Ukrayna xalqının azadlıq və istiqlal savaşının 45 günü arxada qaldı. Ay yarımdır ki, dünya ukraynalıların fenomenal mübarizəsinə şahidlik edir.
Müharibənin ilk günlərini xatırlayaq. İlk növbədə Rusiya özü, sonra da əksər böyük dövlətlər inanırdılar ki, cəmi 2-3 sutkaya Rusiya ordusu Kiyevi işğal edib, savaşın taleyini həll edəcək. Ancaq Ukrayna ordusu bütün bu hesabları yalan çıxardı. Rusiya ordusu böyük itkilər verdiyindən hücum əməliyyatını dayandırmalı oldu. İlk hücumu dəf edilmiş Rusiya rəhbərliyi növbəti hücum üçün səfərbərliyə başladı. İlk növbədə rus xalqını, sonra da bütün dünyanı əmin etməyə başladılar ki, ilk hücumda yarımçıq qalmış işləri ikinci hücumda başa çatdıracaqlar. Ancaq Rusiya Kiyevə ikinci hücumu heç başlamadan məğlub oldu. İtkiləri o qədər böyük oldu ki, Kiyev və bütün şimal bölgələrindən çəkilməli oldular.
Savaşın ilk günləri Ukraynanın haqlı davasına rəğbətlə yanaşan dünya ictimaiyyəti üçün də çətin günlər idi. “Ukrayna bir həftə dözə bilsə…”, “Ukrayna bir ay dözə bilsə…”, “Ukrayna bu hücumu da dəf edə bilsə…” ümidlərilə Ukrayna ay yarımı arxada qoydu və bizim də ümid etdiyimiz kimi, öz mübarizəsilə dünyanı dəyişdi. İndi artıq dünya ay yarım əvvəlki dünya deyil.
Rusiyanın nüvə şantajını ciddiyə alan, Kremlin təbliğatı ilə Rusiya ordusunu çox güclü hesab edib, onunla hesablaşmaq lazım olduğuna inanan bir çox Qərb siyasətçiləri yanaşmalarını sürətlə dəyişməli oldu. Ukrayna dirəniş göstərdikcə, beynəlxalq birlik sanksiyaları artırdı. Sanksiyalar artdıqca Rusiya zəiflədi. Savaşın ilk günlərində qəbul ediləcəyi ağla gəlməyən ən ağır sanksiyalar Ukraynanın yaratdığı yeni reallıqda qəbul edilən oldu. Nəinki ən müasir müdafiə silahları, hətta savaşdan əvvəlki günlərdə veriləcəyi ağla gəlməyən müasir hücum silahları da hazırda Ukraynaya verilir.
Savaşdan əvvəl və savaşın ilk günlərində Rusiya neft və qazından imtinanı təsəvvür belə edə bilməyən Avropa Birliyi tədricən də olsa, Rusiya neft və qazından imtina etmək qərarına gəlir. Savaşdan əvvəl hərbi xarakterli hərəkətlərdən nümayişkaranə şəkildə uzaqda dayanan AB indi Ukraynanı silahlandıran əsas qüvvələrdən biridir. Məhz Ukrayna xalqının möhtəşəm mübarizəsi Rusiyanı mədəni dünyadan təcrid edib, dünyanın demokratik qüvvələrini vahid cəbhədə birləşdirib. Ukraynanın ay yarımlıq möhtəşəm savaşı təkcə Rusiyanı yox, beynəlxal avtoritarizmi küncə sıxıb. Dünyanın hər yerində azadlıq və ədalətin mövqeyini gücləndirib.
Ukraynada savaş hələ bitməyib. Hətta bu müharibənin ən böyük döyüşü olacağı gözlənilən Donbas döyüşü də hələ qarşıdadır. Ancaq bundan sonra nə baş verir versin, dünya daha əvvəlki dünya olmayacaq. Rusiya və ətrafındakı digər avtoritar rejimlərin daha heç vaxt əvvəlki gücü, iddiası və hikkəsi olmayacaq. Ukrayna xalqı öz möhtəşəm mübarizəsilə dünyada azadlıq davasına ikinci nəfəs qazandırdı, tiranların, rejimlərin, zülmlərin sonu başlanmış oldu.
Ali Kerimli