KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ərəstun Oruclu: Rusiyanın növbəti hədəfi: “Qazaxıstandan sonra hansı ölkə

Ərəstun Oruclu: Rusiyanın növbəti hədəfi: “Qazaxıstandan sonra hansı ölkə

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
296 0

“Türkiyənin Mərkəzi Asiya siyasətində hələlik ciddi gecikmələr müşahidə olunur. Elə bu səbəbdən də Ankaranın bölgəyə təsir imkanları xeyli məhduddur. Türkiyə digər türk dövlətlərinə gələ biləcək təhlükələrin qarşısını yalnız bir yolla ala bilər. Bu yol həmin ölkələrlə anlaşaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə öz hərbi kontingentini yerləşdirməkdir. Məsələn, Daşkəndlə Ankara anlaşarsa və nəticədə deyək ki, təxminən 5 minlik Türkiyə hərbi kontingenti Özbəkistana yerləşdirilərsə bu, ciddi təhlükəsizlik təminatı ola bilər”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Qazaxıstanda başlayan etirazlar KTMT və Rusiya qoşunlarının bu ölkəyə yeridilməsi ilə nəticələndi. Hadisələrin bundan sonrakı axarını necə proqnozlaşdırırsınız?

– KTMT və Rusiya qoşunlarının Qazaxıstana yeridilməsi göstərdi ki, bu ölkənin mövcud siyasi rəhbərliyi öz ordusuna və polisinə etibar etmir. Burdan da belə qənaətə gəlmək olur ki, Qazaxıstanda qeyri-legitim olmaqla yanaşı, həm də etimadı tam itirmiş bir rejim mövcuddur. Belə rejimin də özünü qorumaq üçün xarici qüvvələri ölkəyə dəvət etməsi yalnız neqativ effekt verə bilər və verəcək də. Bu da məlumdur ki, Qazaxıstana KTMT sülhməramlıları adı altında daxil olan Rusiya ordusudur, amma məsələ bununla da bitmir. KTMT nizamnaməsinə əsasən bu təşkilatın silahlı qüvvələri hər hansı qurum üzvü ölkəyə yalnız xaricdən təhdid olduğu halda müdaxilə edə bilər. Görünür, bunu əsaslandırmaq üçün istər Qazaxıstan prezidenti, istərsə də KTMT guya xaricdən yönəldilən terrorçuların olduğunu iddia etdilər, amma bu, olduqca zəif iddiadır.

Məlumdur ki, hazırda dünyada hansısa beynəlxalq hüquqdan, normalardan danışmaq az qala gülünc görünür, amma məsələnin başqa bir tərəfi də var: qeyri-legitim addımlar qarşı tərəf üçün motivasiya yaradır, bu isə o deməkdir ki, qazax xalqının bu müdaxilə ilə barışmayan hissəsi onu işğal faktı kimi qəbul edəcək. Belə olduqda isə Qazaxstana xarici ölkələrin silahlı qüvvələrinin yerləşdirilməsi çox uzaqgedən və ağır nəticələr verə bilər. Bu, sabitliyin pozulmasından tutmuş vətəndaş müharibəsinədək geniş bir spektri əhatə edə bilər. Əlbəttə, bunlar ehtimal olunan mümkün variantlardır, amma bir şeyi bu gün artıq demək olar ki, hakimiyyətə az qala mütləq etimadsızlıq olan Qazaxıstan həm də suverenliyinin əhəmiyyətli dərəcədə məhdudlaşması ilə üz-üzədir. Bunun isə qazaxların əksər hissəsini qane etdiyini düşünmürəm, deməli hər şey hələ irəlidədir.

– Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə nədə anlaşa bilmədi? MDB ölkələrinin liderlərinin Sankt-Peterburqdakı sammiti çərçivəsində Putinlə Nazarbayev arasında keçirilən təkbətək görüş də bu olaylardan sonra diqqət mərkəzindədir. Bu olayların o görüşlə nə kimi əlaqəsi ola bilər?

– Əvvəlcə onu qeyd edim ki, Putin-Nazarbayev görüşündə nələrin müzakirə olunduğunu ancaq ehtimal edə bilərik, ona görə də buna toxunmaq istəmirəm. Amma məlum olan budur ki, son illər Qazaxıstanda dövlət quruculuğu daha sürətlə gedirdi. Bundan başqa ölkədə milliləşmə, öz köklərinə qayıdış və s. bu kimi məsələlərə də diqqət artmışdı. Daha dəqiq desək, bu sahələr dövlət siyasətinin prioritetlərindən idi. Görünür, Moskvada anladılar ki, belə davam etsə, Qazaxıstana nəzarəti itirəcəklər. Ona görə də son il ərzində elə Putinin özündən tutmuş bir çox Rusiya rəsmilərinədək Qazaxıstanın ünvanına təhdidlərin səsləndirməsinin şahidi olduq.

Bundan başqa, Türkiyənin Mərkəzi Asiyanın türkdilli ölkələrilə yaxınlaşması Moskva üçün heç bir halda məqbul sayıla bilməzdi. Nəhayət, Qazaxıstan təkcə neft və qaz ölkəsi deyil. Bu ölkə müxtəlif mineral ehtiyatlar, o cümlədən də uran yataqları ilə zəngindir. Bütün bu amillər və Şərq-Qərb dəhlizi kimi qlobal geosiyasi layihələrin Qazaxıstan üzərindən keçməsi Moskvanı bu ölkəni faktiki olaraq öz işğalı altına götürməyə sövq etdi. Qaldı həmin işğal siyasətinin necə və hansı ad altında reallaşdırılmasına, bu, artıq texniki məsələdir.

– Rusiya bu addımı Orta Asiyanın digər respublikalarına qarşı da atmağı düşünə bilərmi? Məsələn, Rusiyanın Qırğızıstanın Qazaxıstana sülhməramlı göndərməkdən imtina etməsinə reaksiyası necə ola bilər?

– Əlbəttə, həmin siyasət davam edəcək. Yəqin ki, indi hədəfdə Özbəkistan olacaq. Artıq rəsmi Daşkəndin son günlər atdığı təcili addımlar da buna açıq işarədir. Qırğızıstanın sülhməramlı göndərməkdən imtinasına gəldikdə, iki ölkə arasında onsuz da zaman-zaman üzə çıxan müəyyən problemlər mövcuddur ki, görünür rəsmi Bişkek gələcəkdə münasibətlərin daha da gərginləşməsindən qaçmaq üçün bu addımı atdı. Moskvanın buna münasibətinə gəlincə, deməliyəm ki, Mərkəzi Asiya onsuz da müharibə meydanına çevrilir və indi bütün region ölkələrinə Rusiya ilə münasibətlərdən daha önəmli yaxın gələcəkdə işğalçıya qarşı birləşmək mümkün olsun deyə öz aralarındakı münasibətləri qorumaq, möhkəmləndirmək daha vacibdir. İşğalçı isə Rusiyadır və bunu indi Mərkəzi Asiyada hər kəs yaxşı anlayır.

– Türkiyənin də baş verənlərə hansı reaksiya sərgiləyəcəyi müzakirə mövzusudur. Türkiyə Rusiyadan digər türk respublikalarına gələ biləcək təhlükənin qarşısını ala biləcək? Ümumən Rusiyanı dayandırmaq mümkün olacaqmı?

– Türkiyənin Mərkəzi Asiya siyasətində hələlik ciddi gecikmələr müşahidə olunur. Elə bu səbəbdən də Ankaranın bölgəyə təsir imkanları xeyli məhduddur. Türkiyə digər türk dövlətlərinə gələ biləcək təhlükələrin qarşısını yalnız bir yolla ala bilər. Bu yol həmin ölkələrlə anlaşaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə öz hərbi kontingentini yerləşdirməkdir.

Məsələn, Daşkəndlə Ankara anlaşarsa və nəticədə deyək ki, təxminən 5 minlik Türkiyə hərbi kontingenti Özbəkistana yerləşdirilərsə bu, ciddi təhlükəsizlik təminatı ola bilər. Daha doğrusu, yalnız belə addım Rusiyanı dayandıra bilər. Qalan bütün vasitələr indiki mərhələdə qeyri-effektivdir. Dünya bu gün elə bir mərhələdədir ki, indi ancaq xüsusilə də Rusiya tipli dövlətlər tərəfindən kobud hərbi güc həlledici faktor kimi nəzərə alınır.

Mənsur Rəğbətoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir