KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kerimli: İlham Əliyev niyə tələsdi? Venesuelada nə baş verir?

Ali Kerimli: İlham Əliyev niyə tələsdi? Venesuelada nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
144 0

 

İlham Əliyev avtoritarlar klubunda yer aldığını bir daha nümayiş etdirdi. Venesuelada seçkilərə hələ yekun vurulmayıb. Ancaq o, həmkarı Maduronu saxta prezident seçkisindən sonra təbrik edən azsaylı (Rusiya, Çin, Belarus, Kuba, Nikaraqua, Boliviya) avtoritar rejim başçıları ilə bir sırada yer aldı. Maduro tələsik özünü 51 faizlə qalib elan etsə də, Venesuela xalqı da, dünya birliyi də bu nəticələri qəbul etmir. 10-larla dövlət Maduronun növbəti saxta seçkisini tanımayacağını artıq bəyan edib. ABŞ, Avropa dövlətləri və xeyli başqa dövlətlər də səslərin yenidən və dəqiq sayılmasını, seçki nəticələrinin Venesuela xalqının iradəsinə uyğun olmasını tələb edir. Seçki prosesi hələ bitməyib.

Maduronun işi həm də ona görə çətindir ki, Venesuela müxalifətinin əlində ölkə üzrə bütün seçki məntəqələrinin 73 faizinin seçki protokollarının surəti var. Həmin protokollara görə Maduro 2.75 milyon səs aldığı halda, müxalifətin namizədi Qonsales 6.27 milyon (iki dəfədən də çox) səs alıb. Məhkəmələr və seçki komissiyası Maduronun nəzarətində olsa da, seçkinin saxtalaşdırıldığının bu qədər daşdan keçən sübutlarını qulaqardına vurmaq elə də asan olmayacaq.

Seçki nəticələrinin saxtalaşdırıldığını görən kimi Venesuela xalqı ölkə boyu kütləvi etiraz aksiyalarına başlayıb. Yeri gəlmişkən, dəqiqləşdirək ki, müxalifət hələ etirazlara çağırmayıb. Hazırda başlanmış, Venesuelada avtoritar rejimin banisi və Madurodan əvvəlki prezident Uqo Çavesin heykəllərini də aşıran etirazlar xalqın öz təşəbbüsüdür (etiraz aksiyalarından videolar şərh bölümündə).

Yada salaq ki, Venesuela müxalifəti bu prezident seçkilərindən əvvəlki 3 seçkini ardıcıl olaraq boykot etmişdi. 2017-ci il Konstitusiya Assambleyasına seçkiləri, 2018-ci il növbədənkənar prezident seçkilərini və 2020-ci il parlament seçkilərini müxalifət azad seçki şəraiti olmadığı üçün boykot etmişdi.
Dünya dövlətlərinin əksəriyyəti də Maduro rejimini və onun müxalifətin iştirakı olmadan keçirdiyi seçkiləri tanımırdı.

Bəs necə oldu ki, müxalifət builki seçkilərə qatıldı?
Venesuelada müxalifətin boykot etdiyi 2018-ci il prezident seçkisindən sonra ABŞ başda olmaqla, demokratik dövlətlər Maduronu prezident kimi tanımaqdan imtina etmişdi. Ozamankı ABŞ prezidenti Tramp Venesuelaya qarşı sərt sanksiyalar tətbiq etmişdi. Venesuela da Azərbaycan kimi, neft satışından asılı olan ölkədir. Neft satışına qoyulan sanksiyalar onun neft ixracını 93 faiz azaltdı. Sanksiya nəticəsində Venesuelada adambaşına düşən ümumi daxili məhsul isə 72 faiz azaldı. Venesuela 4 ilə yaxın davam edən sanksiyalardan 100 milyardlarla dollar itirdi. Ölkədə sosial-iqtisadi böhran dərinləşdi. 8 milyona yaxın venesuelalı dolana bilmədiyi üçün ölkəni tərk etdi. İqtisadi böhran o qədər dərin idi ki, rejim hətta güc strukturlarının belə maaşını verməkdə çətinlik çəkirdi.
Maduro ötən il məcbur olub, müxalifətlə və ABŞ-la dialoqa getdi. 2023-cü ilin oktyabrında Maduro ilə Venesuela müxalifəti arasında razılaşma əldə olundu. Razılaşmaya görə, Maduro 2024-cü ildə prezident seçkilərinin azad və ədalətli şəkildə keçirilməsinə təminat verirdi. ABŞ da Maduro ilə müxalifət arasında əldə olunmuş bu razılaşmaya cavab olaraq Venesuelanın neft sənayesinə sanksiyaları yüngülləşdirdi.
Altını cızaq ki, məhz sanksiyaların ağır nəticələrindən sonra Maduro üzərinə azad və ədalətli seçki keçirmək öhdəliyi götürmüşdü. Müxalifət də fəaliyyət və yarış üçün müəyyən imkanlar əldə etdiyini görüb, builki seçkilərə qatıldı.

Ancaq belə görünür ki, qozbeli həqiqətən də yalnız qəbir düzəldir. Neft satışına qoyulmuş sanksiyaların yumşaldılması nəticəsində əlinə bir az pul keçirmiş Maduro ABŞ başda olmaqla, beynəlxalq birliyi də, öz xalqını da aldatmaq qərarına gəldi. Verdiyi sözü tutmadı. Bu dəfə də seçkini saxtalaşdırdı. Ancaq Venesueladakı seçki prosesi hələ tam bitməyib. Müxalifətin hüquqi yollarla mübarizəsi də, xalqın küçə və meydanlardakı mübarizəsi də davam edir və nə ilə nəticələnəcəyi hələ dəqiq bilinmir. Ancaq dünya birliyinin də, Venesuela xalqının da Maduroya saxtalaşdırdığı seçki nəticələrini və tökdüyü qanları bağışlamayacağı dəqiqdir.
Ali Kerimli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir