Dünən, yəni bazar günü Rusiya prezidenti Vladimir Putinə Xarici Kəşfiyyat Xidmətinin maraqlı və həyəcanlı bir hesabatı təqdim edilib. Hesabatın müəllifləri iddia edirlər ki, Putinin favoriti olan Taliban Tacikistanı işğal etməyə hazırlaşır. Kəşfiyyat məlumatlarına görə, işğal aprelin ikinci yarısı üçün hazırlanır. Taliban hücum etmək fürsəti qazanıb və əmindir ki, əsas mövcud qüvvə və silahları Ukrayna istiqamətində hərəkət etdirən Rusiya müdaxilə edə və layiqli müqavimət göstərə bilməyəcək.
Hesabatda açıq şəkildə bildirilir ki, Taliban Rusiyanın Tacikistanda onlara qarşı durmaq üçün hərbi imkanlarına şübhə ilə yanaşır və özünün qələbəsinə heç bir şübhə etmir. İndi Taliban keçidlərdə havanın normallaşmasını gözləyir və hücuma hazırlaşır. Onların hesablamalara görə, hücum aprelin ikinci yarısında başlayacaq.
KTMT-nin nüvəsini Rusiya təşkil edir və onun “hərbi gücü” müqavilədə iştirak edən ölkələr üçün çətir rolunu oynamalı idi. İndi Putin Rusiya ordusunun “hərbi gücünün” problemlərini və bu ilin fevralın 24-dən əvvəl hesab edildiyi kimi, dünyanın ən güclü ordularından birinin döyüş tapşırıqlarını həll edə bilməməsini açıq şəkildə nümayiş etdirib. Hədəfi vura bilməyən nəhəngin zəifliyini bütün maraqlı tərəflər gördülər və bundan istifadə edəcəklərinə şübhə yoxdur. Qarabağda baş verənlər, Rusiya Müdafiə Nazirliyinin yalançı açıqlamaları kimi məsələlər digər maraqlı güvvələri də həvəsləndirməkdədir.
Taliban digərləri ilə müqayisədə daha böyük problemdir. Əgər Tacikistan ərazilərinin real zəbt edilməsi baş verərsə, bu, KTMT-nin və hətta Rusiyanın Orta Asiya regionunda uydurulmuş hökmranlıq iddialarının da sonu demək olacaq. Amma hesabatda ən maraqlı məsələ Çinin Taliban hərəkatını Tacikistan ərazilərini ələ keçirməyə təşviq və sövq etməsi ilə bağlı məlumatlardır. Bir çox ekspertlər qeyd edirdilər ki, Putinin təşəbbüsü ilə hər hansı hərbi münaqişə baş verərsə, Rusiyanın süqutundan əsas faydalanan məhz Çin olacaq və bu fikirlər özünü doğrultmaqdadır. Ukraynada müharibəni bitirmək üçün Putinin aprelin sonuna qədər vaxtı var. Əgər genişmiqyaslı müharibə davam edərsə, bunun nəticələri fəlakətli ola bilər və Rusiyanın indiki formada bir dövlət kimi məhv olmaq təhlükəsi reallaşacaq.
Dadaş Ahmadli.
Agil Sametbeyli Kafkassam