Hazırda Gürcüstan hökuməti ölkədə avtoritar rejim qurmağa çalışsa da, hiss olunur ki, bu, artıq mümkün olmayacaq. 2003-cü ildə Mixail Saakaşvilinin liderliyilə həyata keçirilmiş Qızılgül inqilabı, ölkənin 20 il ərzində qismən azad ölkə kimi demokratiya istiqamətində inkişaf etməsi və avrointeqrasiya yönündə irəliləməsi öz bəhrəsini verib. Gürcüstanda demokratiyaya bağlı, Avropaya inteqrasiyaya can atan yeni nəsil yetişib. Həmin nəsil Gürcüstanı Rusiya əsarətində təsəvvür belə etmir. Ötən 20 ildə aparılmış iqtisadi siyasət sayəsində Gürcüstanda hökumətdən asılı olmayan gerçək sahibkarlar təbəqəsi, orta təbəqə formalaşıb. İndi Gürcüstanda Avrointeqrasiyadan imtina etdiyi üçün ölkənin hökumət başçısına qapısını bağlayan restoran sahibləri var. İndi Gürcüstanda müxalifət partiyalarının rəhbərliyində rəsmi milyonçular təmsil olunur. Müstəqil media çox güclüdür. Dövlətin ən mühüm nazirliklərində vəzifə tutan hərbçilər, polislər, səfirlər, nazir müavinləri, idarə rəisləri özünü hakim partiyanın köləsi saymırlar. Tam əksinə, həmin vəzifəli şəxslər, bürokratlar Konstitusiyanı pozaraq avrointeqrasiyadan imtina edən hökumətə açıq etiraz edirlər.
Ötən 20 ildə Gürcüstanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyəti fəalları, tələbələr, universitet müəllimləri və ziyalılar hazırkı etirazların hərəkətverici qüvvəsidir və demokratik Gürcüstan uğrunda, azad seçki uğrunda müxalif siyasi partiyalarla çiyin – çiyinə mübarizə aparırlar.
Ötən 20 ildə Gürcüstan cəmiyyəti strukturlaşıb, çoxpartiyalı sistem formalaşıb.
Ən əsası ötən 20 ildə gürcü xalqı başa düşüb ki, demokratiya, Avropa İttifaqına inteqrasiya azadlığın, ləyaqətli həyatın, üququn aliliyinin, siyasi, iqtisadi və sosial islahatların dərinləşdirilməsinin, iqtisadi rifahın təminatıdır. Gürcüstan əhalisi başa düşür ki, Avropaya inteqrasiya bu ölkənin qarşısında çox böyük imkanlar açacaq. Ölkə məhz Aİ-na qoşulmaqla Rusiya təhlükəsindən birdəfəlik qurtulacaq, ərazi bütövlüyünü də bir gün təmin edəcək. Ona görə də əminəm ki, dost və qonşu Gürcüstanı avrointeqrasiya kursundan geri çevirmək, ölkədə avtoritar rejim qurmaq daha alınmayacaq. Hazırkı beynəlxalq şərtlər də Gürcüstanın avtoritarizmə geri dönüşü üçün əlverişli deyil. ABŞ və Aİ Gürcüstanda demokratik prosesi qətiyyətlə müdafiə edirlər. Avropaya inteqrasiya edən, demokratik və firavan Gürcüstan uğrunda qətiyyətli mübarizə aparan, növbəti dəfə tarix yazan qonşularımıza uğurlar arzulayıram.
Ali Kerimli