KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Əliyevdən QAMBİT GEDİŞİ, yaxud Düşənbədə gözlənilməz razılaşmanın şifrələri

Əliyevdən QAMBİT GEDİŞİ, yaxud Düşənbədə gözlənilməz razılaşmanın şifrələri

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
368 0

Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı nəticəsiz da olsa illərlə aparılan danışıqları alt-üst edən açıqlamalarından sonra müharibə qıfılının açıldığı bir vaxtda Düşənbədə qəribə və gözlənilməz razılıq əldə olundu. MDB dövlət başçılarının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan ayaqüstü söhbət etdi və rəsmi məlumatdan bəlli oldu ki, “tərəflər atəşkəs rejiminin qorunması və müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılması” üzərində razılıq əldə ediblər.

“Tərəflər arasında operativ əlaqənin qurulması” Dağlıq Qarabağ münaqişəsində nadir razılaşmalardan hesab oluna bilər. Belə bir əlaqə I Qarabağ münaqişəsi dövründə olub, lakin sonradan tərəflər yalnız üçüncü vasitəçilərin köməyi ilə bir araya gəldi. Keçmiş prezident Serj Sarkisyan 2016-cı ildə tərəflər arasında “Qaynar xətt”in yaradılması təklifi ilə çıxış etmişdi, Bakı buna səssiz qaldı, çünki işğalçı ölkənin hədəfi mövcud status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizminin” dirildilməsi idi. (Oxu: Sarkisyanın “Amerika planı” və Bakıya zəng etmək oyunu).

İndi Bakı və İrəvan arasında “operativ əlaqənin yaradılması” razılaşması Azərbaycanın maraqlarına uyğun görünür. Çünki:

a) “Operativ əlaqə” ABŞ planı olan “atəşkəsə nəzarət mexanizmi” demək deyil, ikincidən fərqli olaraq birincidə üçüncü vasitəçi iştirak etmir.

b) Bu, Qarabağı danışıqlara daxil etmək istəyən və “Mən Ermənistanın baş naziri olaraq Qarabağın adından danışa bilmirəm” iddialarını sərgiləyən Paşinyana öz əli ilə münaqişənin əsil tərəfi olduğunu qəbul etdirməkdir.

c) Bu razılaşma Paşinyanın danışıqlarda iştirakına açılmış yeni qapıdır və onun bundan sonra danışıqlar masasında Qarabağı tərəf kimi təqdim etmək cəhdlərinin qarşısını alır. Hərçənd, buna cəhd etməsi yenidən özünü təkzib etmək və gülünc vəziyyətə düşmək deməkdir. Belə demək mümkünsə, Əliyev Paşinyanı öz əli ilə vurdu.

Burada kiçik də olsa başqa bir ehtimal da boylanır: Bakı cəbhədə sakitliyin bərpası ilə Paşinyanın Qarabağ ritorikasından daxili seçkilərdə istifadəsinin qarşısını alır. Məqsəd erməni xalqının diqqətini cəbhədən çəkərək, daxili problemlərə baxmasını təmin etmək və bu problemlərdən yeganə çıxış yolunun ərazilərin qaytarılması şərti ilə Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqələrinin yaradılması olduğunu anlamasına şərait yaratmaq ola bilər. Hərçənd, bu prosesin dibində qalan nüanslardandır. Lakin o da mümkündür ki, tərəflər üçüncü vasitəçi üzərindən, yaxud birbaşa təmasla (XİN rəhbərlərinin Nyu-Yorkda təkbətək görüşündə ola bilər) ilkin razılığı hazırlayıblar və Paşinyan münaqişənin həllinə razılıq əvəzinə Azərbaycandan diqqətini daxili proseslərə yönəltmək və rəqiblərini neytrallaşdıraraq, hakimiyyətini möhkəmləndirmək üçün zaman istəyib. Əvəzində masaya daha konstruktiv formada gələcəyi sözünü verib. Çünki Qarabağda başlaya biləcək hərbi eskalasiya və erməni hərbi birləşmələrinin Azərbaycan Ordusunun qarşısında istənilən məğlubiyyəti – kiçik, yaxud böyük olmasının fərqi yoxdur – avtomatik olaraq Paşinyanın siyasi Olimpdən üzüaşağı yuvarlanması deməkdir. Lakin o da məlumdur ki, cəbhədə sabitlik Paşinyanı erməniləri öz ətrafında birləşdirmək üçün klişə olan “xarici düşmən” obrazı yaratmaq imkanından məhrum edir, hansı ki, seçkilər öncəsi bu amil onun dadına çatardı. Mümkündür ki, o, hərbi ritorikaya söykənmiş bəyanatlarda gedə biləcəyi yerə qədər getdi və bunun istənilən effekt vermədiyini anladı. Digər tərəfdən, hərbi ritorika real müstəviyə keçəcəyi təqdirdə məğlubiyyət riskinin daha böyük olacağını anlayır.

Ortada olduqca mürəkkəb görünən mənzərə yaranıb, lakin nəticə etibarilə, münaqişənin tarixində nadir hadisə hesab olunacaq razılaşma əldə olundu. Bunun praktikada həyata keçiriləcəyi, yaxud nə vaxta qədər davam edəcəyi ayrı məsələdir. Burada əsas sual belədir:

– İlham Əliyev Paşinyanla niyə razılaşdı?

Ermənistanda hakimiyyət dəyişikliyi, ardınca Moskva-İrəvan xəttində ciddi çatların yaranması, Paşinyan hökumətinin şərti olaraq Azərbaycana müharibə elan etməsi, Rusiya və Türkiyənin əsrlər sonra ən unikal münasibətlər qurması və bütün bu proseslərdə Azərbaycanın mərkəzdə dayanması Bakıya əraziləri azad etmək üçün ordunu hərəkətə keçirə biləcək şanslar yaradıb. Havada uçuşan hərbi ritorika da bütün yolların müharibəyə getdiyini göstərirdi. Lakin qəfil Azərbaycan lideri ilə erməni baş nazir ayaqüstü söhbətdə atmosferi tamamilə dəyişdirəcək razılaşma əldə etdilər. Bu situasiya səhnə arxasında ciddi siyasi proseslərin getdiyindən xəbər verir.

Və şübhəsiz ki, Düşənbədə tərəflərin əldə etdiyi razılıq heç də spontan baş verməyib. Hər şey əvvəlcədən müzakirə edilib razılaşdırılıb və liderlərin şifahi təsdiqi ilə reallaşıb. Amma yenə də Bakının bütün şərtlər xeyrinə olduğu bir vaxtda İrəvanla niyə razılaşması sualı açıq olaraq qalır.

Burada bir-birini təkzib edən iki fərqli versiya var:

BİRİNCİ VERSİYA – Rusların istəyi: səhnə arxasında Rusiya tərəflər arasında vasitəçilik edib və Düşənbə razılaşması məhz Putinin Əliyev və Paşinyanla görüşü zamanı həll edilib. Əslində bu razılaşma ortaya çıxanda ilk diqqət Rusiyaya yönəldi. Putin əvvəlcə Prezident İlham Əliyevlə müzakirə apardı, ardınca Moskvada Paşinyanı qəbul edərək, təklifi ona təqdim etdi, nəhayət, məhz MDB dövlət başçılarının sammitində hər şey həll olundu.

– Rusiya qlobal platformada ABŞ-la qarşıdurma yaşadığı, Suriya böhranının getdikcə daha da mürəkkəbləşdiyi vaxtda cənub sərhədlərində hər hansı hərbi eskalasiyanı istəmir. Tərəflərlə təkbətək görüşlərdə də danışıqların davamı üçün sakitliyin bərpasını istəyib. Və tərəflər Düşənbədə hazırlanmış razılaşmanı şifahi olaraq təsdiqləyiblər.

– Düşənbə razılaşması Rusiyaya sərhədlərinin dibində yeni toqquşmanın qarşısının alınması ilə yanaşı, münaqişəni danışıqlar masasına qədər uzatmaqla klassik “yeganə xilaskar” titulunu qorumağa da imkan verir.

– Nəticə etibarilə, münaqişənin həllində Rusiya təşəbbüsü əlində saxlayır.

Bu prosesin ilk görünən tərəfidir, hərçənd, şübhələrə səbəb olan suallar belə bir versiyanı tərəzinin gözündə yüngülləşdirir:

1. Cəbhədə sabitlik Paşinyanın siyasi Olimpdə yerini möhkəmləndirmək və rəqiblərini neytrallaşdırmaq imkanı yaradır. Ruslar Amerika layihəsi olan Paşinyana hakimiyyətini möhkəmləndirməyə niyə icazə versin?!

2. Tərəflər arasında “operativ əlaqə” üçüncü tərəfi, xüsusilə Rusiyanı oyundan kənarlaşdıra bilər və bu Moskvaya sərf edirmi?

Məhz bu məqamlar prosesdə başqa versiyaların ola biləcəyi ehtimalını önə çıxarır.

İKİNCİ VERSİYA: İlham Əliyevin Qambit gedişi: (Şahmatda tərəflərdən birinin oyunu inkişaf etdirmək, daha səmərəli mövqe əldə etmək məqsədilə maddi üstünlüyü qurban verməsi).

Azərbaycan lideri gözlənilməz manevr edərək, getdikcə dalana dirənən danışıqların düz yola çıxması üçün “nəfəslik açır”: ordunun hərəkətini müvəqqəti təxirə salır və Moskvanın qarşısında alternativ qoyur.

Mümkündür ki: Bakı Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsindən istifadə edərək, münaqişəni hərbi yolla həlli ssenarisini irəli çəkib; Bu məsələ Prezident İlham Əliyevin Putinlə Soçi görüşündə müzakirə olunub; Putinin Bakı səfəri prosesin startı üçün son vaxt ola bilərdi, lakin ruslar gözləməyi tövsiyə ediblər, hansı ki, bu, münaqişənin həlli üçün yaranan şəraitin xərclənməsi deməkdir; yəni Putin bizim istədiyimizi vermir, yaxud əvəzində daha böyük istəklər irəli sürür (bu, Azərbaycanın rus ittifaqlarına daxil olmasından tutmuş ərazilərin qaytarılması zamanı ədalətsiz bölgüyə qədər bir çox şey ola bilər); Və Bakı prosesin axarını dəyişdirmək üçün “Qambit gedişi” edir;

a) Münaqişənin digər tərəfi Ermənistanla razılaşır və Moskvaya məsələni onun iradəsindən kənarda da həll etməyin mümkün olduğu mesajını verir;

b) Bakı indiyə qədər Rusiya-Avropa, Rusiya-ABŞ arasındakı etdiyi “alternativ manevrini” indi daha da lokallaşdırmaqla Moskva ilə “kəllə-kəlləyə” gələn Paşinyan hakimiyyətini oyuna daxil edir.

c) Mümkündür ki, Bakı bununla sələflərindən fərqlənən Paşinyanla münaqişənin həllinə nail olmaq ehtimalını da dəyərləndirir.

Bu versiya üzərindən yola çıxsaq maraqlı detallardan biri də odur ki, tərəflər razılaşmanı Düşənbə görüşünə qədər harada müzakirə ediblər. Burada diqqət xarici işlər nazirlərinin Nyu-Yorkda həmsədrlərlə birgə müzakirədən sonra təkbətək görüşünə yönəlir. Və razılaşmanın Düşənbədə əldə olunması da ruslara göndərilmiş incə mesaj ola bilər. Bu, bir ehtimaldır, lakin proseslərin bundan sonrakı inkişafı hansı versiyanın daha real olduğunu görməyə imkan verəcək.
Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir