Brüsseldən ölkələrinə qayıdan kimi Paşinyan da, İlham Əliyev də Putinə zəng edib, Brüssel danışıqları haqda ona məlumat veriblər. Putinin Əliyev və Paşinyanla telefon danışığı haqda Kremlin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda (link şərhdə) danışıqların Paşinyan və Əliyevin təşəbbüsü ilə baş tutduğu xüsusi vurğulanıb.
Problem təkcə o deyil ki, İlham Əliyev və Paşinyan Brüssel danışıqları haqda Putini dərhal məlumatlandırmağa özlərini borc biliblər.
Daha böyük problem odur ki, Əliyevlə Paşinyanın Brüsseldə əldə etdiyi ikitərəfli razılaşmalar Kreml üçün yox sayılır. Kremlin yaydığı rəsmi məlumatda xüsusi qeyd olunur ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 9 dekabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarına, o cümlədən Azərbaycan – Ermənistan sərhəddinin delimitasiyası haqda da üçtərəfli razılaşmalara sadiqdirlər və onları yerinə yetirəcəklər.
Xatırladım ki, Əliyev və Paşinyan ABŞ və AB liderlərinin verdiyi dəstəkdən ürəklənərək Brüsseldə mühüm ikitərəfli razılaşmalar əldə etmişdilər. Əvvəla, sülh razılaşmasını hazırlamaq heç bir üçüncü tərəf olmadan Azərbaycan və Ermənistan Xİ nazırlərinə həvalə olunmuşdu. İkincisi, Əliyevlə Paşinyan razılaşmışdı ki, aprelin sonuna kimi sərhədlərin delimitasiya məsələlərini həll etmək üçün (üçüncü tərəfsiz) işçi qrupu yaradacaqlar.
Kremlin yaydığı məlumatdan isə belə məlum olur ki, Rusiya Əliyevi və Paşinyanı heç bir sülh perspektivi vəd etməyən, yalnız münaqişəni uzatmaq işinə yarayan üçtərəfli (Rusiya – Azərbaycan- Ermənistan) formata qaytarır.
Bir daha təsdiq olunur ki, Cənubi Qafqazda sülhün yaranmasına da, azadlıqların yayılmasına da mane olan Rusiyadır. Rusiyada avtoritarizmin çöküşünə paralel olaraq regionumuza daimi sülh də, demokratik dəyişikliklər də gələcək.
Ali Kerimli