KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kerimli: Rusiya İlham Əliyevdən nə istədi

Ali Kerimli: Rusiya İlham Əliyevdən nə istədi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
409 0

Rusiya İlham Əliyevdən nə istədi ki, Əliyev vermədi, Rusiya da İlham Əliyevi Jirinovskinin dililə hədələdi?
Rusiya məhz İlham Əliyevin Rusiyapərəst siyasəti sayəsində regionda mövqelərini möhkəmlədib. 28 illik aradan sonra Rusiya ordusunu torpaqlarımıza yenidən qaytaran da Əliyev olub. Putin və Əliyev Qərbin, demokratik idarəetmənin regiona buraxılmaması istiqamətində də hər zaman eyni mövqedə olublar. Əliyev Rusiyanın könlü xoş olsun deyə oradan milyardlarla dollarlıq əksəriyyəti köhnə, yararsız olan silahlar alıb. Özümüzün pula, sərmayəyə ehtiyacımız olduğu halda xalqımızın boğazından kəsib, Rusiyada turizmin və bütövlükdə iqtisadiyyatın inkişafına milyardlarla dollarlıq sərmayə qoyub. Rusiya başımıza İsgəndər raketləri atdıranda da susub. Ümumiyyətlə, Əliyevin Rusiyaya etdiyi güzəştləri saymaqla qurtarmaq olmaz. Bəs o zaman Rusiya nəyə görə belə narazı qalıb? Rusiya nə istəyib ki, İlham Əliyev onu verməyə razılaşa bilməyib?
Məncə, söhbət birmənalı geopolitik seçim tələbindən gedir. Türkiyənin də parçası olduğu böyük Qərbin Cənubi Qafqazda və ümumiyyətlə keçmiş Sovet məkanında fəallaşması Rusiyanı narahat edir. Rusiya yaxın saydığı dövlətləri özünə birmənalı şəkildə – Belarussayağı bağlamaq istəyir. İlham Əliyevdən də görünür Qərblə, ilk növbədə ABŞ və Avropa Birliyi ilə körpüləri yandırmaq tələb olunur. Hətta Rusiyanın belə Jirinovskinin dili ilə diktator adlandırdığı İlham Əliyev isə başa düşür ki, Qərblə körpüləri tamamilə yandırmaq iqtidar komandasına qarşı beynəlxal sanksiyaların yolunu açar. Proses hansısa mərhələdə ofşor hesablarda gizlədilən 10 milyardlarla dollara da çata bilər. Bütün bunları gözə almaq isə İlham Əliyev üçün çox çətindir. Ona görə də Jirinovskinin əvvəlki təhqirlərini udmuş Azərbaycan hakimiyyəti bu dəfə onun hədələrinə nota ilə cavab verdi. Ancaq Rusiya da asanlıqla əl çəkməyəcək. Azərbaycan hakimiyyəti əvvəl-axır seçim etməlidir. İndi çox nadir hallardan biridir ki, Azərbaycanın dövlət marağı ilə Əliyevin şəxsi marağı üst-üstə düşür. Rusiyanın regiondakı forpostu olub dünyanın inkişaf etmiş kəsimi ilə körpüləri yandırmaq qətiyyən olmaz. Avropa Birliyilə Strateji Tərəfdaşlıq sazişini nəhayət, imzalamaq, Türkiyə, ABŞ, Böyük Britaniya və bütövlükdə demokratik dünya ilə münasibətləri dərinləşdirmək lazımdır. Ancaq bunu da edə bilmək üçün xalqla düşmənçiliyi dayandırmaq, fundamental hüquq və azadlıqlara hörmət etmək lazımdır.
Unutmayaq ki, Jirinovski də, ondan əvvəl Rusiya Dövlət Dumasının vitse-spikeri Tolstoy da Azərbaycanı hədələyəndə cümlələrini təqribən “Qarabağdakı Rusiya sülhməramlılarına qarşı bir şey olarsa” sözlərilə başlamışdılar. Bununla da Rusiya rəsmiləri özləri də etiraf etmişdilər ki, Qarabağa yeridilən “sülhməramlılar” dövlətimizə yerləşdirilmiş gec partlayan çox güclü minadır. İndi ilk iş həmin minadan xilas olmaqdır. Rusiya “sülhməramlılarını” ölkəmizdən ən qısa müddətdə çıxarmaq lazımdır ki, sonra bizə qarşı istifadə edilə bilməsin.
Ali Kerimli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir