KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ-İran savaşının “cəbhə xətti” – İraq

ABŞ-İran savaşının “cəbhə xətti” – İraq

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
313 0

Bağdad etirazlarının arxasında yatan səbəblər
İraqda etirazlar davam etsə də, dünən bir qədər səngiyib. Ancaq aksiyaların baş verdiyi iri şəhərlərdə gərginlik hələ də qalır. Hökumət ikinci bir qərara qədər böyük şəhərlərdə, o cümlədən paytaxt Bağdadda komendant saatı elan edib.

Qeyd edək ki, İraqda oktyabrın 1-dən başlayan etirazların əsas şüarı işsizlik, yoxsulluq, dövlət xidmətlərinin yarıtmazlığı olub. Hadisələr bir sıra şəhərlərdə toqquşmalara səbəb olub və nəticədə 30-dan çox insan ölüb, 1200 nəfərə yaxın insan isə yaralanıb. Ölənlərdən biri polis əməkdaşıdır. Artıq Bağdad başda olmaqla iri şəhərlərdə dövlət binaları, səfirlik və konsulluqlar İraq ordusu tərəfindən nəzarətə götürülüb.

İraq baş naziri Adil Əbdülmehdi sosial tələbləri haqlı görsə də, bir il ərzində vəziyyətin dəyişməsinin çətin olduğunu bildirib. Baş nazir etirazları nəzərdə tutaraq deyib ki, “iraqlılar dövlətlə dövlətsizlik seçimi arasındadır”.

İraq dövlət televiziyasına açıqlama verən baş nazir etirazçıları provokasiyalara uymamağa çağırıb. Ölkədəki vəziyyətin məsuliyyətini öz üzərinə aldığını deyən baş nazir İraqda ciddi problemlərin olduğunu, ancaq bunları birdən birə aradan qaldırmağın mümkünsüz olduğunu deyib. Lakin vəziyyəti dəyişmək və problemləri zamanla həll etməyin mümkünlüyünü qeyd edib. və daha çox səlahiyyət, hökumətin yenidən qurulması səlahiyyəti istəyib.

Ancaq belə görünür ki, baş nazirə siyasi dəstək olmayacaq. Çünki ötən gün İraq parlament çoxluğunun lideri Müqtəda əs-Sədr öz parlament blokuna müraciət edərək hökuməti yeni iş proqramı tərtib etməyənə qədər parlamentdəki işini dayandırmağa çağırıb. Bu isə faktiki olaraq siyasi böhran xəbərdarlığıdır.

İraqda baş verənlərin əsl səbəbinin ABŞ və İran arasındakı gərginlik olduğu düşünülür. Daha dəqiqi son olayların məhz İraqdakı İrana yaxın qrupların, onların təsir imkanlarını hədəf alması diqqət çəkir. Belə ki, son aksiyalarda İran bayraqları yandırılıb, “Həşd-Şabi” əleyhinə şüarlar səsləndirilib. Eyni zamanda Qərb mediasında İraqda şiə din xadimləri haqqında ifşaedici materiallar yayılıb. Ötən gün isə Nəcəf şəhərində İraqın nüfuzlu şiə din alimi müctəhid Ayətullah Əli Sistaniyə sui-qəsd hazırlayan qrupun ələ keçirildiyi açıqlanıb.

“Həşd-Şabi” komandirləri isə baş verənlərin planlı əməliyyat olduğunu bildirir. İraqdakı etiraz aksiyalarının əsas hədəfində məhz İrana yaxın şəxslər və təşkilatlar olması, bu etirazların idarə olunan proses olduğunu deməyə əsas verir. Məsələ ondadır ki, İraqda həqiqətən də korrupsiya və ciddi şəkildə rüşvətxorluq var. Dövlətin ciddi səviyyədə neft-qaz gəlirləri, eləcə də ehtiyatları olsa da, İraqda hələ də bir sıra sosial xidmətlər, elektrik enerjisi, su təchizatında ciddi problemlər var. Üstəlik korrupsiya geniş yayılıb, dövlət məmurları büdcədən oğurladıqları vəsaitləri götürüb

Məsələ ondadır ki, avqust və sentyabr aylarında İsrail ordusu bir neçə dəfə İraq ərazisindəki “Həşd-Şabi” bölmələrini vurub. Bundan başqa son həftələrdə bir neçə dəfə tanınma işarəsi olmayan təyyarələr İraq-Suriya sərhədində İrana yaxın hərbi birləşmələrin bazalarını vurub. ABŞ, eləcə də İsrail İranın İraq üzərindən. xüsusən də “Həşd-Şabi” vasitəsilə Suriyaya, eləcə də Fələstindəki silahlı qruplara dəstək göndərdiyini nəzərə alaraq bu xətti bağlamağa çalışır. Ümumiyyətlə, ABŞ-ın İraqı işğalından sonra, xüsusən də son 5 ildə İŞİD-in İraqda fəallaşması və buna qarşı İraqda səfərbərlik prosesində İran aktiv iştirak edib. Vaşinqtonun təzyiqlərinə baxmayaraq Bağdad “Həşd-Şabi”ni nəinki buraxmadı, əksinə, bu qruplaşmaya ölkənin ikinci rəsmi ordusu statusu verildi və dövlətin rəsmi hərbi gücünə çevirdi. Ümumilikdə isə İraqda indi həm siyasi, həm də hərbi dairələrdə İranın təsiri var. Lakin eyni zamanda orduda və bürokratiya daxilində Amerikaya yaxın olan, xüsusən də gənclər arasında ABŞ və Qərb dəyərlərinə bağlı qruplar daha çoxdur. Hazırkı aksiyaların avanqardı da məhz bu gənclərdir. ABŞ hazırda İrana qarşı Yaxın Şərqdə mandat müharibəsi aparır. Bu “cəbhənin” ən kəskin nöqtəsi isə İraqdır. Çünki İraq 2003-cü ildən etibarən ABŞ işğalı altındadır. Amma eyni zamanda İraq üzərində İranın ciddi nəzarəti var. Vaşinqtonda və Yaxın Şərqdə yaxşı bilirlər ki, İraq dünyanın ən zəngin enerji ehtiyatlarına malik ölkələrdən biri olmaqla yanaşı İran üçün məhz strateji mövqeyinə görə mühüm əhəmiyyət kəsb edir. İraq həm də İranın ərəb dünyasına açılan qapısıdır. Eyni zamanda hər kəs anlayır ki, İranın həm də ən zəif nöqtələrindən biri də İraqdır. Bu səbəbdən də İranın Yaxın Şərqdə “əl qolunu yığmağa çalışan” böyük güclərin əsas diqqəti İraq üzərindədir. Bir mənada indi İraq İran və rəqibləri arasında əsas döyüş cəbhəsidir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir