KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Amerikanın B planı: Kürdlər

Amerikanın B planı: Kürdlər

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
327 0

Suriyada İŞİD-in “paytaxtını” ala bilməyən Suriya Demokratik Qüvvələri, ya da başqa adı ilə kürdlər 3 gün əvvəl qəfildən cənuba – Deyr əz-Zor şəhərinə doğru irəlilədilər. Hazırda son məlumata əsasən artıq kürd silahlıları Deyr əz-Zor şəhərinin Fərat çayının şərq sahilində olan hissəsini ələ keçirib, çayın sağ sahilinə çatıblar.

Bir neçə gün əvvəl bu mövzuya qismən toxunmuşdum. Kürdlər və Suriya ordusunun Deyr əz-Zoru ələ keçirməsi Suriyanın şərqində strateji məntəqəyə sahiblənmək niyyəti güdürdü. Əslində məntiqlə kürdlər üçün indi vacib olan Raqqanı ələ keçirməkdir, çünki kürd qüvvələri ABŞ ordusunun havadan və qurudan davamlı dəstəyinə rəğmən iki aydan çoxdur ki, Raqqanı ələ keçirə bilmir. İŞİD hələ də bu şəhərin mərkəz məhəllələrində müqavimət göstərir. Baxmayaraq ki, tamamilə mühasirədədir və xarici aləmlə əlaqələri yoxdur.

Kürdlərin qəfil cənuba doğru irəliləyərək Suriya ordusunun Fəratın şərq sahilinə keçməsini əngəlləməyə çalışması, yəni başqa adla Suriya ordusu ilə qarşı-qarşıya gəlməsi ortada daha böyük planın olmasından xəbər verir. Bir az da konkret ifadə etsək, bu kürdlərin planı deyil. Çünki kürdlərin əsas hədəfi Suriya ordusu ilə qarşı-qarşıya gəlmək, Suriya hökuməti ilə münasibətlərdə gərginlik yaratmaqda maraqlı deyil. Çünki kürdlər qarşıda Suriya mərkəzi hökumətindən muxtariyyət əldə edəcəklər. Digər tərəfdən, hazırda kürdlərin nəzarət etdiyi torpaqlar onsuz da müharibədən əvvəlki kürd ərazilərindən dəfələrlə böyükdür və böyük ehtimalla onların bir hissəsini geri qaytarmalıdırlar. O zaman sual olunur, kürdlər nədən qəflətən cənuba – Deyr əz-Zora doğru irəliləyib Suriya ordusunun Fəratın şərq sahilinə keçməsinə mane olmaq istədilər.

Bu sualın cavabını iki gün əvvəl ABŞ koalisiyasının verdiyi açıqlama ilə vermək olar. ABŞ hərbi qüvvələrinin nümayəndəsi bəyan etdi ki, Fərat çayının şərq sahilinə keçəcək Suriya ordusu hərbçiləri atəşə tutulacaq. Açıqlama kifayət qədər açıq idi. Hələlik Suriya və Rusiyanın reaksiyası bəlli deyil, çünki Suriya ordusu hazırda Fəratın qərb sahillərindəki İŞİD nöqtələrini ələ keçirməyə çalışır. Üstəlik müvafiq körpü-keçid texnikaları daşınsa da, Suriya ordusunun Fəratı keçməsi zaman alacaq. Maraqlıdır ki, bu ilin iyununda ABŞ ordusuna Fəratın qərb sahilinə

keçməməklə bağlı xəbərdarlıq edən Rusiyanın indi çayın şərq sahili ilə bağlı reaksiyası məlum deyil.

Deyr əz-Zor eyni adlı mərkəzi ilə Suriyanın şərqində Fərat çayı sahilində yerləşən strateji əhəmiyyətli böyük yaşayış mərkəzidir. Şəhərin əsas hissəsi Fəratın qərb hissəsində olsa da, şərq sahilində də yaşayış məntəqələri var və eləcə də sənaye bölgəsi şərq sahilində yerləşir. Deyr əz-Zorda hava limanı yerləşir və bölgənin əsas mərkəzi hesab olunur. Fəratın şərq sahilinin kürdlərin nəzarətinə keçməsi faktiki olaraq Suriyada İraqda mövcud olan kürd muxtariyyəti ilə eyni böyüklükdə yeni bir kürd bölgəsi deməkdir. Bu prosesin memarı isə görünən odur ki, Vaşinqtondur. Yeri gəlmişkən, Deyr əz-Zor əməliyyatının gedişində Vaşinqton kürdlərə növbəti silah yardımını göndərib.

Məsələ ondadır ki, Vaşinqton hələ 2014-cü ildə bölgədə radikal islamçılar dünyəvi müxalifləri üstələyərək əsas gücə çevrildikdən və İŞİD meydana çıxdıqdan sonra yeni qüvvə axtarışına çıxmışdı. Və üzərində dayandıqları qüvvə kürdlər idi. Çünki Suriya kürdləri İraqdakılardan (baxmayaraq ki, Ərbillə də Vaşinqton arasında əlaqələri güclüdür – K.R.) fərqli olaraq sol meyllidir. İslamçılıq zəifdir, əksinə dünyəvi dəyərlərə daha bağlıdırlar. Jürdlər sürətlə təşkilatlana bildilər və qısa müddətdə İŞİD-ə qarşı uğurlu müqavimət göstərdilər. Üstəlik, kişilərdən ibarət silahlı dəstələrlə yanaşı kürdlər YPJ adlı qadın batalyonları təşkil etdilər. Dünyada və Yaxın Şərqdə bu təcrübə yalnız İsraildə mövcuddur. Digər tərəfdən, kürdlər ərəblər, türkmənlər və digər qruplardan fərqli olaraq Qərbə daha sadiq idilər.

Məhz bu və digər səbəblərdən başda ABŞ olmaqla Qərb ölkələri İŞİD-ə qarşı mübarizədə kürdlərə dəstək verməyə başladılar. Bu əməkdaşlığın ilk nümunəsi Kobani şəhərinin müdafiəsində oldu. 5 ay davam edən aramsız İŞİD hücumları qarşısında kürdlər ABŞ aviasiyasının dəstəyi ilə şəhəri qoruyub saxladılar. Və beləliklə, həmin il Rusiyanın da Suriyada hərbi əməliyyatlara qatılması ilə Bəşər Əsədin devrilməsi planı iflasa uğradı. Qərb artıq Suriya və İraqda “islam terroru” ilə mübarizə elan etmişdi. Əsəd məsələsi isə arxa planda idi. ABŞ Suriyada bütövlükdə hakimiyyətin dəyişməsi planına qarşı olaraq (bu plan səfir Robert Fordun sözlərinə görə, 2013-cü ildə artıq iflas olmuşdu, amerikalıların gözündə – K.R.) bu dəfə “B planını” işə saldılar. Suriyanın şimalında kürdlərin mərkəzində dayandığı yeni federal subyekt yaradılırdı. 2015-ci və 2016-cı illərdə kürdlər Suriyanın şimalında Hataya qədər geniş ərazini nəzarətə aldılar. Daha əvvəl kürdlərin məskunlaşdığı 3 kanton (əyalət – K.R.) 4-cünün yaradılması ilə yeni elan olunan kürd bölgəsinə daxil edildi. Kürd məclisi təşkil olundu, yeni kürd konstitusiyası hazırlandı. Daha sonra isə bölgədəki süryani, ələvi, ərəb (bəzi) və druz qəbilələrinin də qatıldığı “Suriya Demokratik Qüvvələri” elan edildi. Beləliklə, 2016-cı ildə artıq Suriyanın şimalında Türkiyə-Suriya sərhədlərinə nəzarət edən, ABŞ tərəfindən silahlandırılan və təlim verilən faktiki kürd muxtariyyəti meydana çıxdı. ABŞ ordusu kürd bölgəsinə yarısı xüsusi təyinatlı, yarısı isə təlimatçılar olmaqla 1000-ədən artıq əsgər göndərdi. Bu prosesin qarşısını almaq və kürd muxtariyyətini sərhəddən uzaqlaşdırmaq üçün Türkiyə hökuməti 2016-cı il avqustun 24-də “Fərat Kalkanı” əməliyyatını başlatsa da, Vaşinqtonun müdaxiləsindən sonra Türkiyə ordusu kürdlərlə böyük toqquşmaya girə bilmədi və nəticədə 5 ay davam edən əməliyyat sərhəddə 2 min kv.km ərazinin təmizlənməsindən sonra başa çatdı. Və son olaraq kürdlər Suriyanın şərqinə (artıq ənənəvi kürd bölgəsi hesab olunan şimal torpaqlarından xeyli cənuba doğru irəliləyərək) doğru irəliləyərək Deyr əz-Zor sahillərini ələ keçirib. ABŞ isə Suriya ordusuna Fəratın şərq sahilinə keçməməklə bağlı hədə-qorxu gəlir.

Hazırda kürdlərin Suriyada nəzarət etdiyi torpaqlar İraqdakı kürd əraziləri ilə eyni ölçüdədir. Təxminən Ermənistan Respublikası böyüklükdə bir ərazi. Bu ərazi mübahisələrinin gələcəkdə necə həll olunacağı isə məlum deyil. Amma iki şey dəqiqdir. Birincisi, Suriya hökuməti üzərində ciddi təsirə malik olan ruslar kürdlərin Suriyada muxtariyyət əldə etməsinə qarşı deyillər. İkincisi isə Bəşər Əsədin indi və güman ki, gələcəkdə təkbaşına arxasında Amerikanın dayandığı kürdlərlə savaşmaq gücü olmayacaq. ABŞ Suriyada hakimiyyətin dəyişməsinə nail ola bilməsə də, indi şimalında faktiki olaraq böyük bir əraziyə nəzarət edir. Hansı ki, kürd muxtariyyəti hətta savaş bitdikdən sonra belə, Dəməşq, Ankara və Tehranın başı üzərində “Damokl qılıncı” olacaq.

Kənan Rövşənoğlu,

musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir