KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Anar Əsədli: Rusiyaya olan sevdanı yixaq ki…

Anar Əsədli: Rusiyaya olan sevdanı yixaq ki…

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
258 0

Bu günlərdə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə belə bir fikir səsləndirdi: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzurun da Ermənistana birləşdirilməsi xalqımıza qarşı növbəti cinayət idi. Bu, həm də Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.”

Ölkə başçısının bu fikirləri tamamilə razıyam.

Bəli, 1920-ci ilin noyabr ayının 30-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürosunun iclasının Zəngəzurun Sovet Ermənistanının ayrılmaz hissəsi olduğu haqda Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzası ilə qərardadı var. Dekabrın 1-də isə Bakı Sovetinin təntənəli iclasında bu qərardadla bağlı məlum çıxışı olub.

İki il öncə (2020-ci ildə) bu məsələləri gündəmə daşıyaraq, müraciət etdim ki, Cümhuriyyətimizin quruluşunun 102, müstəqilliyimizin bərpasının 29-cu ildönümündə hələ də Cümhuriyyətimizin süqutunda rolu olanlara tam tarixi qiymətin verilməməsi məyusedicidir. Bununla bağlı bəzi təkliflərimizi diqqətə çatdırdıq. Təkliflər Cümhuriyyətin süqutunda ən böyük rolu olmuş Nəriman Nərimanovun adını daşıyan məkanlardan onun adının götürülməsi və heykəlinin qaldırılması ilə bağlı idi.

Təkliflər:
1. Yasamal rayonu ərazisində yerləşən Nəriman Nərimanov heykəlinin götürülməsi;
2. Bakı şəhərinin bu adı daşıyan rayonunun adının dəyişdirilməsi;
3. Metro stansiyasından;
4. Küçə, stadion və digər yerlərdən adının götürülməsi.

Bu təklifləri irəli sürərkən məsələyə baxışımızın kökündə duran məntiqi bir-bir sizə söyləyim.

Birincisi, unutmayaq ki, söhbət cümhuriyyətçilərin qanına susayan bir adama olan munasibətdən gedir.

İkincisi, üçrəngli bayrağımızı endirən, Cümhuriyyətimizi süquta uğradan, bizi qul kimi yaşamağa məhkum edən şəxslərin bütləşdirilməsinin əleyhinəyik. Gələcəyi qurmaq üçün öncə bu bütlərdən azad olmalıyıq.

Üçüncüsü, 1918-ci ildə Şimalında istiqlaliyyətə nail olmuş “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən, Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti Azərbaycanı işğal edən Rusiya bolşeviklərinin başında gələn Nərimanovun heykəli və adı ona görə götürülməlidir ki, məhz Nərimanov və onun kimilər bilərəkdən ya da “aldanaraq” Azərbaycanın səadətini Rusiyada görürdülər.

Nəhayət, bu gün Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məsələ torpaqlarımızın – konkret olaraq Zəngəzurun Ermənistana verilməsi prosesində iştirak edən bir siyasətçinin həqiqi qiymətinin verilməsinin zamanı gəlib çatıb axı.

Azərbaycanın müstəqilliyinin davamlı olmasını istəyən, üçrəngli bayrağımızı sevən və o bayrağın uğrunda canını verən şəhidlərimizin ruhuna hörmət edən hər kəs tarixini öyrənməli oxumalı və sahib çıxmalıdır.

Amma nə oldu? Üstümüzə tankla-topla gəldilər ki, nə danışırsınız, tarixdən xəbəriniz yoxdur və s.

“Hətta Nərimanov milli adamdır”, – deyənlər də oldu. Etirazların ardı-arxası kəsilmədi.
İzah etməyə çalışdıq ki, Nərimanovun milli adam olması paradoksdur. Milli dövlətin işğalında, milli bayrağın endirilməsində rolu olan, “Azərbaycanın səadəti Rusiyaya bağlıdır”, – deyən adam necə milli adam olur? Cümhuriyyətin işğalında, soyqırımı törədən ermənilərlə birbaşa əlbir olaraq, bolşeviklərə ötürülməsində israr edən Nərimanovun hansı milli heysiyyata sahib olduğundan danışmaq maraqlı deyilmi?

Bax, sovet müstəmləkəsi bizə nərimanovları sevdirəcək təfəkkürdə nəsli yetişdirdi, bundan böyük zərər ola bilməzdi. Hələ də bu gün xatirələrində sevə-sevə sovet dövrünün nostalgiyasını yaşayan insanlarımız var. Bundan artıq nə faciə olmalı idi ki?

Nərimanov Rusiyaya olan sevdanın təcəssümüdür.

Rusiyaya olan sevdanı yıxaq ki, “Rusiya sülhməramlıları” ilə üz-üzə dayanmaqdan qurtulaq.

Rusiyaya olan sevdanı yıxaq ki, Cənubi Qafqazda savaşı bitirə bilək.

Rusiyaya olan sevdanı yıxaq ki, “Tərtər hadisələri” yaşanmasın.

Rusiyaya olan sevdanı yıxaq ki, yeni yetişən nəslimiz düzgün tərbiyə ilə dövlətinə sahib çıxa bilsin.

Buna görə də bir daha təklifimizə qayıdır və bu istiqamətdə aydınlarımızı, tarixçi alimlərimizi birgə dəyirmi masaların keçirilməsi, petisiya hazırlanması məsələsini müzakirə etməyə çağırıram. Biz iki il öncə bu məsələni gündəmə daşıdıq və bu, bir daha göstərir ki, məsələlərə yanaşmanızın nə qədər obyektiv və əhəmiyyətli olduğu zamanla təsdiqlənir.

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının başqanı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir