KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ-ın yeni kürd dövləti planı: Raqqa paytaxt olacaq

ABŞ-ın yeni kürd dövləti planı: Raqqa paytaxt olacaq

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
393 0

Kafkassam başqanı Hasan Oktay: “Kürdlər bu prosesin məğlub tərəfi olacaq”

Suriyanın şimalında kürd dövləti yarana bilər. Son zamanlar bu iddia Türkiyə və Qərb mediasında tez-tez səslənməyə başlayıb. Əslində bu iddia üçün müəyyən əsaslar da var. Söhbət kürdlərin artıq 4 ildən çoxdur ki, Suriyanın şimalında faktiki olaraq müstəqil özünüidarə kimi fəaliyyət göstərməsindən gedir.

ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması Suriya kürd dövlətinin yaradılacağı xəbərlərinə bir az da ciddiyyət qatır. Məlum olduğu kimi, son 3 ildə, xüsusən də ötən il Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Kürdlər faktiki olaraq ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının silahlı qüvvəsi kimi çıxış edir. Eyni zamanda hazırda rəsmi olaraq min nəfərdən çox Amerika hərbçisi kürdlərə təlim keçir və eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. İndi isə kürdlərin Suriyanın şimalında dövlətinin yaradılacağı xəbərlərinin ardınca sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib. Yeri gəlmişkən, ötən ilin sonlarında ABŞ hərbçilərinin SDQ-nin polis qüvvələrinin yaradılması ilə bağlı proqram başlatdığı haqda xəbərlər yayıldı. Yəni artıq Suriyanın şimalında məclisi, silahlı gücü (bu əsasdır – K.R.), polis və sərhəd qüvvələri olan faktiki kürd dövləti qurulma mərhələsindədir. Bəzi məlumatlara görə, ABŞ ötən ilin oktyabrında İŞİD-dən geri alınmış Raqqa şəhərini yeni yaradılacaq kürd dövlətinin paytaxtı olaraq görmək istəyir.

İki gün əvvəl isə məlum olub ki, ABŞ kürdlərə 30 minlik yeni sərhəd ordusu qurur. BBC “Reuters” agentliyinə istinadən 30 minlik ordunun yarısının SDQ-dən təşkil olunacağını və bir qisminin də Suriya-Türkiyə sərhədlərində yerləşdiriləcəyini yazıb. Bu açıqlama yayıldıqdan qısa müddət sonra təkzib olundu. ABŞ dövlət katibi Reks Tillerson media nümayəndələrinə deyib ki, Vaşinqton Suriyada kürdlər üçün “sərhəd qüvvələri” təşkil etmir. Tillerson deyib ki, məsələ “yanlış anlaşılıb”. ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, İŞİD-in yenidən geri qayıtmasının qarşısını almaq üçün kürdlərə verilən təlimlər davam edəcək, ancaq “yeni ordu və ya sərhəd mühafizəsi” təşkil olunmayacaq.

Ancaq maraqlıdır ki, xarici siyasət idarəsinin rəhbəri elə həmin görüşdə deyib ki, ABŞ ordusu yaxın gələcəkdə Suriyada qalmaqda davam edəcək. O da məlum olub ki, ABŞ-ın hazırda Suriyada 2 min nəfərə yaxın hərbçisi var. Ancaq amerikalıların “təkzibi” inkardan çox, təsdiqə bənzəyir. Çünki iki sutka xəbər bütün dünya mediasında dolaşdıqdan və Türkiyədə ən yüksək səviyyədə etiraz bildirildikdən sonra ABŞ dövlət katibi “yolüstü” jurnalistlərə Suriyada “sərhəd qüvvələri” yaratmadıqlarını, ancaq kürdlərə təlim keçməyə davam edəcəklərini bildirir. Tillersonun açıqlaması daha çox Türkiyəni sakitləşdirməyə hesablanmış hərəkət kimi görünüb.

Məsələ ondadır ki, kürdlərin dövlət və ya ən azından muxtar vilayət qurması kimi bir planları var və bunu gizlətmirlər. Faktiki olaraq bölgədə kürd məclisi və yerli özünüidarəsi də mövcuddur. Ancaq bu hərəkətə qonşu ölkələrin, o cümlədən Suriyanın və Türkiyənin reaksiyası necə olacaq? Türkiyə qonşuluğunda belə bir dövlətin qurulmasına hansı münasibəti göstərəcək?

Bu sualları Türkiyənin nüfuzlu bölgə ekspertlərindən olan, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktaya ünvanladıq. Doğrudanmı belə bir layihə aktualdır, kürdlər dövlət qurur və Amerika onları dəstəkləyəcək?

H.Oktay deyir ki, ABŞ-ın Suriya siyasətində, xüsusən də Obamadan sonra bir narahatlıq hiss olunur. Ekspertin fikrincə, indiki Ağ Ev kabineti Obamanın siyasi kursundan imtina edib, Türkiyə isə indi ABŞ-ın yanlış siyasətinə alət olmamaq üçün variantların sayını artırmağa çalışır: “Bu vəziyyətdə ABŞ Türkiyəni müttəfiqlikdən qaçırmamaq üçün Ankaraya qarşı blef deyə biləcəyimiz PYD/YPG kartını işə salıb. Zahirən belə görünür ki, ABŞ tezislərini, narahatlıqları və prioritetləri bir tərəfə qoyaraq Suriyanın şimalında təhlükəsizlik zonası, ya da kürd muxtariyyəti və ya dövləti quracaqmış kimi görüntü yaradır. Bu, açıq şəkildə Türkiyəyə qarşı bir blefdir. Bölgədə Türkiyənin maraqlarına zidd olan hansısa fəaliyyət, ya da muxtariyyət qurula bilməz. Qurulsa da yaşaya bilməz. ABŞ bu kartı, sadəcə, Türkiyəyə təzyiq etmək, onu öz yanında saxlamaq üçün blef edir. Bir kürd dövlətinin qurulmasına indi heç kim icazə verməz”.

Kürdlər dövlət və ya muxtariyyət elan edərlərsə, Türkiyənin buna reaksiyası necə olacaq? Hasan Oktay deyir ki, Suriyanın şimalında kürd dövləti, yoxsa muxtariyyətinin qurulacağı sualının cavabı Türkiyənin ABŞ, yoxsa Rusiya ilə müttəfiq olacağı sualında gizlənib: “Türkiyə və ABŞ arasında problem həllini taparsa, Vaşinqton kürd kartı ilə blef etməyi dayandıracaq, ancaq bu zaman Türkiyənin Rusiya ilə münasibətləri zədələnəcək. ABŞ-Rusiya münasibətləri qarşıdakı dövrdə daha da həssas mərhələyə qədəm qoyacaq. Bu səbəbdən də Türkiyə soyuqqanlılıqla israrlı mövqeyini davam etdirəcək. ABŞ ən son olaraq ”Afrin bizim əməliyyat bölgəmizdir” kimi açıqlama verməklə əslində bizim arqumentimizi təsdiqləyir. Ancaq düşünürəm ki. Vaşinqtonun Türkiyəyə qarşı blefi öz əlində parlayacaq”.

Bəs Türkiyənin hazırkı müttəfiqləri, o cümlədən Rusiyanın və İranın reaksiyası necə olacaq? Növbəti mərhələdə Suriyada kürdlərlə müharibə ola bilərmi?

Hasan Oktay deyir ki, kürdlərin bu mərhələdən qalib çıxacağı mümkün deyil: “Kürdlər bu prosesin məğlub tərəfi olacaq. Rusiya Afrin məsələsində qeyri-rəsmi olaraq Türkiyəyə dəstək verir. Bununla da ABŞ-Rusiya rəqabətində Türkiyənin önəmi bir qədər də qabarıq görünməyə başlayıb. Kürd dövləti və ya muxtariyyəti Suriyanın ərazi bütövlüyü çərçivəsində dəyərləndirilməlidir. Məlum olduğu kimi, Türkiyə, İran və Rusiya Suriyanın ərazi bütövlüyünə qərarlıdır. Hazırda Türkiyə, İran və Rusiyanın Suriyada anlaşa bilmədiyi ən əsas məsələ Əsədin gələcək taleyidir. Türkiyə Əsəd mövzusunda tələblərini davam etdirdiyi üçün bunun ABŞ-ın siyasəti olmadığını ortaya qoymalıdır. ABŞ-la müttəfiq olduğu dövrdəki siyasəti dəyişdirdiyi, Suriyada sülhün, hüququn və insan haqlarının hakim olması üçün yeni siyasi konsepsiya ortaya qoymaq istiqamətində davam edəcəkdir. ABŞ və Rusiya arasında körpü rolunu oynaya biləcək potensiala sahib olan Türkiyə Suriyada sülhün əldə olunmasında ən əsas oyunçulardan biridir. Hazırda Afrin kimi mövzularla Türkiyənin başını qatırlar. Türkiyə müharibə aparmaqla deyil, diplomatiya ilə regionda sülhü təmin edəcək gücə sahibdir”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir