Azərbaycanda prezident adminstrasiyası tərəfindən idarə olunan mediada, hətta rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində Türkiyə hakimiyyətinə qarşı ağır ittihamlar səsləndirib. (mənbələr şərh bölümündə).
Dövlət qəzetində Türkiyə hakimiyyəti əleyhinə yazılmış yazı haqda digər yazıda bəhs edəcəm. Hələlik isə İlham Əliyevin yandaş mediasını özündən çıxaran səbəblər və bu yandaş media vasitəsilə İlham Əliyevin Türkiyə prezidenti Ərdoğana göndərdiyi mesajlar haqqında.
Azərbaycan hakimiyyətini özündən çıxaran odur ki, Türkiyə də Qərblə birlikdə çalışır ki, Cənubi Qafqazda Putinin davam edən müharibə ssenarisi keçməsin, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansın.
Türkiyə Azərbaycanın da Ermənistanla sülh sazişini tezliklə imzalaması üçün özü də Ermənistanla münasibətləri normallaşdırmağı sürətləndirib. Türkiyə hakimiyyəti Azərbaycan torpaqlarının tamamən işğaldan azad edildiyini əsas götürərək, heç bir ilkin şərt irəli sürmədən Ermənistanla münasibətləri normallaşdırmağa hazırlaşır.
Bununla da İlham Əliyevin planlarını pozmuş olur. Əliyevin yandaş mediası da Türkiyənin məhz bu istəyini hədəf götürərək yazır:
“Türkiyənin Ermənistanla qeydsiz-şərtsiz dialoqa başlaması, layihələr çizməsi, infrastruktur qurması növbəti utopiyadan başqa bir şey deyil”.
Əliyevin yandaş mediası tonu yüksəldərək davam edir: “Ermənistan Türkiyəyə ərazi
iddialarından əl çəkməyib, soyqırım ittihamlarından geri durmayıb, Zəngəzur dəhlizini də açmayıb. Bu nəyin əcələsi, bu nəyin hövsələsizliyi, bu nəyin prinsipsizliyi?”
Görürsünüz, rejimin yandaş mediası dünənə qədər hər cür təriflə öydükləri, Azərbaycanın yeganə müttəfiqi olan Türkiyəni öz cılız maraqları naminə necə asanlıqla prinsipsiz adlandırırlar?
Əliyevin yandaş mediası əsil narazılığını isə bu sözlərlə ifadə edib: ““Qeyd-şərtsiz normallaşma” o deməkdir ki, Türkiyəyə bir yerlərdən ismarıc gəlib.
Əgər Türkiyənin xarici siyasət kursunu yönəldənlər Qərbdəki hansısa xaçlı yürüşü nostalgiyası ilə siyasətçisinin Türkiyəyə deyəcəyi “it is excellent” kəliməsini Azərbaycan toplumunun iradəsindən, sevgisindən və rəyindən üstün tutursa, bu, artıq, Fətullah Gülən yanaşmasıdır.”
Əliyevin yandaş mediası hesab edir ki, Türkiyə məhz ABŞ-ın istəyilə Ermənistanla qeyd – şərtsiz normallaşma prosesini başladıb və bununla da Putin – Əliyev müttəfiqliyinin işini çətinləşdirib.
Rejimin yandaş mediası Türkiyə prezidenti Ərdoğana o qədər acıqlıdır ki, hətta onun hazırda apardığı siyasəti “Fətullah Gülən yanaşması” elan etməkdən də çəkinmir.
Belə məlum olur ki, Azərbaycan hakimiyyəti Türkiyə ilə gərginliyi daha da artıra bilər. Rejimin sifarişi ilə yazılan yazıda Azərbaycan və Türkiyə hakimiyyətləri arasında 2009-cu ildə yaranmış, hətta Türk şəhidliyindən Türkiyə bayrağının yığışdırılmasına belə səbəb olmuş gərginlik də Türkiyə hakimiyyətinə belə xatırladılır:
“Türkiyə və Ermənistan arasında “normallaşma sürəci”nə ilk dəfə start verilmir.
Bir zamanlar birbaşa Azərbaycanın strateji maraqlarının əleyhinə “Sürix prosesi” aparılır, futbol diplomatiyası yürüdülür, prosesə qardaş ərki ilə etiraz edən Azərbaycana qarşı üst pərdədən təpinənlər belə tapılırdı”.
Şübhəsizdir ki, dünən rejimin nəzarətində olan mətbuatın başlatdığı bu gün isə rəsmi dövlət qəzetində davam etdirilən Türkiyə hakimiyyəti əleyhinə yazılar birbaşa İlham Əliyevin tapşırığıdır. Təəssüf ki, Rusiya və Çini əsas müttəfiq seçmiş Azərbaycanın tək adam hakimiyyəti NATO üzvü olan qardaş Türkiyə ilə arasındakı məsafəni artırır.
Rusiya və Çinə sığınıb, bütün dünyanı qarşına almaq, üstəlik də Azərbaycanın hələlik yeganə müttəfiqi olan Türkiyə ilə də münasibətlərə xələl gətirmək əsil anti – milli siyasətdir.
Ali Kerimli