KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ-İran qarşıdurmasının yeni mərhələsi

ABŞ-İran qarşıdurmasının yeni mərhələsi

Kafkassam Editör Kafkassam Editör - - 22 dk okuma süresi
273 0

Trampın təzyiq siyasəti niyə nəticə vermədi, hər iki ölkədə prezident dəyişikliyi münasibətlərə necə təsir dəcək?
İran və Azərbaycan arasında ən son qalmaqal (əgər buna qalmaqal demək olarsa) aprelin sonlarında Araz çayı üzərində inşa olunmuş bənd ətrafında baş verdi. Əslində qalmaqal Tehran və Bakı arasında deyil, daha çox Azərbaycan ictimai rəyində növbəti dəfə İrana qarşı etirazlar şəklində özünü göstərdi.
İran tərəfi isə məsələnin hər iki ölkə hökumətləri arasında razılaşdırıldığını, 2016-cı ildə rəsmi müqavilə bağlandığını xatırladaraq mövzunu gündəmə gətirənləri “iki ölkə münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələr” olmaqda ittiham etdi. Səfirlik ictiamiyyət arasında əsas ittiham kimi səsləndirilən Dağlıq Qarabağ separatçı bölgəsinə körpülərin tikilməsi ilə bağlı iradlara cavab olaraq bildirib ki, xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir.
Səfirlik həmçinin sazişdə hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunduğunu, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəyini açıqlayıb (yenə orda).
Rəsmi Bakı isə məsələyə soyuqqanlı yanaşdı. Mayın 6-da rəsmi dövlət xəbər agentliyi “Azərtac”da xarici işlər nazirinin müavini Xələf Xələfovun məsələ ilə bağlı açıqlaması yayıldı. Sitat: “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 2016-cı il 23 fevral tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.
Eyni zamanda o, mətbuatda yer alan körpülərin tikilməsinin sazişə uyğun olduğunu, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul etdiyini qeyd edib. Ancaq bu açıqlama etirazları sakitləşdirmədi.
Məsələ ondadır ki, Araz çayı üzərində bənd tikilməsi hələ sovet zamanı mövcud olub və 1988-ci ildə SSRİ və İran arasında bununla bağlı saziş imzalanıb. Lakin sonradan baş verən hadisələr fonunda layihənin icrası dayanıb. 1993-cü ildə isə o zamankı Azərbaycan prezidenti Əblüfəz Elçibəy Araz çayı üzərində bənd tikintisi layihəsini dayandırıb. 5 il sonra prezident Heydər Əliyev də iranlılara Araz üzərində bənd tikməyə icazə verməyib.
Lakin rəsmi Tehran məsələyə yenidən qayıdıb və 2000-ci illərin əvvəllərində Araz üzərində bəndi tikintisinə başlayıb və 2010-cu ildə tikintini başa çatdırıb. Bundan sonra danışıqlar yenidən başlayıb və 2016-cı ildə Azərbaycan hökuməti ilə müvafiq razılıq əldə olunub. 2016-cı il iyunun 14-də isə Milli Məclis bu sazişi təsdiqləyib.
Ancaq bu layihənin hazırda daha çox Tehranın maraqlarına cavab verməsi, Azərbaycanın bu layihədən faktiki olaraq faydalanması imkanının olmaması ictimai rəydə ciddi narazılıqla qarşılanıb. Bununla bağlı həm Bakıdan, həm də Tehrandan verilən izahatlar ictimai rəyi qane etməyib.
Qeyd edək ki, “Xudafərin” və “Qız Qalası” bəndləri Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran – Azərbaycan sərhəddində Araz və Marazad su bəndlərinin 196 kilometr şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 kilometr şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.
Su bəndi hazırda Azərbaycan-Ermənistan ordusu arasında cəbhə xəttindən 85-90 kilometr qərbdə, Cəbrayıl rayonu ərazisinin cənub-qərbində yerləşir. İranın layihənin Azərbaycan hissəsini 10 kilometrlik təhlükəsizlik zonası ilə dövrələdiyini, erməni qoşunlarının bu zonadan çıxarıldığını, onların yerini isə islam inqilabı keşikçilərinin tutduğu bildirilir.
Bu, iki ölkə arasında ilk olmayan və yəqin ki, sonuncu da olmayacaq fikir ayrılıqlarından biridir. Düzdür, son illərdə “islahatçı” Həsən Ruhani Azərbaycanla münasibətlərin mümkün qədər yaxşı olmasına çalışır, iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər həyata keçirilir, sazişlər imzalanır. Lakin eyni zamanda İranın mühafizəkar cinaha yaxın mediada Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidi məqalələrin də sayı artmaqdadır. Bu mənada Azərbaycana münasibətdə də “islahat” və “mühafizəkar” qanad arasında ənənəvi fərqlilik özünü büruzə verir. Həsən Ruhani Azərbaycana münasibətdə də ənənəvi “islahatçı” metodu ilə yanaşır. Yəni mümkün qədər daha çox dost qazanmaq, xüsusən də qonşularla mülayim münasibətləri, dipolmatik əlaqələri yüksək səviyyədə tutmağa çalışır. ABŞ-ın sanksiyalarının günü-gündən artdığı bir vaxtda qonşularla soyuq münasibət Ruhani hökuməti üçün heç bir halda əlverişli deyil.
***
Məsələ ondadır ki, 2018-ci ilin mayında ABŞ prezidenti 2015-ci ildə iran və “altılıq” ölkələri (ABŞ, Fransa, Britaniya, Rusiya, Çin və Almaniya) arasında imzalanmış nüvə sazişindən çıxıb və ardınca Vaşinqton Tehrana qarşı sərt sanksiyalar qəbul edib. Demək olar ki, ötən müddətdə Tramp administrasiyasının İrana qarşı sanksiyalarının sayı artmaqda davam edib. Tehranın Qərb ölkələri ilə imzaladığı ticarət anlaşmalarının əkəsriyyəti ləğv olunub, neft satışı minimuma enib. Təbii ki, bunlar “qarşılıqsız” olmayıb. Tehran da ABŞ-a qarşı mümkün cavab imkanlarını işə salıb. Regiondakı ABŞ qüvvələrinə qarşı “sıxışdırma” cəhdləri olub. 2019-cu il iyunun 20-də İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Paralel olaraq Vaşinqton Oman körfəzində bri neçə xarici ölkə tankerlərinə hücuma görə İranı ittiham edib.
İran həmçinin öz növbəsində ötən ilin mayında nüvə sazişindən mərhələli olaraq çıxacağını və nüvə fəaliyyətlərni bərpa edəcəyini elan edib. Lakin Tehran Avropa ölkələrinə (Almaniya, Fransa və Britaniya) müraciət edərək sazişi qorumağa, öhdəlikləri əməl etməyə çağırıb. Bu da Tehranın Qərblə qarşıdurmaya gedərək bütün “kartları oynamaq istəmədiyini” göstərirdi.
Ancaq buna qarşılıq olaraq “sahədə” vəziyyət sürətlə pisləşib. 2019-cu ilin aprelində ABŞ İran İnqilab Keşkçiləri Korpusunu, bir müddət sonra isə İran ABŞ ordusunu “terrorçu” elan edib. Bu da hər iki tərəfin bir-birini vurmaq hüququ əldə etdiyini göstərirdi. Oktaybrda İranın regionda ciddi təsir dairəsinə daxil olan İraqda hökumətə və eləcə də İranın təsirinə qarşı etiraz aksiyaları başlayıb və hökumətin noyabrda istefaya getməsi ilə nəticələnib. Paralel olaraq İran tərəfdarları da etiraz aksiyaları keçirib və Vaşinqtonun Bağdaddakı səfirliyinə hücum təşkil olunub.
Bütün bu gərginlik yanvarın 3-də İranın Yaxın Şərqdəki əməliyyatlarıan rəhbərlik edən “Qüds” briqadasının komandiri Qasim Süleymani Bağdadda səfirliyə hücumdan az bir müddət sonra Bağdad hava limanında “Həşd-Şabi” qüvvələrinin əməliyyat komandiri Mehdi əl-Muhəndislə birlikdə ABŞ ordusunun xüsusi əməliyyatı nəticəsində qətlə yetirildi.
Bu hadisəyə cavab olaraq yanvarın 8-də İran ABŞ ordusunun İraqdakı iki hərbi bazasını raket atəşinə tutdu. Bazada rəsmi məlumata görə itki olmasa da, 100-dən çox hərbçi beyin travması aldı. Ümumilikdə Q.Süleymani sui-qəsdindən sonra İraqda ABŞ ordusuan qarşı 20-dək hücum həyata keçirilib. Yalnız “Taci” hərbi bazasına martın 11-də edilən hücum zamanı 3 koalisiya hərbçisi öldürülüb. 12-si isə yaralanıb. Bundan sonra ABŞ ordusu bu hücumu həyata keçirən İraqın “Kətaib Hizbullah” qruplaşmasının bazalarını bombalayıb.
Ən son olaraq bu il aprelin 15-də Bəsrə körfəsində İran katerləri ABŞ hərbi gəmiləri ətrafında bir saat ərzində “təhlükəli manevrlər” edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, hərbi qüvvələrə dənizdə təzyiq edən İran qayıqlarını vurmaq göstərişi verib. Ardınca İran da hərbi gəmilərə yaxınlaşan ABŞ qüvvələrini hədəfə alacağını bəyan edib.
Bu hadisələr və ən nəhayət son günlərdə İranın benzin qıtlığı yaşayan Venesuelaya 5 tankerdə ümumilikdə 1,05 milyon barel yanacaq göndərməsi iki tərəfin qarşılıqlı meydan oxuması prosesinin son etapı sayıla bilər.
Bu hadisəlrə göstərdi ki, Trampın iqtisadi embarqolarla yanaşı tədricən hərbi-siyasi təzyiq vasitəsi ilə İranı tamamilə kənarda qoymaq taktikası ciddi nəticə vermədi. Burda həm də ilin əvvəlindən dünyaya yayılan koronavirus pandemiyası da öz sözünü dedi. Pandemiya dünyada dövlətlərin diqqətini daxili məsələlərə yönəltməklə yanaşı əməkdaşlığı da aktuallaşdırdı.
Eyni zamanda İran Süleymaninin boşalan yerini maksimum dinamik addımlarla doldurmağa çalışdı. Tehranın Suriyada sıxışdırılması qarşısında siyasi manevrləri sürətləndirməsi, həmçinin İraqda uzun sürən prosesin sonunda yeni hökumət qurulmasına nail olunması Tehranın təsirini qorumaq cəhdini göstərirdi. Üstəlik Tramp administrasiyasının İraqdakı məlum hücumlarla eyni dövrdə bir sıra hərbi bazaları boşaldaraq hərbi qüvvələri daha böyük və güclü qorunan bazalara yerləşdirməsi İranın uğuru kimi qiymətləndirildi.
İndi isə ABŞ hökumətinin başı koronavirus, daxili iqtisadi vəziyyət və seçkilərə qarışdığından Tehran üçün ən azı bir illik “nəfəslik” dövrü başlayıb. Tehran eyni zamanda son iki ildə Avropa ölkələrini təhdid etdiyi nüvə anlaşmasından çıxmaq kartından istifadə edəcəyinə ümidlidir. İran hakimiyyəti Avropa ilə razılaşmağa, müəyyən ticarət yumşalmalarına nail olmağa çalışır. Üstəlik koronavirus səbəbi ilə dünya iqtisadiyyatında geriləmə, enerji bazarında durğunluq İran üçün ciddi itkiyə səbəb olmadığı üçün Tehran bu prosesdən daha sağlam çıxdı və üstəlik ötən il sürətlə artan daxili sosial narazılıqlar da təbii olaraq arxa plana keçmiş oldu.
Xatırladaq ki, ötən il 15 noyabrda yanacağın bahalaşmasına qarşı etirazlar ölkədə rejim dəyişikliyi çağırışlarına çevrilib. Beynəlxalq təşkilatların məlumatına görə, İranın onlarla şəhərində baş vermiş altı günlük zorakı etirazlar nəticəsində təxminən 106 nəfər həlak olub.
Lakin Qərb ölkələrində dəstəklənən bu etirazlar hökumtə qüvvələri tərəfindən yatırılıb və növbəti dəfə “içəridən rejim dəyişikliyi” ehtimalı özünü doğrutmayıb.
***
Ancaq qarşıdakı il İran üçün ciddi siyasi sınaqlar dövrü olacaq. Bu il fevralın 21-də İranda parlament seçkiləri keçirilib. Gələn il isə ölkədə prezident seçkiləri keçiriləcək. Fevralda keçirilən parlament seçkiləri mühafizəkarların qələbəsi ilə başa çatıb. 290 yerlik parlamentdə 223 mandat mühafizəkarlar, 16 mandat islahatçılar, 36 mandat isə müstəqil namizədlər qazanıb. Parlament sədri də dəyişib. Tehranın keçmiş meri, ali dini liderə yaxın, keçmiş hərbçi Məhəmməd Baqir Qalibaf İran parlamentinin spikeri seçilib. Mühafizəkarların parlamentdəki üstünlüyü möhkəmlənib.
Seçkilər mühafizəkar cinahın qəti qələbəsi ilə başa çatsa da, pandemiyanın şiddətli dövründə keçirilən seçkilər İslam Respublikası tarixində ən aşağı seçici iştirakı ilə yadda qalıb. Seçicilərin yalnız 42.57 faizi seçkilərdə iştirak edib.
İndi əsas diqqət prezident seçkilərinə yönəlib. Gələn ilki seçkilərdə iki prezidentlik müddəti başa çatan Həsən Ruhani iştirak edə bilməyəcək. İslahat qanadından hazırda əsas namizədlərdən biri kimi rabitə naziri Azəri Cehrominin adı çəkilsə də, bu barədə qərarı Konstitusiya Qoruyucuları Şurası (Şuraye Negahban) verəcək.
Həsən Ruhaninin verdiyi bri sıra vədləri reallaşdıra bilməməsi, Qərblə nüvə anlaşmasının pozulması təkcə onun deyil, bütövlükdə islahat qanadının ünfuzuna ciddi təsir edib. Ənənəvi olaraq xarici siyasətdə gərginliyin yüksəlməsi, xüsusən də Yaxın Şərqdə münaqişələrin dərinləşməsi mühafizəkar qanadı gücləndirir. Ancaq o da var ki, əgər noyabrda ABŞ-da keçirilən seçkilərdə demokratlar qalib gələrsə, bu, İranda islahat qanadı üçün yeni ümidə səbəb ola bilər. Ən azından nüvə sazişinin bərpa olunması, embarqoların yumşaldılması ehtimalı yenidən gündəmə gələ bilər.
İranın mövcud siyasi sistemində dövlətin ən üst məqamında ali dini lider dayanır. Bu mənada ölkənin gələcəyi ilə bağlı analiz və proqnozlarda bir qayda olaraq dini liderin səhhəti, eləcə də növbəti dini liderin kimliyi məsələsi əsas yer tutur.
Bu səbəbdən də müşahidəçilər üçün ölkənin növbəti liderinin kimliyi mövzusu əsas faktor kimi ön sırada yer alır. Çünki ölkənin gələcək dini liderinin Qərbə münasibətdə loyal olan Həsən Ruhani və ya Məhəmməd Xatəmi, yoxsa mühafizəkar qanadın potensial namizədi qatı inqilabçı mühafizəkar, Suriyada döyüş cəbhəsinə gedib səngərə baş çəkən İbrahim Rəisi olması arasında kəskin fərq var.
Hazırda dini lideri potensial varisləri sırasında (mühafizəkar camiədən) İbrahim Rəisi, Müctəba Xameneyi (dini lideri oğlu) və Əli Xomeyninin (İran inqilabı lideri Ayətullah Ruhullah Xomeyninin nəvəsi) adları hallanır.
***
Fakt odur ki, ənənəvi fars-türk münaqişələri, ana dilində tədris və sair kimi mövzulardakı etirazları çıxmaq şərtilə son illərdə İranın ən böyük ikinci etnik qrupu olan Azərbaycan türkləri hakimiyyətə qarşı etirazlarda ciddi fəallaıq göstərməyiblər. Baxmayaraq ki, etirazlar zaman-zaman Azərbaycan əyalətlərinə, o cümlədən Təbriz, Ərdəbil, Zəncan kimi şəhərlərə də yayılıb.
Bunu əsasən iki amillə izah etmək olar. Birincisi, dini liderin etnik azərbaycanlı olması, eləcə də yaxın ətrafında, azərbaycanlıların yüksək vəzifələrə təyinatı kimi “həmşəhri” amili. Hər nə qədər dilə gətirilməsə də bu fakt var və ənənəvi azərbaycanlılar üçün ciddi faktorlardan biri olaraq qalır.
İkincisi, son illərdəki etirazlarda öz sırada və aparıcı rolu digər etnik qruplar, əsasən də farslar, əyalətlərdə isə kürd, ərəb və bəlucların dayanması azərbaycanlılar üçün bu etirazların cəlbediciliyini azaldır. Üstəlik fars müxaliflərin azərbaycanlılarla bağlı ciddi vədlərinin olmaması, daha çox monarxiya tərəfdarlarının önə çıxması bu məsələdə ciddi rol oynayır. Başqa sözlə azərbaycanlılar daha pis hakimiyyətlə qarşılaşmaq riskini gözə almır. Baxmayaraq ki, sosial və siyasi məsələlərlə bağlı azərbaycanlılar arasında hazırkı hakimiyyətdən ciddi narazılıq var.
Digər tərəfdən, ərəb və bəluc qrupları coğrafi olaraq Azərbaycandan uzaq olsa da, kürd faktoru, xüsusən də Urmiya və son illərdə Təbriz ətrafında kürd köçünün atması azərbaycanlıları narahat edir. Bu səbəbdən də kürdlərin separatçı faliyyətləri, ərazi iddiaları azərbaycanlıları onların hökumətə qarşı etirazlarına biganəliyinə səbəb olur. Əksinə, bəzi məqamlarda hökumətin yanında yer ala bilirlər.
Bu mənada İranın növbəti dini liderinin etnik kimliyi (fars olması) Azərbaycan ərazilərində hakimiyyətə münasibətə təsir edə bilər. Bu məsələdə balansı ölkə prezidentinin azərbaycanlı olması (Azəri Cəhromi kimi) faktoru yarada bilər.
Yekun olaraq qarşıdakı bir il İran üçün ciddi sınaq olacaq. Bir sıra beynəlxalq və yerli faktorlar İslam Respublikasının gələcəyi baxımından ciddi əhəmiyyət daşıyacaq. Burda iki əsas hadisə bu ilin noyabrında ABŞ-da və gələn ilin mayında İranda keçiriləcək prezident seçkiləri olacaq. Hər iki seçkinin nəticələri iki ölkə münasibətləri ilə yanaşı regiondakı vəziyyətə də ciddi təsir edəcək. Digər tərəfdən, Trampın maksimim təzyiq və təcrid siyasətinin effekt verməməsi, üstəlik Fələstin-İsrail münaqişəsində gərginliyin yenidən yüksəlməsi (İsrailin Urdun vadisini ilhaq planı və Trampın “əsrin planı”) İran üçün “nəfəsliyi” daha da genişləndirəcək. Bu mərhələdə Vaşinqtonun Tehrana qarşı yeganə kartı yenə də daxildəki sosial narazılıqlar və mümkün etiraz dalğası olacaq.
Digərə tərəfdən, Vaşinqtonun Əfqanıstanda Talibanla anlaşmasından sonra şərq sərhədlərində təhlükənin yüksəlməsinə qarşı İranın Suiryadakı əfqanlardan ibarət “Fatimiyyun” briqadalarından bəzi qrupları Əfqanıstana göndərməsi barədə xəbərlər növbəti ABŞ-İran mandat müharibəsinin Əfqanıstanda ola biləcəyi ehtimalını ciddiləşdirir. Bu isə yaxın aylarda regionda gərginliyin davam edəcəyini deməyə əsas verir.
Kənan Rövşənoğlu
Kafkassam İran masası

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir