Görün, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT tribunasından hansı şok açıqlamanı verib. Bayramov deyib: “Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik.”
Görürsünüz, Azərbaycanda əlildən, qazidən, uşaqdan, təqaüdçüdən, yoxsuldan kəsilən, oğurlanan pulları özlərinə nüfuz, əlaqə qazanmaq üçün necə rahatlıqla xarici ölkələrə xərcləyirlər?
Vaxtilə Avropa Şurasında “kürü diplomatiyası” üçün də 100 milyonlarla avro xərcləyirdilər. İndi araları dəymiş Fransada kilsə, muzey, meydan qalmamışdı ki, rejim onu təmir etdirməsin. İndi Avropadan üz çeviriblər. Ancaq millətin pulları yenə də xaricilərə paylanır. Bu dəfə daha çox avtoritar rejimlərə. Vaxtilə Avropada qadın futbolunun inkişafına xərclənən pul indi təkpartiyalı Vyetnamda məktəb, diktatura rejimli Konqoda neftayırma zavodu tikintisinə xərclənir.
İstənilən xarici dövlətin rəğbətini, dəstəyini qazanmaq üçün dövlətin böyük miqdarda pulunu xərcləməyə hazırdırlar. Təkcə Azərbaycan xalqına pul xərcləməyə ehtiyac görmürlər. Çünki Azərbaycan xalqından dəstəyi döyə-döyə alırlar, pul xərcləməyə ehtiyac görmürlər. Tam əksinə, düşünürlər ki, Azərbaycan xalqından hələ çox pul çıxarmaq olar. Xalqdan pul çıxarmağın bir “kreativ” yolu da quru sərhədlərini bağlı saxlamaqdır.
Quru sərhədləri bağlı Azərbaycanda Əliyev ailəsinə məxsus “Silk Way Vest” aviaşirkətinin xalis gəliri 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7.7 dəfə artaraq 1 milyard 136 milyon manat təşkil edib. Xalqı soymaq bahasına özləri üçün pul çıxarmağın yollarını görürsünüz, necə yaxşı bilirlər? Hakimiyyətin bütün resursları səfərbər olunub ki, daha çox oğurlaya, iqtidarda daha çox qala bilsinlər.
Ali Kerimli