Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

4 günlük müharibənin 2 versiyası

Azerbaycan, Ermenistan, Manşet Üstü 9 Nisan 2016
569

4 günlük müharibənin 2 versiyası
elhan
Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkəkdə imzalanmışdı. 10 il ərzində atəşkəsə ciddi riayət olundu, cəbhə bölgəsində təsadüfi hallarda insidentlər qeydə alınırdı. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra Ermənistan qarşısında qəti tələb qoydu: Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Ermənistan hakimiyyəti buna razılaşmadı və danışqlarda Dağlıq Qarabağın statusunu ön planda tutdu.
2006-cı ildən Azərbaycanın neft gəlirləri artmağa başladı və orduya xərclənən vəsait dəfələrlə artdı. Nəticədə Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamımından çox oldu. Azərbaycan müxtəlif dövlətlərdən müasir silahlar aldı. Daha sonra Azərbaycan prezidentinin qərarı ilə Hərbi-Sənaye Nazirliyi yaradıldı, yeni hərbi zavodlar işə başladı. Artıq aydın idi ki, Azərbaycan silah və texnikaya milyardlarla dolları konkret məqsəd üçün xərcləyir.
Nəhayət atəşkəsin imzalandığı 22 ildən sonra Azərbaycan ordusu cəbhə xəttinə irəriləməyə qərar verdi və atəşkəsin bütün cəbhə boyu pozulması faktı qeydə alındı. Bununla bağlı iki sual müzakirə olunur.
Birinci sual: Atəşkəsi birinci hansı tərəf pozdu?
Ermənistanın atəşkəsi geniş şəkildə pozmaqda maraqlı deyildi. Çünki, Ermənistan hakimiyyəti düşünürdü ki, istəyinə 1994-cü ildə nail olub, Dağlıq Qarabağdan əlavə Azərbaycanın əlavə 7 rayonunu da işğal edib və buna “bufer zonası” adı verib. Başqa sözlə İrəvan status-kvonun saxlanmasında maraqlı idi. Ancaq son illər Azərbaycan ordusu kimi Ermənistan ordusu da cəbhə bölgəsində atəşkəsi pozurdu ki, Azərbaycana gücünü göstərsin. Azərbaycan ordusu isə atəşə atəşlə cavab verirdi. Bu dəfə isə rəsmi Bakının planı belə olub ki, atəşkəsi Ermənistan pozsa ordu hücuma keçəcək və strateji yüksəklikləri nəzarətə götürəcək. Belə də oldu. Ermənistan ordusunun atəşkəsi pozmaq təxribatına Azərbaycan ordusu hücumla cavab verdi. Bunu Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar gözləmirdilər.
İkinci sual: Atəşkəsin pozulmasında Rusiyanın rolu olubmu?
Son zamanlar belə bir fikir var ki, əgər Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonlardan bir neçəsini azad etmək istəsə Rusiya bu prosesə qarışmayacaq, separatçılara dəstək verməyəcək. Yəni Rusiya Azərbaycana kiçik müharibə aparmağa mane olmayacaq. Bu Rusiyaya ona görə lazımdır ki, Ermənistan hakimiyyətinə təzyiq etsin və sülh sazişi imzalansın və bununla Kreml Azərbaycanı da öz siyasi orbitinə cəlb edə bilsin. Çünki, əgər Rusiya işğal altındakı torpaqların boşaldılmasına əsas dövlət olarsa, Azərbaycan Moskvanın istəyi əsasında Rusiyanın planlarında yer almalı olacaq.
Rusiya rəsmiləri cəbhə bölgəsindəki gərginliyə görə Azərbaycanı tənqid etmədilər. Bu İrəvanı narazı saldı, hətta Rusiyanın Gümrüdəki hərbi bazasındakı qüvvələrə “hazır olun” komandası verilmədi, hərbi baza adi günlərini yaşadı. Ermənistanda düşünürdülər ki, Rusiya Azərbaycan ordusunun irəriləməsinə birinci gündən imkan verməyəcək. Ancaq ilk günlər Rusiya proseslərə qarışmadı. Moskva prosesə qarışa da bilməzdi. Çünki, Rusiya Ermənistanın təhlükəsizliyinə məsuliyyət daşıyır, Dağlıq Qarabağa yox. Rusiya sözdə də olsa Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Bu mənada Rusiya üçün iki qırmızı xətt var. Birinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Ermənistan ərazisinə təhlükə yaratmasın. Azərbaycanın onsuz da belə bir palnı yoxdur. Rusiya üçün ikinci qırmızı xətt odur ki, Azərbaycan ordusu Xankəndinə daxil olmasın. Azərbaycanın hazırki mərhələdə belə bir planı da yoxdur. Əsas vəzifə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasıdır.
“Rusiya Ukraynada olduğu kimi Dağlıq Qarabağa da xüsusi təyinatlı dəstələ göndərə bilərmi” – sualı da Azərbaycanda ciddi müzakirə olunurdu. Rusiya bu risqli addımı atmadı. Çünki, Rusiyada anlayırlar ki, Dağlıq Qarabağa Ermənistan üzərindən qeyri-rəsmi şəkildə xüsusi hərbi dəstələr göndərsələr, Azərbaycana müttəfiq olan dövlət və xalqlaqdan da, o cümlədən Türkiyə, Pakistan və İranın azərbaycanlı əhalisindən də Azərbaycan tərəfdən könüllülər gələcək. Bu isə müharibəni Dağlıq Qarabağın kənarına, o cümlədən Şimali Qafqaza keçirə bilər. Bu isə Rusiyanın maraqlarına uyğun deyil.
Bütün hallarda İlham Əliyev Kremlin istəyi ilə aprelin 6-da atəşkəsə razılaşdı. Azərbaycanın və Ermənistanın baş qərargahlar rəisləri Moskvaya dəvət olundular və Rusiya paytaxtında atəşkəs razılaşdırıldı. Bunun özü də bölgədəki nəzarətin Rusiyanın əlində olduğunu göstərdi.
Bu baxımdan başqa bir sual da meydana çıxır: Azərbaycan ordusu döyüşləri bir müddət də davam etdirə bilərdimi?
Əlbəttə, Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi və bir neçə rayonun azad olunması prosesini sürətləndirsəydi, İlham Əliyev Kremlin təzyiqinə baxmayaraq, müharibəni bir neçə gün də davam etdirəcəkdi. Ancaq cəbhədəki vəziyyəti prezidentdən və müdafiə naziri Zakir Həsənovdan yaxşı bilən yox idi. Ona görə də əgər prezident atəşkəsə razılaşdısa o bu qərarı həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə verdi.
Buna baxmayaraq, Azərbaycanın cəbhə bölgəsindəki uğuru, bir neçə kəndi azad etməsi və 8 strateji yüksəkliyi ələ keçirməsi rəsmi Bakıya bir neçə iqtiqamətdə üstünlük qazandırır:
Birincisi, 22 ildən sonra Azərbaycan ordusu öz gücünü göstərdi. Azərbaycan ordusu ilə Ermənistan ordusu atrasındakı fərqi hamı gördü. Əgər Azərbaycan ordusunun arsenalında modern silahlar və ağır hərbi texnika varsa, Ermənistan ordusunun 1980-ci illərin silahları ilə savaşdığı bəlli oldu. Bunu Ermənistan prezidenti Serj Sərkisyan aprelin 6-də Berlindəki çıxışı zamanı da etiraf etdi.
İkincisi, Azərbaycan ordusunun hücuma keçməsi cəmiyyətdə ruh yüksəkliyi yaratdı. 22 ildən sonra Azərbaycan məğlub sindromdan qurtuldu, bu gün Azərbaycan bayrağı evlərdə, küçələrdə, maşınlarda dalğalanır. İşğalçı ilə müharibə və Dağlıq Qarabağın azad olunması Azərbaycan xalqının milli və birləşdirici ideyasına çevrildi. Cəmiyyət sanki oyandı və hakimiyyətdən tələb etdi ki, bütün torpaqları güc yoluyla azad etsin. Azərbaycanın müasir tarixində ilk dəfə olaraq müxalifət hakimiyyətə dəstək verdi.
Üçüncüsü, beynəlxalq aləmə ciddi mesaj verildi. Mesajın əhəmiyyəti onda idi ki, Azərbaycan uzun müddət işğal faktına dözməyəcək. Bu hadisəyə qədər beynəlxalq aləmdə Dağlıq Qarabağ ətrafındakı rayonlar mövzusu aktual deyildi. Cəbhə bölgəsindəki toqquşmalardan sonra beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafındakı rayonlara marağı artdı, hətta Qərbdə “bu rayonlar azad olunmalıdır” fikirləri eşidilməyə başladı. Bu faktor da Azərbaycanın diplomatik uğuru sayıla bilər.
Azərbaycan ordusu hələlik əldə etdiyi strateji yüksəkliklərdə müdafiə sistemlərini gücləndirir. Ancaq o da aydındır ki, Ermənistan danışıqlarda öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsə atəşkəs yenidən pozulacaq və Azərbaycan ordusu yenidən irəriləməyə çalışacaq. Hadisələrin necə inkişaf edəcəyi Moskvadan asılıdır. Əgər Kreml Cənubi Qafqazda müharibənin davamını istəmirsə Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt iləri sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa bunun davamının nə olacağını artıq İrəvana və Kremlə bəllidir.
Rusiya Cənubi Qafqazdakı proseslərə ən çox təsiri olan dövlətdir. Rusiya Ermənistanın strateji müttəfiqi, Azərbaycanın isə tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında ədalətli sülhün əldə olunması Rusiyanın maraqlarına cavab verməlidir. Bununla Rusiya iki məqsədinə nail ola bilər.
Birinci məqsəd – Azərbaycanla Ermənistan arasında sülhə nail olan Rusiyanın bölgədəki rolu artacaq.
İkinci məqsəd – Azərbaycan Rusiyanın istəyi ilə Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olacaq.
Moskvanın bu iki məqsədini reallaşdırmaq üçün Ermənistan prezidentə təsir etməsi lazımdır. Ancaq bunun məhz belə olacağı hələ bəlli deyil.
Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Azərbaycana səfər etdi. Bu planlaşdırılan səfər idi. Azərbaycan prezidentinin İrana son uğurlu səfərindən sonra üçlü formatın (Azərbaycan-Rusiya-İran) yaradılması ideyası bəyənilmişdi. Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri yeni formatda bir araya gəldilər. Əsas müzakirə mövzusu iqtisadi layihələr və nəqliyyat yolları idi. Azərbaycan Rusiya ilə İran arasında nəqliyyat dollarını inkişaf etdirməklə regional tranzit statusunu artırmaq istəyir. Bu layihələr hər 3 ölkənin maraqlarına cavab verir. Bakıda razılaşdırıldı ki, üçlü format çərçivəsində Azərbaycan, Rusiya və İran prezidentləri birlikdə görüşəcəklər.
Aydındır ki, Sergey Lavrov Bakıda Dağlıq Qarabağ mövzusunu da müzakirə etməli idi. Lavrov dedi ki, Moskvanın müşaqişənin həlliylə bağlı konkret təklifləri var. Belə bir təkliflərin olduğu əvvəl də bəlli idi. Ancaq təkliflərin konkret nədən ibarət olduğu açıqlanmadı. Lavrovun Rusiyanın “TASS” agentliyinə verdiyi müsahibədə iki məqama toxundu.
Birincisi, Lavrov dedi ki, 7 rayonun boşaldılması Dağlıq Qarabağın statusuyla eyni vaxtda həll olunmalıdır. Hansı statusun və bu statusun hansı yolla həll olunacağı bəlli deyil. Əgər 7 rayonun boşaldıması əvəzinə Dağlıq Qarabağın statusunu müəyyənləşdiriləcək refendum tarixi sənəddə qeyd olunacaqsa, bu Azərbaycanın maraqlarının əleyhinədir. Çünki, həmin referenduma Dağlıq Qarabağın erməni əhalisi müstəqilliyə səs verəcəklər. Rəsmi Bakı isə işğal altındakı rayonların ilkin şərt irəli sürmədən azad olunmasını tələb edir.
İkincisi, Lavrov dedi ki, cəbhə xəttindən snayperlərin geri çəkilməsini sürətləndirmək lazımdır. Bu yeni təklif deyil. Bunu Minsk Qrupu həmsədrləri də zaman-zaman dilə gətirirlər. Bu təklif də Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Azərbaycanın strategiyası belədir ki, torpaqlar işğaldan azad olunmayana qədər işğaçı qoşunlar təzyiq altında olmalıdırlar. Məsələ burasındadır ki, snayperlərin və ağır texnikanın geri çəkilməsi Ermənistan ordusunu rahatladacaq və atşkəsin bu şəkildə qorunmasını status-kvonun uzanmasına gətirib çıxaracaq. Azərbaycan isə status-kvonu dəyişmək istəyir.
Kremlin daha bir təklifi Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi ola bilər. Onsuz da münaqişənin hansısa mərhələsində sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi reallaşa bilər. Sadəcə, bu qüvvələrin ancaq Rusiya hərbçilərindən formalaşdırılması Azərbaycan üçün təhlükəlidir. Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilərsə ordan bir daha çıxmayacaqlar və digər bölgələrdə olduğu kimi separatçılara dəstək verəcəklər. Buna görə də sülməramlıların tərkibi müxtəlif dövlətlərin hərbçilərindən formalaşdırılmalı və Rusiyanın payı o biri ölkələrindən payından çox olmamalıdır.
Sergey Lavrovdan sonra Rusiyanın baş naziri Dmitriy Medvedyev də Bakıya gəldi. Əslində bu səfər əvvəlcədən planlaşdırılmamışdı. Medveyev İrəvandan dərhal sonra ona görə Bakıya gəldi ki, Rusiyanın tərəfsizliyi şübhə doğrumasın. Medveydev prezident olduğu illərdə Azərbaycan və Ermənistan prezidentlərini 10 dəfə görüşdürmüşdü. O zaman bu görüşlərdən nəticə olmadı. Görünür, Medvedyev o illərdəki təşəbbüslərini yenidən aktuallaşdırmaq istəyir. Aydındır ki, Medveydev prezident Vladimir Putinin təlimatıyla hərəkət edir. Buna baxmayaraq, Medvedyevin Bakını tərk etdikdən sonra Rusiyanın televiziya kanalına verdiyi müsahibədə “qan tökülməkdənsə, cəbhə bölgəsindəki indiki status-kvonun davamı yaşxıdır” sözləri ondan xəbər verir ki, Moskva münaqişənin ədalətli həllinə hələ hazır deyil. Demək, biz də doğru bildiyimizi etməliyik.
Elhan Şahinoğlu/“Atlas” Araşdırmalar Mərkəzi/Bakü

Yorumlar