Şimdi yükleniyor

Akshin Karimov: Tramp Rusiya-Ukrayna müharibəsinin sonlandırılmasının memarı kimi çıxış etmək istəyir

 

Tramp müharibənin nəticəsi ilə bağlı ABŞ-nin verəcəyi son qərara yaxınlaşdıqca, bunun Rusiyanın xeyrinə arqumentləşdirilməsi hiss olunur. Rusiya isə müharibə ilə bağlı ABŞ-yə qarşı ittiham dilini əməkdaşlıq və sövdələşmə parametri ilə əvəzləyir. Başqa sözlə, Rusiya Donald Tramp-Vladimir Putin münasibətlərindən sonra Ağ Evlə Kremlə bir-birlərinə qarşı ritorik xətlərini yumşaldır.

Rusiyanın Birbaşa İnvestisiya Fondunun baş direktoru və Kremlin ABŞ ilə danışıqlarda üzrə əsas müzakirəçisi qismində çıxış edən Kirill Dmitriev ABŞ-Rusiya ikitərəfli iqtisadi təkliflərini təkrarlamağa davam edir. Ehtimalla, bu, Ağ Evlə Kremlin danışıqlarda əldə etdiyi şifahi razılıqlara əsaslanır.

Rusiya bu amili ABŞ-ni Ukraynaya “Tomohawk” raketləri vermək qərarından çəkindirmək üçün tərtib edilən güzəşt modeli kimi təqdim edir. Buna baxmayaraq Rusiya ABŞ-yə qarşı təhdid lüğətindən də istifadə edir – ancaq daha ehtiyatla.

Moskvanın “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsi ideyasına niyə qarşı çıxdığını başa düşmək asandır. 2500 kilometrə qədər potensial uçuş məsafəsi ilə bu güclü raketlər Ukrayna ordusuna Rusiyanın dərinliklərindəki hərbi və sənaye obyektlərinə qarşı hazırkı uzaqmənzilli zərbələr kampaniyasını radikal şəkildə genişləndirməyə imkan verə bilər. Bu, Rusiyanın Ukraynadakı hərbi kampaniyasının yaratdığı nəzarət zolağına əsaslı təsir göstərməsə də, proses Vladimir Putinin hakimiyyətinin legitimliyi üçün daxili çatları dərinləşdirə bilər.

Rusiya bunun qarşısını almağa çalışır, ona görə də, ABŞ ilə bağlı mövqeyini yumşaq təhdidlə konstruktiv əməkdaşlıq modeli olaraq hibridləşdirir.

Rusiya hesab edir ki, onun təqdim etdiyi sövdələşmə meyarları ABŞ ilə Rusiya arasında əməkdaşlıq əlaqələrinin intensiv zolağa daxil olmasını qarantiya altına alır. ABŞ-nin də oxşar məntiqi var, üstəlik Vaşinqton maksimum şəkildə Rusiya strateji maraqlarını Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsindən üstün tutur. Deməli, ABŞ-nin də Rusiyadan ehtiyat etdiyi məsələlər az deyil.

Beləliklə, Trampın vasitəçiliyi daha çox Rusiya-Ukrayna cəbhəsində təmas xətlərinin dondurulması üçün atəşin dayandırılması kimi şərh oluna bilər. Ola bilsin ki, Tramp istədiyinə nail olduqdan sonra sonrakı mərhələdə atəşkəs modelini yekun sülhə aparan təqdimat kimi prioritetləşdirsin. Ancaq bunların Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam, ədalətli şəkildə əhatə edəcəyinə dair şübhəli eyhamlar gündəmə gəlir.

Üstəlik, Tramp sülh planına Böyük Britaniyanı, Avropa İttifaqını və Ukraynanı inandırmalıdır ki, bu da çətin və mürəkkəb mövzu kimi görünür.

Share this content:

Yorum gönder