Bu gün – 4 iyun Əbülfəz Elçibəy hakimiyyətini devirmək məqsədilə qiyamın başlandığı gündür. Rusiya kəşfiyyatına işləyən gizli agentlər, hakimiyyətə can atan cinayətkar dəstələr, revanş arzusunda olan keçmiş kommunistlər, burnunun ucundan uzağı görməyən kəmfürsət “siyasətçilər” demokratik Elçibəy hakimiyyətini devirmək üçün birləşmişdilər. Nəticəni bilirsiz. Heydər Əliyev hakimiyyəti ələ keçirdi və ölkəmizdə hələ də davam edən ailə-klan hakimiyyəti quruldu. Ötən 28 ildə ölkənin neft sərvətləri tar-mar edildi. 100 milyard dollara yaxın xalq sərvəti oğurlanıb, xaricdəki ofşor hesablara daşındı. Dünənə qədər heç kim olanlar, cəmiyyətin tör-töküntüləri oliqarx, milyarder oldular. Vicdanlı, ləyaqətli insanlar bu illər ərzində olmazın əziyyətini çəkdilər. Minlərlə insan siyasi məhbus həyatı yaşadı.
Heydər Əliyevin könüllü döyüşən 33 batalyonu ləğv etməsilə daha 6 rayonumuz işğal olundu. Milyona yaxın vətəndaşımız məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
1-ci Qarabağ savaşının minlərlə qəhrəmanı repressiyaya məruz qaldı. 10 minlərlə keçmiş döyüşçü Vətəni tərk edib çörək qazanmaq üçün qərib ölkələrə üz tutdu. Ölkə sərvətləri çox kiçik bir dəstənin əlində cəmləndi. Azərbaycan yaşanmaz hala salındı. Azı 3-5 milyon azərbaycanlı Vətəni tərk etdi. Ölkədə yaşayan milyonlarla insan üçün işsizlik, ehtiyac, yoxsulluq uzunmüddətli həyat tərzinə çevrildi.
Ölkədə siyasət, iqtisadiyyat, seçki, qanun, hüquq, azadlıqlar, demokratiya məhv edildi. Ölkədə təkadam rejimi yarandı. Dünyanın ən repressiv ölkələrindən birinə çevrildik. Parlamentarizm, mətbuat, məhkəmə, təhsil, səhiyyə, sosial müdafiə sistemləri məhv edildi. Xalqımızın mədəniyyəti, ictimai əxlaqımız dəhşətli deqredasiyaya məruz qaldı. Ədalət, ləyaqət, bəşəri dəyərlər hər fürsətdə tapdalandı. Bacarıqlı və qabiliyyətli olanlar yox, vəzifəli qohumu olanlar, rüşvət verənlər, daha utanmadan yaltaqlananlar irəli çəkildi.
Xalqımız itirdiklərinin miqyasını tam olaraq biləndə mütləq yenidən qəddini düzəldəcək. Yenidən taleyinə sahib çıxıb, uzunmüddətli işğalın nəticələrini aradan qaldıracaq. Ədalət günəşi mütləq bir gün parlayacaqdır!
Ali Kerimli