Tehranın regionda ümumi düşmən elan olunması bir çoxlarını qazandırır
ABŞ-İran münasibətləri təxminən 10 il əvvəlki gərginlik dövrünə qayıdır. Prezident kimi fəaliyyətə başladıqdan sonra İranla nüvə anlaşmasını tənqid edən Donald Tramp mayın 8-də anlaşmadan çıxdığını bəyan etdi. Bununla da rəsmən iki ölkə münasibətləri 10 il əvvəl olduğu kimi, düşmənçilik mərhələsinə geri döndü.
ABŞ İrana qarşı sanksiyaları yenidən bərpa edəcək, hətta tələb olunan şərtlərə əməl etməsə Pompeonun deyimi ilə “tarixdə misli görünməmiş” sanksiyalara məruz qalacaq. Artıq Avropa şirkətləri də ABŞ-ın təzyiqlərindən ehtiyat edərək İranı tərk etməyə hazırlaşır.
Yeri gəlmişkən, ABŞ mətbuatının yazdığına görə, ABŞ-ın sanksiyalarından ehtiyat edərək İranı tərk edən Avropa firmalarının boşaltdığı yerlərə Çin və Rusiya firmaları daxil olur. Məsələn, “The Wall Street Journal” yazır ki, Çinin “China Petroleum&Chemical Corp” şirkəti bu ay öz nümayəndələrini Tehrana göndərərək İranda nəhəng “Yadavaran” neft yatağının istismarı üçün 3 milyard dollarlıq xüsusi saziş bağlamaq niyyətindədir. Halbuki “Royal Dutch Shell PLC” şirkəti müqaviləni bağlamağa çox yaxın idi , lakin sanksiyaların gətirəcəyi risklərdən çəkinərək şirkət geri çəkilməli olub. Bundan başqa Çinin daha bir dövlət nəhəngi – “China National Petroleum Corp.” (CNPC) İrandakı təbii qaz yataqlarının istismarı ilə bağlı 1 milyard dollarlıq sərmayə üçün opsion əldə edib. Əvvəllər bu pulu Fransanın “Total” şirkəti vəd edirdi. Fransızlara təsəlli verən tək şey CNPC-nin “Total”ın partnyoru olmasıdır.
İndi isə belə bir aktual sual meydana çıxır. Nədən ABŞ hakimiyyəti İranla münasibətləri yenidən pozmağa qərar verdi? Əlbəttə, İranda hazırkı hakimiyyətin formalaşdığı 1979-cu il 11 fevral inqilabından sonra onsuz da ABŞ-İran münasibətləri pisləşib, Amerika səfirliyi işğal olunub, Pentaqonun İrana desant əməliyyatı baş verib. Ortada düşmənçilik üçün çox hadisələr olub. Amma 2015-ci ildə Obama administrasiyası sübut etdi ki, siyasətdə əbədi dost və düşmən anlayışı yoxdur. Uzun sürən danışqılardan sonra “altılıq” ölkələri ilə İran arasında anlaşma imzalandı, böyük düşmənçilik unuduldu.
Ancaq aradan 3 il keçməmiş ABŞ-ın yeni prezidenti bu müqavilədən nümayişkaranə surətdə çıxdığını bəyan etdi və ardınca münasibətləri əvvəlki səviyyəyə gətirəcək sanksiyalar gündəmə gəldi. Artıq bir neçə sanksiya qəbul olunub, noyabra qədər isə köhnə sanksiyalar bərpa olunacaq və yeniləri qəbul olunacaq.
ABŞ hökuməti rəsmi olaraq bəyan edib ki, İran nüvə fəaliyyətini tamamilə dayandırmalı, ballistik raket proqramlarını ləğv etməli və nəhayət Yaxın Şərqdəki fəaliyyətlərini, silahlı qruplara dəstəyini dayandırsa, o zaman Tehranla barışa bilər. ancaq aydın məsələdir ki, Tehran bununla razı olmayacaq. Hətta mühafizəkar kəsim nüvə anlaşmasının özünə belə etiraz edirdi, Trampın son qərarını isə top-tüfənglə qarşıladı. Artıq bir çox mühafizəkar siyasətçi nüvə anlaşmasının başa çatdığını bildirir. Yəni praktik olaraq İranın indiki şərtlərdə ABŞ-ın, daha doğrusu Tramp komandasının şərtlərini qəbul etməsi mümkün deyil. O zaman sual yaranır: Münasibətlərin bu şəkildə düşməncəsinə olmasını kim və niyə istəyir?
ABŞ-ın hazırkı administrasiyasının İranla bağlı mövqeyinin arxasında bir neçə amil dayanır. Bu faktorlar və eləcə də maraqlı qüvvələr Ağ Evin bu qədər kəskin dönüş etməsi üçün Trampa təsir göstərirlər. Şübhəsiz ki, bu qərarın arxasında dayanan ən böyük səbəb İranın regionda artan gücüdür. Vaşinqton təbii olaraq Tehranın Yəməndən Livana, Suriyaya qədər yayılan təsir gücündən narahatdır.
Paralel olaraq İsrailin təhlükəsizliyi amilini qeyd etmək lazımdır. Çünki Tehranın dəstəklədiyi qüvvələr, o cümlədən Hizbullah və Həmas, İslami Cihad kimi qruplar İsraili birbaşa təhdid edir. İsrail və onun Vaşinqtondakı dəstəkçiləri də bilir ki, İranın Yaxın Şərqdəki gücü zəiflədilmədikcə İsrail üçün təhlükə qalacaq. Üstəlik 10-15 il əvvəllə müqayisədə bu qruplar daha təhlükəlidir. Hizbullah, Həmas, İslami Cihad kimi silahlı qruplar Suriya müharibəsində və eləcə də İsraillə savaşda ciddi təcrübə toplayıb və böyük miqdarda silah-sursata sahib olublar.
Digər tərəfdən, Suriya savaşının sona yaxınlaşması, Bəşər Əsədin İranın dəstəyi ilə qalib gəlməsi onun üzərində Tehranın daha böyük təsiri deməkdir. Yəni növbəti bir savaşda şübhəsiz ki, Əsəd tərəddüd etmədən qapılarını İsrail əleyhdarı koalisiyaya açacaq və onları hər cür silah və sursatla, hərbi qüvvə ilə təmin edəcək. Yəni Suriya müharibəsi hazırda İsrail üçün ən uğursuz ssenari ilə nəticələnir. Bu səbəbdən də hazırkı sonluq İsrail üçün ciddi risk amilidir. Buna görə də İsrail rəsmiləri Suriyada İŞİD-in qalib gəlməsini İran və dəstəklədiyi qüvvələrin qalib gəlməsindən daha faydalı hesab edir. İranın Suriyada təsirini azaltmaq lazımdır, çünki əks halda müqavimət qrupları daha da fəallaşacaq.
Eyni zamanda İranla münasibətlərin gərginləşməsi, Tehranın “şər üçbucağı”na daxil edilməsi regiondakı ərəb ölkələrini ABŞ-a daha da yaxınlaşdırır. Körfəz ölkələrinə aqressiv İran qarşısında etibarlı və güclü müttəfiq lazımdır. “Yaxşı polis” rolunu isə ABŞ çox gözəl oynayır. Xüsusən də Tramp bu obrazı çox gözəl ifa edir. ABŞ-ın hazırkı administrasiyasına Yaxın Şərqdə daha aktiv fəaliyyət göstərməsi üçün ideoloji və siyasi bri düşmən lazımdır. Belə bir düşmən roluna isə İran çox uyğundur. Bu vəziyyət region da daxil olmaqla neft istehsalçısı olan hər kəsə sərf edir. Bir tərəfdən neft qiymətləri bahalaşır, digər tərəfdən isə silah sənayesi böyük məbləğdə sifarişlər alır. Təkcə ötən ilin may-iyun aylarında Səudiyyə Ərəbistanı və Qətər arasında məlum münaqişə zamanı ABŞ Səudiyyə Ərəbistanından 110, Qətərdən isə 12 milyard dollarlıq silah sifarişi aldı. Siyahıda başqa region ölkələri də var. Yəni istənilən halda bu prosesin qazananları var və baş verənlər maraqların təminatı siyasətidir.
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”