KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ali Kerimli: Rusiya hərbi cəhətdən məğlub edilmədən

Ali Kerimli: Rusiya hərbi cəhətdən məğlub edilmədən

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
42 0

Rusiya hərbi cəhətdən məğlub edilmədən Ukrayna ilə müharibənin dondurulmasına nail olsa, gələcəkdə yeni və daha böyük müharibə qaçılmaz olacaq.

Heç kim düşünməsin ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşda əsas məqsədi Ukrayna torpaqlarının bir hissəsini işğal etmək idi və Rusiyaya bir qədər torpaq güzəşti etməklə müharibəni bitirmək olar.

Əlbəttə ki, hazırda Rusiya Ukraynanın maksimum çox ərazilərini işğal etmək və işğalda saxlamaq istəyir. Ancaq bu torpaq işğalı Rusiya üçün əsas məqsəd yox, əsas məqsədə çatmaq vasitəsidir. Rusiya heç özünün ucsuz – bucaqsız torpaqlarından belə səmərəli istifadə edə bilmir.

2014-cü ildə Ukraynaya qarşı birinci savaşı başladan zaman Putinin əsas məqsədi özünün qeyri-məhdud hakimiyyətini ömürlük davam etdirmək, hətta özündən sonra da hakimiyyətin onun seçdiyi varis tərəfindən davam etdirilməsini təmin etmək idi. Moskvada Bolotnaya meydanındakı mitinqdə Rusiyada demokratik müxalifətin xeyli güclü olduğu üzə çıxandan sonra Putin ciddi narahat olmuşdu. Ukraynada baş vermiş Maydan hərəkatı isə onu və ətrafını qorxutmuşdu ki, heç bir tədbir görülməsə, günlərin birində Qızıl meydanda da Maydan hərəkatı baş verə bilər. 2014-cü ildə Rusiyanın Krımı, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal etməsi məhz Rusiyanın özünü Maydandan sığortalamaq üçün atılmış addımlar idi. Rusiya hakimiyyəti Ukraynanın bir hissəsini özünə birləşdirməklə, ölkə daxilində milli hissləri coşduraraq, imperiya ambisayalarına meydan verərək öz reytinqini artıracağına ümid edirdi (planın bu hissəsi həqiqətən də işləmişdi). Həm də Ukraynanı müharibəyə cəlb etməklə orada demokratik dövlət quruculuğuna mane ola biləcəyinə, demokratiyanı və demokratları xalqın gözündən salacağına və bir gün özünün 5-ci kalonunu yenidən Ukraynada hakimiyyətə gətirəcəyinə ümid bəsləyirdi. Ancaq planın 2-ci hissəsi işləmədi. Ukrayna xalqı demokratiya quruculuğuna çox sədaqətli oldu və Ukraynada demokratiyanı gözdən salmaq mümkün olmadı. Tam əksinə, demokratik Ukrayna Rusiya əhalisini də demokratiyaya çağıran müsbət nümunəyə çevrildi.

Digər tərəfdən isə illər keçdikcə Putinin 2014-cü ildə “Krım naş” şüarı ilə topladığı reytinq əriyir, Aleksey Navalnı rejimə qarşı güclü bir alternativə çevrilirdi. Azalan reytinqi qaldırmaq üçün rusların milli hisslərini yenidən istismar etməyə ehtiyac yaranmışdı. Beynəlxalq şərtlər də belə bir “xüsusi əməliyyat” üçün əlverişli idi.

Xüsusilə də Rusiyanın 2014-cü ildə beynəlxalq hüququ tapdalayaraq Krımı və digər Ukrayna torpaqlarını işğal etməsinə beynəlxalq aləmin dişsiz münasibəti Putini inandırmışdı ki, o, Ukraynaya qarşı bu dəfəki savaşında daha böyük məqsədlərinə, o cümlədən geopolitik məqsədlərinə də ağır itkilər vermədən nail olacaq.

Ona görə də 2022-ci ildə Putin Ukraynaya qarşı yeni savaşa başlayanda plan daha da böyümüş, qarşıya strateji vəzifələr qoyulmuşdu. Əlbəttə ki, 2022-ci ildə Ukraynaya savaş başladılan zaman da məqsədlərin biri Rusiyada milli, imperiya şüarlarını populyarlaşdırmaqla Putin hakimiyyətini ölkə daxilində daha da möhkəmləndirmək idi. Ancaq 2022-ci il savaşında geopolitik motivlər – Qərbi yerində oturtmaq, ABŞ liderliyindəki dünya düzənini dəyişdirmək, çoxqütblü dünya idarəetməsinə, Rusiyanın dünya güc mərkəzlərindən birinə çevrilməsinə, dünyanın yenidən böyük dövlətlər arasında nüfuz dairələrinə bölünməsinə, keçmiş Sovet respublikaları olmuş indiki müstəqil dövlətlərin, Şərqi Avropa ölkələrinin və dünyadakı avtoritar rejimlərin əhatə etdiyi ölkələrin Rusiyanın nüfuz dairəsi kimi qəbul edilməsinə və bu böyük coğrafiyanın faktiki olaraq Rusiya tərəfindən idarə olunmasına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Plana görə Ukraynanın “uğurlu” işğalı Rusiyanı növbəti mərhələyə qaldıracaq və dünyada yeni status – kvo yaradacaqdı.

Lakin Ukrayna xalqının qəhrəman müqaviməti və ABŞ, Avropa İttifaqı, Böyük Britaniya başda olmaqla, müttəfiq Qərb dövlətlərinin hərtərəfli dəstəyi Rusiyanın bu planlarının maksimalist hissələrini sual altına sala bildi.
Rusiyanın Ukraynaya qarşı 3 ilə yaxın davam edən savaşı hazırda Rusiyanı gücləndirmək əvəzinə xeyli zəiflədib. Rusiya nəinki inkişafının növbəti mərhələsinə keçməyib, əksinə ciddi şəkildə təcrid olunub və dünyadakı nüfuz və təsirini xeyli dərəcədə itirib.

Rusiya Qara dənizdə Ukrayna silahlı qüvvələri tərəfindən strateji məğlubiyyətə uğradılıb. İsveç və Finlandiyanın NATO -ya üzv olması ilə Baltik dənizi də faktiki olaraq NATO daxili dənizə çevrilib və Rusiya heç bir döyüşsüz artıq Baltik dənizini də de-fakto uduzub. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi isə Rusiyanı çox güman ki, Aralıq dənizindən də məhrum edəcək. Bütün bunlar işğalçı Rusiyanın Ukrayna ilə savaşda məruz qaldığı strateji itkilərdir.

Rusiya Ukraynaya qarşı savaşda çox böyük hərbi itkilərə də məruz qalıb. Ukrayna xalqı əlbəttə ki, Rusiya əhalisindən sayca dəfələrlə azdır və bu savaşda verdiyi itkilərin nə qədər ağrılı olduğunu onun özü hər kəsdən daha yaxşı bilir. Dünya mətbuatı da Ukraynanın insan – hərbçi gücünün tükənməkdə olduğunu yazır. Ancaq əmin olun ki, Rusiyada hərbi gücün azalması, tükənməsi Ukraynadan heç də az deyil. Bəli, Rusiyanın savaşa əsgər cəlb etmək potensialı Ukraynadan bir neçə dəfə çoxdur. Ancaq Rusiyanın itkiləri də Ukraynadan dəfələrlə çoxdur. Bundan əlavə savaş müddətində Rusiyanı 700 min – 1 milyon nəfər arası potensial hərbi mükəlləfiyyətlilər də tərk edib. Rusiya hazırda Ukrayna ilə savaşan ordusu boyda başqa bir ordunu da strateji qoşun növlərində saxlamağa məcburdur. Rusiyada avtoritar rejimi qorumaq üçün də böyük bir ordu lazım gəlir. 300 min nəfərdən artıq potensial Rusiya hərbçisi də Rosqvardiyada rejimi qorumaqla məşğuldur. Onu demək istəyirəm ki, müharibə üçün insan resursu baxımından da Rusiya böyük itkilərə məruz qalıb və böhranlı vəziyyətdədir.

Rusiya iqtisadiyyatı və maliyyə sistemi də artıq gizlədilməsi mümkün olmayan bir böhrana girib.

Belə bir vəziyyətdə Rusiyanı hərbi cəhətdən məğlub etmək tamamilə realdır. Bunun üçün lazım olan demokratik dünya birliyinin, Ukraynaya müttəfiq olan dövlətlərin Ukraynanı bundan sonra da qətiyyətlə müdafiə etməsi, onu zəruri silahlarla və maliyyə imkanları ilə təmin etməsidir.

Beynəlxalq mətbuatda Ukraynanın bəzi Qərb müttəfiqlərinin Rusiya – Ukrayna savaşından yorulduqları, Ukraynanın Rusiyaya torpaq güzəşti bahasına olsa belə sülhə nail olmalı olduğu barədə fikir və məlumatları böyük təəssüf hissi ilə izləyirəm. Hərbi cəhətdən güclü olan işğalçı dövləti torpaq güzəşti ilə sakitləşdirmək taktikası tarix boyu heç bir işğalçını “sakitləşdirməyib”. Tam əksinə, belə güzəştlər hər zaman işğalçıların iştahasını artırıb, daha böyük torpaq işğalına həvəsləndirib.

Rusiyanın hərbi və iqtisadi gücünün tükənməkdə olduğu bir zamanda ona yaralarını sağaldıb, özünü bərpa etmək üçün vaxt qazandırmaq səhv olardı. Rusiyaya elə bir sülh təklif edilməməlidir ki, Rusiya hakimiyyəti onu öz xalqına qələbə kimi təqdim edə bilsin. Əgər Rusiyaya belə bir sülh təklif edilsə, Putin qarşısına qoyduğu məqsədlərdən ən azı birinə nail olub, Rusiyada öz qeyri-məhdud hakimiyyətini istədiyi qədər davam etdirə biləcək. Bu halda Putin heç yarımçıq qalmış geopolitik iddialarından da vaz keçməyəcək. Yarımçıq qalmış “işləri” başa çatdırmaqdan ötrü müharibənin dondurulmasından Rusiyanın hərbi qüdrətini bərpa etmək üçün istifadə edəcək, anti – Qərb koalisiyası yaratmağa, dünyanın hər yerində avtoritar rejimləri müdafiə edib ətrafında birləşdirməyə, Qərbə qarşı təhdidlər, NATO daxilində parçalanma yaratmağa və əlverişli fürsət yaranacağı təqdirdə Ukraynada “yarımçıq qalmış” işini başa çatdırmağa çalışacaq.

Əminəm ki, Ukrayna liderləri və onun demokratik dövlətlərdən ibarət olan müttəfiqləri bütün bunları yaxşı bilirlər. Ona görə də indi qətiyyət və iradə göstərmək zamanıdır. Ukrayna xalqı gözlərimiz önündə şərəfli tarix yazır. Qəhrəman mübarizəsilə təkcə öz Vətənini yox, həm də bütün dünyada demokratiya və azadlığı qorumuş olur. Ona kömək etmək lazımdır ki, işğalçını torpaqlarından qova bilsin və dünyada təhlükəli bir presidentin yaranmasına imkan verilməsin.

Beynəlxalq hüququ pozaraq, qaydalara uyğun beynəlxalq düzəni tapdalayaraq Ukrayna torpaqlarını işğal etmiş Rusiyaya bu savaşı qələbə ilə başa çatdırmağa imkan vermək böyük səhv olardı.

AXCP sədri Əli Kərimli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir