KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Anar Esedli: 2025-ə doğru

Anar Esedli: 2025-ə doğru

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
20 0

2024 bütün gücü ilə həbslərin, haqsızlıqların, riyakarlıqların tavan vurduğu il imicini gücləndirməklə yadda qalacaq.
Amma 2024-ün müsbət tərəfi də oldu, nəhayət az da olsa, insanlarımız mədəsi ilə düşünməyə bir az ara verdilər. “Başını aşağı sal, bir tikə çörəyini qazan” tezisləri artıq yavaşlayıb…

İnsanlar bir sual ətrafında düşünüb dururlar. İndi nə edək? Çünki qulaqlara yanlış səslər də gəlir…

Düstur sadədir, dostlar: edəcək tək şey siyasi aktivliyə nail olmaqdır.

Siyasi məntiqlə, debatlarla, problemləri danışaraq, fikirləri dinləyərək fəaliyyət göstərmək son dərəcə vacibdir. Fikir müxtəlifliyi, eyni məsələyə fərqli baxışlar, müzakirələr və mübahisələr hər zaman cəmiyyəti düşünməyə vadar edir, bir qığılcım rolunu oynayır, cəmiyyətin beynini yatmağa qoymur.

Oyaq və düzgün fikirləşən cəmiyyət bundan düzgün nəticə çıxara bilər. Azərbaycan toplumunun gələcək yüksəlişi üçün vacib olan şərtlərdən biri də müxtəlif fikirlərin cəmiyyətdə baş rol almasıdır.

Bura nə Əfqanıstan, nə Suriyadır, nə də hansısa ərəb ölkəsi deyil, əhalisinin böyük əksəriyyəti savadlı və təhsilli olan bir məmləkətdir. Önəmli olan etirazların keyfiyyətidir. Təhqir və nifrət qusmaq fikir müxtəlifliyi deyil, dəyişim yolu isə heç deyil.

Deyirlər, bir adam belə, etirazdır. Etirazçının sayı deyil, mahiyyəti önəmlidir. Razıyam. Bunu Nelson Mandela, Qandi timsalında gördük. Etirazlar fərqli ola bilər. Markes corabını tərsinə geyinməklə etiraz edirdi. Bəli, əzab çəkərək cəmiyyətin naqisliyinə təkbaşına etiraz edənlər olub, bəşərin inkişafı bu kimi şəxsiyyətlərin fədakarlığından keçib.

Amma və lakin duruşu olan şəxsiyyətlərin!

Tarixdə sonuna qədər təkbaşına mücadilə aparan Rəsulzadə, Əhməd Cavad kimi millətimizdən olan fenomenlər də var. Lakin indi situasiya fərqlidir. Bir şeyi unutmayaq ki, dirənişin məqsədi və nəticəsi olmalıdır. Dəyişimin yolu şiddət, nifrət və kin qusmaqla, şüarçılıq və pafosla deyil, siyasi zəka və strateji ağıldan keçir.

Xalqı və cəmiyyəti inandırmaq lazımdır ki, bütün dəyişikliklər onun əlindədir.

Xalq nifrəti və şiddəti, hər cür zorakılığı rədd edir. “Onsuz da bu qədər düşmən var, bircə vətəndaş müharibəsi çatmırdı” deyib, dərhal sipər olur. Xalqı qorxutmayaq. Çünki dəyişiləcək siyasi sistem və onun məmurları özləri də, yaxınları da, qohumları da, qonşuları da, dostları da elə bu xalqın bir hissəsidir. Nəzərə alsaq ki, Azərbaycan elə də böyük ölkə deyil, deməli, o məmurların da bir tərəfi gəlib elə sadə xalqa toxunur.

Kimsə yaxınını, qohumunu, dostunu şiddətə, qana qurban verməz, çünki bu qan hər kəsin üzərinə ləkə kimi düşər.

Digər əsas məsələ isə odur ki, “söyüş və şiddət müxalifəti” obrazı, əslində, mövcud hakimiyyətə sərf edir. Çünki bu obraz xalqı siyasi aktivlikdən soyudur. Müxalifətin söyüşü hakimiyyəti qıcıq edə bilər, amma qorxuda və ya sarsıda bilməz. Hakimiyyət dəyişikliyinə isə heç səbəb ola bilməz. Bu, dəqiqdir.

Söyüş və nifrət taktikası xalqda ikrah doğurur və cəmiyyətə qorxu toxumu səpir. Onu dəyişim prosesindən çəkindirir. Yerləşdiyi coğrafiyaya görə bütünlüklə rusa, farsa, erməniyə və s. qarşı dirəniş göstərən xalqın özünüqoruma instinkti işə düşür və hakimiyyətə qarşı aktiv siyasi etirazlara qoşula bilmir, ələlxüsus da demokratik cəmiyyət uğrunda mübarizə aparmaq istəmir.

Lakin bir HƏQİQƏT var. Müasir həyatın keyfiyyətcə və kəmiyyətcə yeni-yeni tələbatları və ehtiyacları, qayğıları fonunda yeni yetişən gənc nəsillərin aşıb-daşan təbii enerjisinin qarşısında, çoxdan köhnəlmiş və daha effekt verməyən idarəetmə qaydaları ilə çox duruş gətirmək mümkün olmayacaq. Dəyişim labüddür…

Yüz ildən çoxdur, yeni-yeni nəsillər bir-birini əvəz eləsə də, Azərbaycan xalqının siyasi azadlıqlara, o cümlədən insan hüquq və azadlıqlarına, ədalətə, demokratiyaya təşnə olması gerçəyini heç nə və heç kim dəyişdirə bilməz.

Demokrtatik cəmiyyət mütləq formalaşacaq. Geci-tezi var sadəcə. Geosiyasi və geoiqtisadi planda dünyamızın və regionumuzun dəyişməsi fonunda bu prosesi, bəlkə də, çox az bir müddətə tormozlamaq olar, lakin önünə keçmək qətiyyən mümkün deyil.

Biz nə etməliyik? Xalqımızı sivil siyasi mübarizəyə elə kökləməliyik ki, nəhayət o, özünə və yetişmiş yeni nəsil siyasət adamlarına, siyasi liderlərə inanmağa başlasın. İnanmaq qadağasını birdəfəlik üzərindən atsın.

Ən önəmlisi isə, biz Qərbdən, ya Şərqdən demokratiya mədəti ummamalıyıq. Qərbin “dəstəyi” həbsxanalar üzərindən siyasi bazarlıq, Şərq isə qan qoxusu və cahillik girdabıdır. Texnoloji terminlə ifadə etsək, siyasi təfəkkürümüzü format edib, 2025-ə “Həyatımız Siyasət” sloqanıyla daxil olmalıyıq!
Anar Esedli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir