Tarix boyu müxtəlif millətlərin, dinlərin vətəni olan Azərbaycanın hər bir guşəsində kilsə və sinaqoqlara, məscidlərə, habelə atəşpərəst məbədlərinə rast gəlmək olar. Tarix bir daha təsdiq edir ki, Azərbaycan insanı bütün dövrlərdə ölkədə yaşayan insanlara dini inancına fərq qoymadan yanaşmışlar.”Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.“ Tarix və mədəniyyət abidələri məlum coğrafiyada yaşamış, mübarizə aparmış, qurub yaratmış xalqın milli sərvətidir.
Azərbaycan son dəfə müstəqillik qazandıqdan sonra heç bir müqavimət və maneə hiss etmədən insanlar məscid, kilsə və sinaqoqlara üz tutub sərbəst ibadət etmək imkanını yenidən qazanıblar. Tarixi-dini abidələrə, müqəddəs yerlərə, ziyarətgahlara münasibət–onların bərpası, yenidən qurulması və mühafizəsi Azərbaycan respublikasının din siyasətinin tərkib hissəsidir. Bu, Azərbaycan dövlətinin dinə hörmətinin və milli-mənəvi-dini dəyərlərə qayıdışının göstəricisinə çevrilmişdir. Ona görə ki, Azərbaycanda qanunla “Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir.”
Yəhudi sinaqoqlarına gəlincə, Bakıda köhnə yəhudi məbədinin yerində tikilən yəhudi sinaqoqu Avropada ən böyük sinaqoq sayılır. Sinaqoqun tikintisində Qafqazın müsəlman icmalarının tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası yaxından iştirak ediblər. Yəhudilərin kompakt şəkildə yaşadığı, “Qafqazın Yerusəlimi” adlandırılan Quba rayonu ərazisindəki “Qırmızı qəsəbə”dəki altı günbəzli sinaqoq da bərpa edilib. Azərbaycanda qanunla “onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir.”
Azərbaycan dövləti tərəfindən bərpa edilərək mühafizə olunan digər dini abidə isə Bakının mərkəzindəki Müqəddəs Qriqori erməni kilsəsidir. Hazırda Prezident Kitabxanasının balansında olan erməni kiləsəsində nadir erməni ədəbiyyat fondu və depozitar fond saxlanılır. Azərbaycanın bu kimi dünyada nümunə və analoqu olmayan dövlət tədbiri müqabilində bizim və dünyanın ermənilərdən gördükləri insanları dəhşətə gətirir.
İşğalçı ermənilər tərəfindən dağıdılan, donuz tövləsi kimi istifadə edilməklə təhqir olunan, heyvan tövləsi kimi istifadə edilən məscidlərimiz də vardır. Amma erməni kilsələrinə münasibətdə analoji münasibət göstərən bir nəfər azərbaycanlıya rast gələ bilməzsən. Harada tarixən erməni dini məbədi olmuşsa bu günə qədər Azərbaycan ərazisində “dövlət tərəfindən qorunur” lövhəsi vurulmuş və mühafizə edilir.
Ən demokratik və insani cəmiyyət odur ki, bir dövlətin çatısı altında müxtəlif millətlər olduğu kimi, müxtəlif dini etiqadlar da birlikdə yaşasınlar. Əslində belə yanaşmaq lazımdır ki, bütün insanlar və dini inanclar dünya adlı bir ağacın budağlarıdır. Ona görə də onlar harada olmasından asılı olmayaraq bir-birinə hörmət etməli, ideal birgəyaşayış qaydalarının yerinə yetirilməsinə nail olmalıdırlar. Lakin bir çox hallarda fərqli yanaşmaların şahidi oluruq. Onun təzahür forması yerinə görə müxtəlifdir.
Obyekt millət, etnik qrup olduğu kimi dini ibadət yerləri, abilər də olur. Belə olduqda bir sıra dövlətlərdə, xüsusi il də Ermənistanda “yaxşı”“pis” dini abidə yanaşması meydana çıxır. Nəticə ondan ibarət olur ki, “pis” qrupa daxil edilən dinlərin bütün təzahür formaları-abidələri yasaq edilir. Hətta Ermənistanda “günahı yalnız müsəlmanlıq” olan yüzlərlə abidələr son yüz ildə dünyanın gözü qabağında darmadağın edilib. Bunun əksinə olaraq Azərbaycanda isə qanuna görə “abidələrdən səmərəli istifadə üçün şərait yaradılır.”
İrəvan quberniyası 1918-ci il mayın 29-da ermənilərə başqa torpaqlara iddia etməmək şərti ilə beynəlxalq güclərin tələbi ilə siyasi mərkəz olaraq verildi. Ərazinin əhalisinin əksəriyyəti neçə min illər idi ki, orada yaşayan və quran, dini inancı müsəlman olan Azərbaycan türkləri idi. Ermənilərin Azərbaycan türklərinə və onların mədəniyyət abidələrinə qarşı genosid siyasətini görmək istəyənlər onun son yüz ildə olan erməni tarixinə ötəri nəzər salsın. Bir milyon yarım Azərbaycan türklərindən bu gün Ermənistanda bir nəfər tapa bilməzsən. Ermənilər tərəfindən zor ilə onlar 1000 illərlə yaşadıqları yaratdıqları, qurub tikdikləri torpaqlardan müxtəlif vasitələrlə, əksər halda zor ilə qovuldular.
Onların hazırda Qərbi Azərbaycan adlanan ərazidə neçə min illərdə yaratdığı mədəniyyət abidələri, təsərrüfat tikililəri, yaşayış evləri heç bir əvəz ödənmədən ermənilərə qaldı. Əslində Azərbaycan türkləri Ermənistanı mərhələlərlə tərk etməyə məcbur ediləndə qurulu evləri, banglarda əmanətləri ermənilərə qaldı. Heç bir qanun olmadığından Azərbaycan türklərinin evləri qənimət olaraq ermənilərə paylandı. Banglarda olan əmanətlər isə səlahiyyətlilər tərəfindən mənimsənildi.
Dinsizlik dövrü istisna olmaqla bütün zamanlarda din cəmiyyətin, o cümlədən insanların həyatında mühüm rol oynamışdır. İnam, dini inam da daxil olmaqla beynmizin hər hansı bir məsələyə münasibətinin reallaşmasıdır. İnsanlar inandıqları iş uğrunda mübarizə aparmağa bütün zamanlarda hazır olmuşlar. Hər kəsin həyatı və yaşadığı dünya haqqında inamları var. Qarşılıqlı olaraq bir-birini dəstəkləyən inamlar dini, fəlsəfi və ya ideoloji ola biləcək inam sistemləri yarada bilər. Dinlər bəşəriyyəti mənəviyyatla əlaqələndirən inam sistemləridir. Dindarların müqəddəs yerləri təbii və ya memarlıq abidəsi də ola bilər. Azərbaycan türklərinin Qərbi azərbaycanda müqəddəs yerlərindən ən mühümü neçə min ildə salınmış qəbristanlıqlardır. Qəbristanlıq da şahid olduğu üçün ermənilər tərəfindən vandalcasına məhv edilmişdir.
Din praktikası həmçinin ibadət, tanrı və ya tanrıların fəaliyyətlərinin anılması, qurbanların, bayramların, mərasimlər, ekstaz vəziyyətinin, təşəbbüslərin təşkili, məzarlıq xidmətləri, nikah xidmətləri, meditasiya, musiqi, sənət, rəqs, ictimai xidmət və ya digər aspektləri əhatə edə bilər.
Ermənistnda, o cümlədən 30 il işğal altında saxladığı Dağlıq Qarabağda da ermənilər Azərbaycan türklərinin abidələrinə, xüsusi ilə dini abidələrinə qarşı dözümsüzlük göstərmişdir. Ermənistanda olduğu kimi işğal altında olan Qarabağda da dini yerlər, xüsusi ilə məscidlər və qəbristanlıqlar məhv edilmişlər. Ermənilərin torpağın sahibi olanların izini itirmək metodikasına məscidlərin və qəbristanlıqların məhv edillməsi daxildir.
Bu günlərdə çox maraqlı beynəlxalq hadisə baş vermişdir. Əslində bu beynəlxalq hadisənin mahiyyətində ermənilərin Beynəlxalq dini milli birliklərdən Vətən müharibəsində qalib gəlmiş Azərbaycana qarşı istifadə etmək durur. Ermənistan minaların əsarətində olan bölgələrdəki abidələrin qorunması ilə əlaqədar bizi günahlandırmağa cəhd göstərir. Bunun bariz nümunəsi erməni din xadimlərinin Amerika Yəhudi Komitəsinə müraciət etməsidir. Müraciətin mahiyyəti bundan ibarət idi ki, erməni din xadimləri Amerika Yəhudi Komitəsinə Azərbaycan tərəfindən azad olunan ərazilərdə, xüsusi ilə dini abidələrlə əlaqədar müraciət etmişdilər. Müraciətlə əlaqədar əvvəlcədən bildirmək lazımdır ki, Amerika Yəhudi Komitəsi erməni din xadimlərinin azad olunmuş ərazilərlə bağlı müraciətinə rədd cavabı veriblər.
Bu günlərdə dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in (Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının) növbədənkənar sessiyası olmuşdur.
Dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAİCİİD-in dini məkanların təhqir edilməsi, dağıdılması hallarına qarı dünya miqyasında mübarizə aparırlar, birmənalı münasibətlərini bildirirlər. KAİCİİD-in sessiyasında çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət etdiklərini sessiya iştirakçılarına bildirir. Həmişə olduğu kimi son 100 ildə və son 30 ildə dağıtdıqları abidələrlə əlaqədar ola biləcək cavabdehlikdən qaçmaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Amerika erməniləri Amerika Yəhudi Komitəsindən dəstək almaq üçün iddia edir ki, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması prosesi gedir. Onun qarşısını almağa çağırır. Yalanın böyüklüyünə bax? Minalardan xilas edilməmiş mədəniyyət abidələrinin qorunması ilə əlaqədar qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Amerika erməniləri Amerika Yəhudi Komitəsindən təşkilatın sessiyasında məlumat və bəyanat verməsini təhrik ediblər. Amerika Yəhudi Komitəsindən olan nümayəndələr ermənilərin bu tələbləri haqqında sesiyaya məlumat veriblər.
Çox maraqlıdır ki, Amerika Yəhudi Komitəsindən olanlar da ermənilərin bütün məsələlər ilə əlaqədar yalan faktlardan istifadə etdiklərinə və dünyada yaymağa çalışdıqlarına inanırlar. David Rosen qeyd edib ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub. David Rosen Direktorlar Şurasında KAİCİİD tribunasından edilən mütəmadi çıxışlarda Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirib.
Azərbaycan dövləti Ermənista nın 30 illik işğalı ilə əlaqədar olaraq – bu illər ərzində öz torpağında əsir abidələrə çevrilən tarixi-dini abidələrə-məscid, ziyarətgah, kilsə və monastrlarına erməni təcavüzü ilə əlaqədar olaraq yardım əlini uzada bilməyib. Onu da qeyd etməliyik ki, bir çox hallarda sanki xəbəri yoxmuş kimi beynəlxalq təşkilatlar da erməni vandalizminə “yox!” deməmişdir.
Lakin maraqlı olan budur ki, ermənilər faktiki olaraq dini abidələrdən təcavüz vasitəsi-erməni-azərbaycanlı münasibətlərini gərginləşdirmək vasitəsi kimi istifadə edirlər. Azərbaycan 44 günlük qalibiyyətli Vətən müharibəsi ilə 30 il işğalda olan torpaqları azad etdikdən sonra Ermənistanın Kəlbecərdə və başqa yerlərdə olan erməni kilsələrini ibadət etmək yadına düşür. Bu, “ibadət sindromu” münasibətləri gərginləşdirib, onun ictimailəşdirilmə sindən başqa bir şey deyildir. Ermənistan Gəncəyə dəfələrlə raket zərbəsi endirdiyi günlərdə dünyaya şikayət edir ki, “Şuşada erməni məbədinin divarlarında uçuqlar əmələ gəlib.” Buna deyirlər ki, öz güzündə tiri görməyib başqasının gözündə tükü seçir.
Professor Həsənbala Sadıqov
Azərbaycan respublikasının Əməkdar müəllimi
Azərbaycan
1