Ekspertlər bunun ilk növbədə İranla mümkün müharibəyə hesablandığını düşünür…
ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Bu barədə məlumatı Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramı məlumat yayıb.
Ayrılmış 101 milyon 515 min dolların bir hissəsi Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Bura tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Məbləğin bir hissəsi isə Xəzərdə təhlükəsizlik məsələlərinə və insan hüquqlarının inkişafına yönəlib.
Qeyd edək ki, 3 il əvvələ qədər ABŞ Azərbaycana və Ermənistana 2-3 civarında yardım ayrılıb. Belə ki, Azərbaycan 2018-ci ildə 58,6 milyon dollar, 2019-da isə 42,9 milyon dollar yardım alıb. Lakin bu rəqəmlər 2016-2017-ci illərdə 3 milyon dolları ötməyib. İndi isə birdən-birə məbləğ kəskin şəkildə yüksəlib. Özü də yalnız Azərbaycan üçün. ABŞ tərəfindən Ermənistana maliyyə dəstəyi 2018-ci ildə 4,2 milyon dollar, 2019-cu ildə 2,8 milyon dollar, 2020-ci isə 2,1 milyon dollar planlaşdırılıb.
Göründüyü kimi, Azərbaycan ilk dəfə olaraq ciddi şəkildə fərqləndirilib və ABŞ prezidentinin qərarında ayrılan yardımın istiqaməti də göstərilib.
Deputat Rasim Musabəyov 1news.az saytına bildirib ki, ABŞ hökumətinin ayırdığı yardımın Ermənistan-Azərbaycan münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Musabəyovun sözlərinə görə, maliyyə vəsaitinə “Caspian Guard” (“Xəzər keşikçisi”) təhlükəsizlik layihəsi çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan da cəlb olunub. Layihə Bakı ilə Nursultanın (keçmiş Astana şəhərinin ) sərhədlərdə təhlükəsizliyin artırılmasına, terrorizm təhdidlərinin, həmçinin insan alveri, narkotik ticarəti kimi digər transmilli təhlükələrin qarşısını almağa istiqamətlənib.
“Amerikalılar Xəzərdə energetika layihələrinə külli miqdarda vəsait ayırıb və istəyirlər ki, Azərbaycan və Qazaxıstan bunların təhlükəsizliyini qoruya bilsin” – o deyib. Onun sözlərinə görə, layihə çərçivəsində Amerika tərəfi Azərbaycana cənub sərhədində heyətin hazırlanması, radar və tənzimləyiciləri quraşdırmağa kömək edib. Həmçinin göyərtəsində radioaktiv və ya qadağan olunmuş kimyəvi əşyaların olmasını təyin edən gəmi də Azərbaycana təqdim edilib.
Eyni zamanda Rasim Musabəyov deyib ki, bu yardımı Azərbaycanın Müdafiə Nazirliyi deyil, Dövlət Sərhəd Xidməti alır, layihənin məqsədi ölkənin – qurudan, havadan və dənizdən sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.
Politoloq Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu
Politoloq Mübariz Əhmədoğlu isə pia.az saytına deyib ki, ABŞ-ın Azərbaycana hərbi yardımının artmasının əsas səbəbi Azərbaycanın ehtiyacı ilə deyil, ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün daha çox vəsait ayırması ilə şərtlənir. M.Əhmədoğlu onu da deyib ki, İran bu mövzuda aktivlik nümayiş etdirsə, rəsmi Bakı İrana lazımi izahı verə biləcək.
Sitat: “Yaxın vaxtlarda İranın Azərbaycanı təxribata çəkmək istədiyin unutmaq olmaz. Yəni İran iddia etdi ki, Qərbi Azərbaycan ostanında, yəni Çaldıran şəhərində terrorçu qruplaşması tapılıb. Guya bu terrorçu qrupu da Azərbaycanın ərazisindən keçib. Rəsmi Bakı bu barədə İranı ”başa saldı” ki, həmin terrorçularla heç bir bağlılığı yoxdur”.
Politoloq Hikmət Hacızadə də Trampın Azərbaycana yardımının İranla bağlı olduğunu düşünür. Politoloqun fikrincə, Vaşinqton İran ətrafında gərginliyin artması halında Azərbaycanın daha yaxşı qorunmasını dəstəkləyir, çünki Vaşinqtonun Bakıda maraqları var.
“Düşünürəm ki, İranla bağlıdır. Gözləyirlər ki, İranla gərginlik artacaq. Ola bilsin ki, iğtişaşlar da olsun, o zaman əlbəttə, Azərbaycana da zərər dəyəcək və bizim neft sahələri, boru kəmərləri Qərb üçün vacibdir. Ümumən Azərbaycanda sabitliyin pozulması Qərb maraqlarına ziddir. Çünki buraya milyardlarla dollar yatırıblar, planlar təhlükədədir. Bu sərmayəni riskə atmaq olmaz”.
Hikmət Hacızadə deyir ki, hələlik ayrılacaq vəsaitin xərclənmə təyinatı da dəqiqləşməyib: “Amma bir şey var ki, bilinmir bu 100 milyon dollar hara xərclənəcək. Bəlkə Qərbin buradakı infrastrukturuna da xərclənəcək. Rabitə antenaları, anbarlar, elektronik casusluq və s. də ola bilər”.
Bu qərar Rusiya və İranı qəzəbləndirə bilərmi?
Hikmət Hacızadə ehtimal edir ki, bu qərar Tehran və Moskvanı narahat edəcək, amma ciddi təpkilərin olacağını gözləmir: “Artıq iş hirslənməkdən keçib. Belə görünür. Bir də ki, biz nə edirik ki? Sərhəd mühafizəsini gücləndiririk. Bu, İrana təhdid deyil. Ruslar və iranlılar hirslənə bilər. Bir az risklidir, amma əvvəl-axır biz onlardan birin seçməliyik, taleyimiz belədir”.
Ankarada fəaliyyət göstərən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin direktoru Hasan Oktay ABŞ hökumətinin yardımının İranla ehtimal olunan qarşıdurmaya hesablandığını düşünür. Onun fikrincə, bu qərar İran-Azərbaycan sərhədlərinin nəzarətə götürülməsi olacaq: “Amerika hərbi kəşfiyyatının məlumatına əsasən, Tramp Azərbaycana 2018-ci ildə 58 milyon dollar, 2019-cu ildə isə 42 milyon dollar İran-Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi, Xəzərdə təhlükəsizliyin təmin olunması üçün yardım edib. ABŞ dünyanın bir çox ölkələrinə bu cür yardımlar edir. Azərbaycana edilən yardımın əsas məqsədi İrana qarşı həyata keçiriləcək əməliyyatlardan əvvəl bölgədə ciddi mənada qabaqlayıcı addımlar atmaqdır. İrana qarşı həyata keçiriləcək əməliyyatdan əvvəl Vaşinqton İranın şimal sərhədlərini bir mənada nəzarətə götürmək istəyir. Bununla həm də İranı şimaldan əhatəyə almış olur. İranın şimal sərhədini Azərbaycan və Xəzər dənizi təşkil edir. Bu mənada hər iki istiqamət indi çox önəmlidir. Bu məbləğ Azərbaycanın cənub sərhədlərinin qorunmasını gücləndirmək və ciddi nəzarət altına almaq üçün faydalıdır”.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”