Şimdi yükleniyor

Akshin Karimov: ABŞ-Rusiya: Hadisələr necə oxunur?

 

ABŞ enerjili bir şəkildə güc vasitələri tətbiq etmədən müharibələri nizamlamağa səy göstərən ardıcıl nailiyyətlərə fokuslanıb.

Bu mənada Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə kövrək “sülh” əldə etmək uğurlarını Rusiyanın Ukraynadakı müharibəsini bitirmək üçün tətbiq edən vasitəyə çevirmək istədiyi hiss edilir.
Yəni Tramp administrasiyası ən azı Qəzzadakı münaqişəni sona çatdırmaq üçün ideyalarını Ukraynada sülhə nail olmaq səyləri ilə paralelləşdirir.

Buradan aydın görünür ki, ABŞ ilə Rusiya arasındakı danışıqlarda geosiyasi təsnifat üzrə bölgü aparılır. Ehtimal ki, Ukraynadakı müharibə səbəbilə geosiyasi yorğunluğa düçar olan Rusiya Yaxın Şərqdəki vitrinindən ABŞ-yə güzəştə getmək məcburiyyətini qaçılmaz seçim olaraq dəyərləndirir.

Lakin Rusiyanın ABŞ ilə danışıqların fonunda Balkan regionunda kəşfiyyat fəallığını artırmasına dair həyəcanlı iddialar prosesin nə qədər genişlənəcəyini göstərir. Bu baxımdan Ağ Evin Moskvaya qarşı təzyiqləri gücləndirmək ritorikasını seçməsi tərəflərin əldə etmək istədiyi razılıq modelinin pozulması ilə əlaqəli ola bilər.

Bunlara baxmayaraq hələ də Rusiya ilə ABŞ arasında Ukraynaya dair ortaq strateji maraq formalaşdırmaq cəhdləri kənara çəkilməyib.
Ukrayna üzrə həlledici məqam Kremllə Ağ Evin Yaxın Şərq, postsovet məkanı, Balkan regionu ilə əlaqədar razılaşdırılacaq yekun mövqenin əhəmiyyətindən asılı olacaq.

ABŞ diplomatiyası regionlararası strateji modeli ilə bağlı yanaşmalarda çox fəal, Rusiya isə sönük görünür. Üstəlik, ABŞ son zamanlar Çinin Yaxın Şərqdəki artan geosiyasi fəallığına da meydan oxuyur ki, bu da Vaşinqtonun srategiya dəyişikliyinə işarə edir.
Düşünmək olar ki, ABŞ Çini də Ukrayna münaqişəsinin nizamlanması prosesindən müvəqqəti də olsa kənarda qoya bildi. İndi Vladimir Putin Donald Trampla Çin maraqları o qədər də nəzərə alınmadan danışıqlar aparır.

Lakin Rusiya özünü ondan kənar keçən nəqliyyat dəhlizi layihələrinin iştirakçısına çevirmək niyyətindədir. Burada Azərbaycanın da iştirak etdiyi Orta Dəhlizin komponentlərində ABŞ və Çinin üst-üstə düşən bəzi maraqları Rusiya üçün maneə kimi çıxış etməkdədir. Bu prizmadan Trampın Ukrayna üzrə Putinlə bleflər etməsi anlaşılandır.

Nəticə olaraq isə Rusiyanın yeni dünya nizamında rol alacaq mühüm dəhlizlərə qoşulmasını bloklamaq ABŞ strategiyasında diqqətə alınır.

Rusiya buna görə ABŞ ilə müştərək geoiqtisadi kontekst qurmaq planı ilə gələcəyə yönəlik vizyon hazırlayır. Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru və Kremlin ABŞ ilə danışıqlarda baş müzakirəçisi Kirill Dmitrievə bu tapşırıq verildiyi hiss edilir.

İndi o, ABŞ ilə Rusiyanın çoxvektorlu iqtisadi əlaqələrini qurmaq strategiyasını hazırlamalı və ehtimalla bunun Zəngəzur dəhlizindəki elementlərini düşünməlidir. Bu, Kremlin Dmitriyev qarşısındakı mühüm tapşırığı ola bilər.

Donald Trampla Vladimir Putin arasında danışıqların ikinci raundu hazırda baş tutmasa və ya təxirə salınsa belə, bu, iki liderin gələcəkdə eyni masa ətrafında oturmayacağı mənasını vermir. Çünki Trampın da Putindən güzəşt sahəsi istədiyi başqa bölgə da var ki, bu da Arktika regionudur. ABŞ Arktika regionunda Rusiyanın böyümüş maraqlarını balanslaşdırmaqdan ötrü xeyli resurs sərf edə bilər, bundan əvvəl Trampın Qrenlandiyanı ABŞ ərazisi kimi xarakterizə etməsi elə həmin məqamla əlaqədar idi.

Ancaq Rusiya ilə ABŞ-nin bir-birlərinə qarşı taktiki və strateji uğurlar əldə etmək üçün hansı model seçəcəyi də önəmlidir. Bunun modeli indi Ukrayna üzərindən yaradılır və hadisələrin işığı daha çox regiona yayılır. Başqa bir varianda isə, ABŞ Gürcüstan nümunəsində Rusiyanın genişlənmiş aktivliyinə qarşı ölçü götürəcək.

Share this content:

Yorum gönder