Asif Nərimanlı kafkassam için yazdı
Türkiyənin “Zeytun budağı” adını verdiyi əməliyyat başlandı və Afrinin PKK/PYD/YPG terrorçularından təmizlənməsi davam edir. Ankaranın ortaya qoyduğu iradə və türk ordusunun hücum planı əməliyyatın uğurla sona çatacağına şübhə yaratmır. Lakin Afrinin Türkiyənin Suriya siyasətində yeni bir başlanğıcın olacağı ehtimalı da nəzərdən qaçmır. Çünki Afrin əməliyyatı “Fərat qalxanı” və İdlib əməliyyatının davamı olsa da, bölgədəki mənzərə fərqlidir. Xüsusilə, ABŞ-ın “terror dəhlizi” planını həyata keçirmək üçün PYD-yə verdiyi silahlar, 30 minlik ordu məsələsi, ardınca, belə bir ordu qurduğunu təkzib etməsi, türk ordusunun Afrindən sonra İraq sərhədinə qədər bölgəni PYD terrorçularından təmizləmək hədəfi və bütün bunların fonunda Amerikanın hansı addımlar ata biləcəyi buludları daha da qatılaşdırır
Baş verənləri analiz etmək üçün hər şeyə əvvəldən baxmaq və şübhəli suallar üzərində dayanmaq lazımdır: Suriyada İŞİD-in “basdırıldığı”, münaqişənin həlli üçün münbit atmosferin yarandığı bir vaxtda müharibə mənzərəsinin ön plana çıxması ilk diqqətçəkən nöqtədir. Ötən yazımızda qeyd etdiyimiz kimi: Amerika Türkiyə-Rusiya-İran üçlüyünün Suriyada münaqişəni həll etmək üçün həyata keçirdikləri Soçi prosesini sıradan çıxarmaq planını dövriyyəyə salıb və bunun üçün PKK/PYD/YPG terrorçularını Suriya Demokratik Qüvvələri adı altında toplayaraq, “sərhəd mühafizəsi” ordusu yaradır. (Oxu: Afrin əməliyyatı və Suriyada yeni müharibə oyunu).
Lakin Afrin əməliyyatı təkcə “sərhəd ordusu” oyununu pozmaq yox, ümumilikdə Türkiyənin bölgənin taleyinin həll olunmasında öz gücünü ortaya qoymasıdır.
“Sərhəd ordusu”: Bu məsələ ortaya çıxan kimi Türkiyə hərəkətə keçdi. Ərdoğan bu ordunu “terror ordusu” adlandırdı və Vaşinqtona mesaj verdi ki, “terrorçular harada olursa-olsun, vuracağıq, bizi orada bayrağınızı almaq, adamlarınızı basdırmaq məcburiyyətində buraxmayın”. Bu açıqlamadan və türk ordusunun hərəkətə keçməsindən sonra ABŞ dövlət katibi Reks Tillerson “Türkiyənin narahatlığını anlayırıq, PKK ilə mübarizəsini dəstəkləyirik, Afrindəki PYD bizi maraqlandırmır, sərhəd ordusu qurmuruq”, – bəyanatını verdi. Bu, ABŞ-ın geri çəkildiyi, daha doğrusu, geri çəkilmək görüntüsü yaratmasıdır.
Və buradan ilk şübhəli məqam boylanır: ABŞ-ın son üç ildə həyata keçirmək istədiyi və Böyük Yaxın Şərq Planının açar nöqtələrindən olan “terror dəhlizi” (“kürd dəhlizi”: İraqın şimal sərhədindən başlayaraq, Suriyanın şimalı bölgəsindən Aralıq dənizinə qədər olan bölgədə kürdlərin nəzarətini təmin etmək) planından vaz keçməyəcəyi məlumdur. PKK/PYD/YPG terrorçularını Suriya Demokratik Qüvvələrinin (SDQ) damı altında toplayaraq, 30 minlik “sərhəd ordusu” yaratmaq istəyinin də arxasında məhz bu var. Lakin ABŞ “sərhəd ordusu” planını açıqlayacağı təqdirdə, Türkiyənin sərt reaksiya verəcəyini, hətta Afrin əməliyyatına başlayacağını da bilməmiş deyildi. Bəs nə üçün buna getdi?!
Hesab etmək olar ki: Amerika Suriyada Türkiyə-İran-Rusiya üçbucağından Türkiyəni ayırmaq üçün 30 minlik ordu təhdidini gündəmə gətirdi və Ankaraya “istəsək, bunu edə bilərik” mesajını verdi.
Lakin Afrinin ABŞ üçün “kürd dəhlizi” planındakı strateji əhəmiyyəti və bu gün türk ordusunun əməliyyatı fonunda Vaşinqtonun bir mesaj üçün buna gedəcəyi inandırıcı deyil. Deməli, ortada baş verənləri de-şifrə edən başqa qüvvə var.
Amerikanın 30 minlik ordu planını kim ifşa etdi?: Burada diqqətdən qaçan bir detal “sərhəd ordusu”nun qurulacağı xəbərinin hansı media qurumu tərəfindən yayılmasıdır. Xəbəri ilk olaraq “Röyters” agentliyi yaydı. Bu agentlik dünyada əksər xəbərin ilk mənbəsi hesab olunur, lakin məsələyə təkcə xəbərçilik prizmasından baxmaq da doğru olmaz. Ən azından, 30 minlik ordu haqda xəbərin yayılmasında “Röyters”in “ilk mənbə” nüfuzuna yox, agentliyin mənsub olduğu ölkəyə diqqət etmək lazımdır. Böyük Britaniya: Amerikanın planını məhz bu ölkə de-şifrə etdi. Və bu, heç də səbəbsiz deyil. Vaşinqtonda Trampın yəhudi kapitalı ilə hakimiyyətə gəlişindən etibarən, bütün dünyanın ayrılmaz müttəfiq kimi gördüyü Amerika-İngiltərə qarşıdurmasının fitili alovlandırıldı. Qətər böhranı bu qarşıdurmanın ən pik nöqtələrindən biri hesab oluna bilər. İngilislər bir xəbərlə ABŞ-ın planını de-şifrə etdi. Bundan öncə, İngiltərə BBC telekanalı vasitəsilə ABŞ-ın azad etdiyi Rakkada YPG (PYD-nin silahlı qanadı) ilə İŞİD-in əməkdaşlığını ifşa etməsi də təsadüfi deyildi. Əslində İngiltərənin bu prosesdə Türkiyəyə uzaqdan dəstək verdiyi məlumdur.
Fakt qarşısında qalan Amerika “Türkiyənin narahatlığını anlayırıq, PKK ilə mübarizəsini dəstəkləyirik, Afrindəki PYD bizi maraqlandırmır, sərhəd ordusu qurmuruq”, – bəyanatını verməyə məcbur oldu. Amma bu, ABŞ-ın PYD üzərindən planlaşdırdığı oyundan əl çəkdiyi anlamına gəlmir.
Amerika PYD/YPG-ni Suriya masasında ən güclü tərəf olaraq əyləşməsini illər öncədən planlaşdırırdı.
a) Vaşinqtonun nəzarətindəki ən güclü yerli ordu: bunun üçün Türkiyənin bütün etirazlarına rəğmən, PYD-yə İŞİD-lə mübarizə adı altında 4 min TIR-dan artıq silah verilib və bu gün ABŞ “sərhəd ordusu” adından imtina etsə belə, bölgədə əlinin altında güclü “ordu” mövcuddur.
b) PYD-nin Suriyanın ən zəngin neft yataqları olan ərazilərə nəzarətini təmin etmək: hazırda PYD Suriyanın dördə bir hissəsinə nəzarət edir və bu ərazilər şimalda Türkiyə sərhədindən başlamış, cənubda Fəratın çayının hövzəsi boyunca uzanan zəngin ərazilərdir.
c) Şimali İraqdan Suriyanın şimalı boyunca Aralıq dənizinə qədər uzana əraziləri PYD-nin nəzarətinə vermək: Vaşinqton son üç ildə buna çalışır, lakin Türkiyənin “Fərat qalxanı”, ardınca İdlib əməliyyatı bunun qarşısında əngələ çevrildi. Afrin əməliyyatı da bu prosesdə ciddi əhəmiyyətə malikdir.
d) PYD-ni Suriya masasına – Cenevrə danışıqlarına ən güclü tərəf kimi əyləşdirmək: hazırda bunun üzərində iş aparılır.
İlk ilk hədəfə nail olunub: birinci, Amerika silahları ilə silahlandırılmış PYD bölgədə Türkiyə və İrana, həmçinin, Əsəd rejimi üzərindən Suriya daxilindən gələcək Rusiyaya qarşı dura biləcək gücdədir; ikinci, Suriyanın zəngin ərazilərinə nəzarət edir, hansı ki, bu sərvətlər münaqişə həll olunandan sonra Suriyanın inşasında və bölgədən böyük gəlir götürməkdə Vaşinqtona lazım olacaq.
Sonrakı iki hədəf hələlik əlçatmazdır. Lakin Amerika indiki mənzərədə Aralıq dənizinə çıxacaq dəhlizdən imtina etmiş kimi görünür, əvəzində, Suriyanın bölünməsində PYD-ni ən güclü tərəf kimi masaya əyləşdirməyin üzərində işləyir.
Əslində Vaşinqtonun “sərhəd ordusu” məsələsindən tez-tələsik imtina etməsi və Türkiyənin Afrin əməliyyatına qarışmayacağı ilə bağlı açıqlama verərək, “müttəfiqlik prinsipinin əleyhinə çıxmadığı” görüntüsü yaratmasının arxasındakı hədəf burada ortaya çıxır.
Hədəflər:
– Amerika Suriyada yenidən müharibənin alovlanmasını istəyir. Bu, Suriya münaqişəninin həlli üçün Türkiyə-İran-Rusiya üçbucağının başlatdığı Soçi prosesinə əngəl yaradacaq.
– Türkiyəni Suriyada müharibəyə cəlb etmək. Gözlənilən odur ki, Amerika silahlandırdığı PYD-ni Türkiyənin qarşısına çıxaracaq və “müttəfiqi”nin uzunmüddətli “qan itirməsi”nə nail olmağa çalışacaq. Bu, Vaşinqtona Ankaradan istədiklərini almaq imkanı verir, daha doğrusu, okeanın o tayındakılar belə düşünür. Həm də müharibədə zəifləmiş Türkiyə daha sərfəlidir. Mümkündür ki, Türkiyənin Suriyada “qan itirməsi”nə çalışacaq Amerika bundan daxildə Ərdoğan iqtidarına qarşı rıçaq olaraq da istifadə etməyi planlaşdırır.
– Böyük müharibə: Türkiyə Afrindən sonra Menbiçi, daha sonra Fəratın şərq sahillərində PYD nəzarətindəki əraziləri təmizləməyi planlaşdırır. Bu, artıq Amerikanın birbaşa müdaxilə edəcəyi daha şiddətli müharibə deməkdir. Vaşinqtonun Afrin əməliyyatına susması və buna paralel olaraq, Tel Abyed bölgəsinə yeni silahlar göndərərək, PYD qüvvələrini hazırlaması da bunu deməyə əsas verir. Deməli, hədəfdə genişmiqyaslı toqquşmaya hazırlıq aparılır.
– İstisna deyil ki, Amerika bölgədə baş verənləri etnik və məzhəb qarşıdurmasına qədər aparmağı da planlaşdırır. Hazırda Qərb mediasının Afrin əməliyyatını “kürdlərə qarşı müharibə” olaraq təqdim etməsini bu planın bir parçası hesab etmək olar. Xüsusilə terrora qarşı həyata keçirilən Afrin əməliyyatını “kürdlərə qarşı” olaraq təqdim etməyə çalışan Amerika Türkiyə daxilində etnik kürd kartı üzərindən oynaya bilər.
– Və əsas hədəflərdən biri bu toqquşmadan PYD-ni güclü çıxarmaq və Suriya masasında söz sahibinə çevirməkdir.
Amerika buna nail ola biləcəkmi? Bölgədəki situasiya və xüsusilə Türkiyənin göstərdiyi iradə bunun çətin olacağını deməyə əsas verir. Çünki bu gün meydanda daha güclü və iradəli Türkiyə mövcuddur. Afrin əməliyyatı da Türkiyənin öz gücünü göstərməsi baxımından əhəmiyyətlidir.
AFRİN ƏMƏLİYYATININ HƏDƏFLƏRİ: Ankara Afrinlə Aralıq dənizinə çıxarılması planlaşdırılan və Türkiyənin cənub sərhədlərində böyük təhlükəyə çevrilən “terror dəhlizi”nin qarşısında sədd çəkir. Bu, ümumi mənzərədə görünən hədəfdir. Halbuki, Afrin əməliyyatı uğurla başa çatarsa, Türkiyə daha böyük hərbi və siyasi dividendlər əldə edə bilər. Çünki İdlib əməliyyatı uğurla başa çatsa da, Türkiyə Suriyada zəif duruma düşdü. ABŞ Ankaranı Cenevrə danışıqlarından uzaqlaşdırdı, Rusiya isə Soçi prosesində Türkiyəni əngəl olaraq görməyə başladı. Bu baxımdan, Türkiyənin bölgədə əlini gücləndirərək masaya əyləşməsi vacibdir.
1. Türkiyə Afrin, ardınca da Menbiçi təmizləməyi planlaşdırır. Bu, baş tutacağı təqdirdə, “Fərat Qalxanı” ərazisi tamamilə Ankaranın nəzarətinə keçir. Hansı ki, bu, Suriyada strateji əhəmiyyətli Hələbin qərb və şərq cəbhədən Türkiyənin mühasirəsinə düşməsini təmin edəcək. (Əsəd rejiminin Afrin əməliyyatına qarşı çıxmasının səbəblərindən biri də məhz budur).
2. Afrindən sonra Menbiçin ələ keçirilməsi Türkiyəyə Suriyada ABŞ və Rusiya arasında sərhəd olaraq qəbul edilən Fərat çayının şimalına da nəzarət imkanı yaradacaq.
3. Bu iki faktor Türkiyəni ABŞ və Rusiya qarşısında, ümumilikdə Suriya masasında gücləndirəcək.
– “Terror dəhlizi” qurmağı planlaşdıran Amerika Türkiyə ilə hesablaşmağa məcbur olacaq.
– Rusiya Soçi prosesini Türkiyəsiz həll etmək niyyətindən tamamilə əl çəkəcək. Çünki Moskva ABŞ-ı bölgədən çıxarmaq üçün PYD-nin də iştirak etdiyi Soçi görüşünü dəstəkləyir, lakin Türkiyənin mövqeyi Rusiyanı dilemma qarşısına qoyur. Türkiyə Afrin əməliyyatı ilə həm də Rusiyanın tərəddüdlərini aradan qaldıraraq, vazkeçilməz olduğu mövqeyini gücləndirəcək.
Bu baxımdan, Afrin Türkiyənin Suriya siyasətində yeni başlanğıcdır. Ankara qarşıda daha çətin yolların olduğunu da anlayır, lakin bölgədə oynanılan oyunlar Türkiyəyə irəliyə getməkdən və yumruğunu masaya möhkəm vurmaqdan başqa çıxış yolu qoymur.