttəfiqləri, siyasətləri ilə bağlı strateji zəkalarından irəli gələn mesajlar verilir.
Çünki bu, minimum 100, maksimum 600 milyon izləyicisi olan, musiqi yarışması adı ilə keçirilən böyük siyasi platformadır. Elə bu qədər müzakirə predmetinə çevrilməsinin səbəbi də budur.
Yaxşı, bəs biz bu musiqili siyasi platformada 2021-ci ildə hansı strateji mesajları verməliydik? Və ya, mesaj verə bildikmi?
Zəfər qazanırıq və bütün uğurlu addımlarımızda qardaş Türkiyə ilə birgə hərəkət etdiyimizi ölkənin Prezidentindən sıravi vətəndaşına qədər hər kəs söyləyir. Tamam, gözəl, doğru. Yaxşı, Türkiyənin “Eurovision” müsabiqəsində iştirakdan imtina etdiyini nəzərə alaraq, daha əhəmiyyətli, milli maraqlarımızı ifadə edən, regionda Türklərin daim işğalçılara qarşı mücadiləsini simvolizə edən mesajlar verə bilməzdikmi?
Hindistan əsilli Alman kəşfiyyatçısı olan rəqqasə Mata Harinin şərəfinə mahnı həsr etmək əvəzinə Rusiya-Osmanlı savaşının qəhrəmanlarından olan Ərzurumlu Nənə Hatunla ideoloji-siyasi mesajlar verməliydik, lakin edəmədik…
Nədən? Çünki ideoloji yenilənmədən keçə bilmirik…Həm Azərbaycanda, həm Türkiyədə.
Məlumat üçün bildirim ki, 1955-ci ildə BMT tərəfindən “İlin Anası” seçilən, iki oğlunu I Dünya Savaşında şəhid verən bu qadın Ərzurumda döyüşdə ruslara qarşı inanılmazı həyata keçirib.
…1877-ci ilin noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni-rus silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə şəhərə hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət edirlər. Minarələrdən “Moskov əsgəri gəlir” səsini eşidincə üç aylıq körpəsini bağrına basıb, “Seni bana Allah verdi. Ben de O’na emânet ediyorum”, deyib, camaata “sakın, canlı təslim olmayın” , – səslənərək silaha sarılır. Bu zaman onun qardaşı da öldürülür. Atəşə məhəl qoymayan camaat Nənə Xatunun rəhbərliyi altında rus əsgəri ilə əlbəyaxa olur, Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir. 2300-ə yaxın itki verən rus və erməni əsgərləri qarnizondan qaçır.
1952-ci ildə NATO-nun amerikalı generalları onu şəxsən ziyarət etmək üçün Ərzuruma gedirlər. Azərbaycan bu örnəkləri nəzərə alaraq, Casus Matanı deyil Nənə hatunla bağlı musiqi əsəri hazırlayıb təqdim etməklə bir yox, bir neçə siyasi mesaj verə bilərdi. Konkret kiməsə ünvanlanmayan, Türk qadınının mübarizə ruhunu göstərən mesajlar olacaqdı.
Bu mesajları zamanında Ukraynada, Gürcüstanda “Eurovision”-da etmişdilər.
Azərbaycan Türkiyə münasibətlərində hər iki tərəfdən Türk dünyası siyasi şüurunun mahiyyətini anlayan, Milli strateji düşüncənin, ağlın, zəkanın daşıyıcıları olan kadrların azlığı yanlış yanaşmalara, siyasi deprem və ya zəl-zələlərə nədən ola bilər.
Əvvəldə də qeyd etdiyim kimi, hər iki ölkənin aydınları bu məsələdə suçlamalara deyil, problemlərə diqqət yetirməlidir. Yəni gələcəyi qurmaq üçün ideoloji yenilənmələrlə bağlı çalışmalar görməli, bura fokuslanlamıyıq.