Rusiya Ukraynanın suveren ərazilərində qurduğu oyuncaq “respublikaları” (DNR və LNR) müstəqil dövlət kimi tanıdı. Bu isə suveren Ukrayna ərazisini qoparıb işğal etmək cəhdidir. Dünyada özünə hörmət edən heç bir normal dövlət Donbasın Ukraynadan qoparılmasını tanımayacaq. Ukrayna ərazilərinin işğalı Rusiyanın beynəlxalq təcridini daha da gücləndirəcək. Azərbaycan bundan sonra da Donetsk və Luqanskı Ukrayna ərazisi kimi tanımaqda davam etməlidir.
Təəssüf ki, tam da belə bir vaxtda Rusiya tərəfi məlumat yayıb ki, İlham Əliyevin artıq başlanmış Moskva səfərində Azərbaycanla Rusiya arasında müttəfiqlik haqda bəyanat imzalanacaq. Bəyanatın məzmunu bizə hələ məlum deyil. Bəyanatın məzmununu bildikdən sonra sənədi daha hərtərəfli qiymətləndirmək mümkün olacaq. Ancaq indidən də bəzi qənaətlərə gəlmək olar.
Əvvəla, Rusiya ilə də müttəfiqlik haqda bəyanat imzalamaqla Azərbaycan hakimiyyəti
Türkiyə ilə müttəfiqlik haqda Şuşa bəyannaməsinin xeyli dərəcədə əhəmiyyətsizləşdirmiş olacaq. Azərbaycan hakimiyyəti Rusiya və Türkiyə ilə yenidən bərabər məsafədə dayanmaqla faktiki olaraq Şuşa bəyannaməsindən əvvəlki dövrə qayıtmış olacaq.
Biz əlbəttə ki, Rusiya ilə münaqişə istəmirik. Onunla normal, qarşılıqlı faydalı münasibətlərdən yanayıq. Ancaq bu o demək deyil ki, Qarabağ üzərində suverenliyimizin bərpasına imkan verməyən, Azərbaycanın təbii strateji tərafdaşları olan Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini işğal edən ölkə ilə biz rəsmi müttəfiq olmalıyıq.
Rusiya ilə elan olunacaq müttəfiqlik təəssüf ki, Azərbaycanın müstəqilliyinə təhlükəni, Rusiyanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq imkanlarını artıracaq, Azərbaycanın özünün beynəlxalq aləmdən təcridini sürətləndirəcək, Azərbaycanın beynəlxalq əlaqələrinə zərər vuracaq. Elan olunacaq müttəfiqlik iki dövlətin yox, daha çox Rusiya və Azərbaycan hakimiyyətlərinin müttəfiqliyi olacaq. Xalqımız ərazi bütövlüyümüzə və milli müstəqilliyimizə yaranacaq daha ciddi təhlükələri dəf etməyə hazır olmalıdır.
Ali Kerimli