KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ-ın Kosova ssenarisini Qarabağa teklif eder mi

ABŞ-ın Kosova ssenarisini Qarabağa teklif eder mi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
308 0

“ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri zamanı İrəvan sakinləri ABŞ-ın Kosova ssenarisini Qarabağa münasibətdə də tətbiq olunması istəyi ilə bağlı şüarlar səsləndirmiş və bannerlər qaldırmışdılar”.

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, Politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, ermənilərin Kosova ssenarisi üzrə istəkləri istək olaraq da qalacaq:

“Bu ssenari nədən ibarətdir? Ermənilər niyə Qarabağ üçün Kosova ssenarisini istəyirlər? Kosova planı indi niyə üzə çıxır və Kosova ssenarisinin təkrarlanma ehtimalı və imkanı nə qədərdir? Bu suallara cavab vermək üçün biz SSRİ-nin dağılması və Yuqoslaviyanın siyasi xəritədən silinməsi dövrünə nəzər salmalıyıq. Həmin dövrdə SSRİ artıq çökmüşdü və siyasi, iqtisadi, hərbi mövcudluğunu da aradan qaldırmışdı. Belə olan halda təbii ki, SSRİ-nin müttəfiqləri sırasında yer alan Yuqoslaviyanın dağılması, eləcə də ümumən Kommunist blokuna daxil olan dövlətlərdə də analoji prosesin həyata keçirilməsi müşahidə olunurdu.

Kosovada olan albanlar öz müqəddəratını təyin etmək üçün mübarizəyə qalxdılar və serblərlə toqquşmalar yaşandı. NATO-nun burada seçimi albanlardan yana oldu. Bu, həm də SSRİ-yə qarşı bir həmlə kimi nəzərdən keçirilirdi və NATO həmin dövrdə öz aviasiyasından istifadə etməklə burada hakimliyi öz üzərinə götürdü. Bunun nəticəsində artıq Kosova birtərəfli şəkildə öz müstəqilliyini elan etdi. ABŞ, Aİ və NATO blokuna daxil olan ölkələr Kosovanın müstəqilliyini tanıdıqdan sonra Kosova artıq beynəlxalq münasibətlərin bir subyektinə çevrildi.

Lakin biz görürük ki, burada ikili standartlar özünü göstərir. Bəzən beynəlxalq münasibətlərdə ərazi bütövlüyü prinsipi ən prioritet hesab olunur, digər hallarda isə millətlərin öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü məsələsinə müəyyən “münasibət” də sezilir. Bu, tamamilə qəbulolunmaz bir yanaşmadır və beynəlxalq hüququn fundamental prinsiplərinə də hörmətsizlik kimi qiymətləndirilir.

Bütün dünyada ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prioritet hesab olunmalıdır. BMT Nizamnaməsində, Helsinki yekun aktında da qeyd olunan əsas mahiyyət bundan ibarətdir və separatizmin genişlənməsi bütün dünya üçün böyük fəlakətlərə yol aça bilər. Ona görə də, ərazi bütövlüyü bu gün ən prioritet məsələ kimi nəzərə çarpır.

Biz eyni zamanda nümunə üçün qeyd edə bilərik ki, İspaniyada Kotoloniya bölgəsinin İspaniyadan ayrılması ilə bağlı keçirilən referendumun nəticələrini Avropa İttifaqı qəbul etmədi və İspaniyanın ərazi bütövlüyü də dəstəkləndi. Buna görə də, biz Avropanın daxilində də müəyyən siyasi böhrana və burulğanlara gətirib çıxaran yanaşmaların beşiyindəcə boğulduğunu görürük. Çünki oxşar məsələlər Fransada da, Almaniyada da, Böyük Britaniyada da var və bu proses domino effekti verə bilər və böyük güclər artıq separatizmin öhdəsindən gələ bilməzlər.

Bu, ayrı-seçkiliyə, ekstremizmə, terrorizmə, ksenofobiyaya və digər neqativ ünsürlərə də gətirib çıxara bilər. Ona görə də dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Bunun üçün də ABŞ məhz dövlətlərin suverenliyi kontekstindən yanaşmalıdır və ikili standartlar, qərəzli münasibət burada yolverilməzdir. Düşünürəm ki, Kosova ssenarisi üzrə ermənilərin istəkləri də yalnız istək olaraq qalacaqdır və Amerika-Azərbaycan münasibətlərinə ermənilər nə qədər çalışsalar da kölgə sala bilməyəcəklər”.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir