Anar Esedli: İmişlidə baş verən hadisə
SSRİ bayrağının qaldırılması məsələsi təsadüfi deyil və bir heyvərə manqurtun işdən çıxarılması ilə üstündən sakitcə keçiləcək olay deyil.
Yəni bir insanın yanlış ideoloji hərəkəti deyil.
Bu, bildiyimiz Rusiyanın hədd göstərmə səhnəsidir. Yeni siqnalın anlamı budur: “Mən Rusiya hər yerdəyəm.”
Əlbəttə, Azərbaycan bu kimi aşağı səviyyəli siqnallarla qorxu hissi keçirəcək zəif bir durumda olan ölkə deyil. Biz terror, savaş, soyqırımı ilə sınağa çəkildik. Bu kimi düşük hərəkətlər təbii ki, dərhal layiqli cavabını alacaq. Məsələ isə cavab deyil. Məsələ odur ki, ölkədə ideoloji boşluq var. Biz bunu illərdir deyir, danışır, yazırıq.
Ciddi Siyasi-ideoloji institutların olmaması səbəbindən Rusiya müəyyən qədər sovet nostaljisi kimi çürük naftalin iyi verən sərsəm “kommunist”, “xalqların qardaşlığı” ideologiyası ilə xalqın müəyyən qatlarına yeriməyə çalışır. Bunun qarşısını ala bilmək üçün isə ölkədə siyasi institutların bərpası, fəaliyyətləri üçün şəraitin yaradılması mütləqdir. Yoxsa hələ biz çox eşidəcəyik “Türkiyənin bayrağını yığışdırın” söhbətlərini. O bayraq ki, yanaşı durmazlarsa, Rusiya kimi 200 ildir əli qanımıza batan düşmən qarşısında duruş gətirməmiz zor olar, hətta mümkünsüz olar.
Bu gün Putin Rusiyası siyasi və iqtisadi çöküşünə baxmayaraq imperialist məqsədlərindən əl çəkmir, təəssüflə SSRİ-nin dağılmasından danışır, telekanallarında “böyük Rusiya, ura!” kimi sərsəm fikirlər səsləndirirlər və s. Hələ də SSRİ-ni bərpa etmək kimi xəyallarla yaşayır və keçmiş postsovet ölkələrində ara qatmaq, çaxnaşma salmaq niyyətlərini davam etdirirlər.
Rusiya imperialist niyyətindən heç bir zaman vaz keçməyəcək. Belə bir durmayan təhlükə qarşısında yəni xarici təhdidin qabağında isə ən böyük güc ideoloji istiqamətin doğru aparılmasıdır. Bunları isə siyasi partiyalar həyata keçirməlidirlər. Partiya siyasi institutdur və bütün institutlar kimi fəaliyyət göstərdiyi istiqamətdə qarşısına problemlər qoymalı, problemin həlli yollarını aramalı, cəmiyyətin özünü problemlərin həllinə cəlb etməlidir. Hakimiyyəti tənqid etməklə məhdudlaşan və ya hakimiyyətə yarınmaqla varlığını sürdürən təşkilatlar siyasi institut səviyyəsinə qalxa bilməz.
Partiya yeritdiyi ideoloji xətdə sapmadan addım-addım cəmiyyəti öncə Dövlətə qarşı olan hər hansı təhlükədə hazırlıqlı olmağa, xarici təhdidin qarşısında milli birliyi yaratma potensialına sahib olmalıdır.
Azərbaycanda isə partiyaların ideoloji xəttinə uyğun nə proqramları var, nə fəaliyyət istiqamətləri. Bir siyasi təşkilatın “yol xəritəsi” ideoloji xəttidir. Nəşrlər və təqdimatlar, elmi-siyasi mövzuda dəyirmi masalar, hüquqi müstəvidə treninqlər təşkil edərək, cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxsləri siyasətdən qorxmadan, çəkinmədən partiya sıralarına və ya ən azından təşkil etdiyi tədbirlərə cəlb edə bilmək yeni dövr partiyası üçün öncüllük olmalıdır.
İdeoloji-siyasi xəttin yoxdursa, cəmiyyətə bütövlükdə heç nə verə bilməyəcəksən.
Necə ki, İmişlidən olan elə partiya sədri deputat kimi…
Anar Esedli
Share this content:
Yorum gönder