Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Avropa İttifaqı ilə təmaslar quruldu, qarşılıqlı səfərlər reallaşdı, sazişlər imzalandı. İkinci Qarabağ müharibəsindən sonra Brüssellə Bakı arasında təmaslar daha artıb, əməkdaşlığın inkişafıyla bağlı müzakirələrin dinamikası sürətlənib. Bugünlərdə Avropa İttifaqından növbəti heyət bölgəyə gələrək Bakıda müxtəlif mövzuları müzakirə ediblər.
Avropa İttifaqı qitənin əksər hissəsini əhatə edən 27 Avropa ölkəsinin iqtisadi və siyasi tərəfdaşlıq etdiyi birlikdir. 1958-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi ilkin olaraq altı ölkə – Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya arasında iqtisadi əməkdaşlığın təməlini qoymuş oldu. O vaxtdan indiyə qədər böyük vahid bazar yaradılmış və inkişafı tam gücü ilə davam etdirilməkdədir. Fəaliyyətə başladığı vaxtda iqtisadi əməkdaşlığı özündə ehtiva edən təşkilat tədricən, inkişafa yardım, ətraf mühitlə əlaqəli məsələlər və siyasi sahələri əhatə edən təşkilata çevrildi. 1993-cü ildə isə Avropa İqtisadi Birliyi adı Avropa İttifaqı (Aİ) adı ilə əvəz olundu.
Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrdə əməkdaşlıq formalarının çərçivələrini təmin edir. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə müzakirə aparmağa, regional siyasət çərçivəsinində öz milli maraqlarını təmin etməyə və bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıqda xüsusi dəstəkverici rol oynayır. Azərbaycan həm Aİ tərəfindən, həm də Aİ-nin digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sektorlar (enerji, nəqliyyat, təhsil, mədəniyyət, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar və s.) üzrə çoxsaylı layihələr həyata keçirir.
Avropa İttifaqı ilə əlaqələr iqtisadi və siyasi islahatlara dəstək, Şərq – Qərb nəqliyyat – kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə irəliləyir. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətləri daha yaxşı anlamaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı şurasınn prezidenti Şarl Mişel ilə 18 iyul 2021 – ci il tarixində görüşü zamanı mətbuata verdiyi bəyanata nəzər salaq:
Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq Ermənistanın torpaqlarımızın işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək vaxtıdır. Azərbaycan buna hazırdır. Ermənistan isə Azərbaycanın təşəbbüslərinə cavabı gecikdirir. Bu baxımdan Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası yerinə yetirmək istəyirsə Ermənistanı sadə həqiqətləri qəbul etməyə məcbur etməlidir. Birincisi, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiyanı ehtiva edən sənəd imzalanmalı, sülh sazişi üzərində çalışmalar başlanmalı və Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin siyasəti buna yönəlib.
Azərbaycan Cənubi Qafqazda iqtisadi inkşafa, siyasi sabitliyə və əməkdaşlığa çağırışlar edən və tövhə verən başlıca ölkədir, bununla da Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfdaşdır. Azərbaycan tarixən coğrafi baxımdan mühüm ticarət yollarının üzərində yerləşib və müasir dövrdə də Avropa və Asiya qitələri arasında yerləşən önəmli və regionda söz sahibi olan ölkədir.Dünya iqtisadiyyatının ən əsas lokomotivlərindən sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə Avropaya daşınması potensialı, eləcə də Süveyş kanalından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, həmçinin Zəngəzur Dəhlizinin vacib nəqliyyat qovşağına çevrilməsinə şərait yaradır. Zəngəzur Dəhlizi Mərkəzi Asiya ölkələrinin Avropaya inteqrasiyasında və bununla da yeni bazarlara çıxmaq imkanın artırılmasında da xüsusi əhəmiyyətə malikdir. Əlavə olaraq bu dəhliz həm də digər region dövlətlərinin iqtisadi əməkdaşlığına şərait yaradır və bununla da təhlükəsizliyin qaratına çevrilir. Beləliklə, Avropa İttifaqı da Azərbaycanın regionda yaratdığı yeni reallığı və bundan qaynaqlanan yeni fəaliyyət istiqamətləri ilə razılaşır və belə olduğu təqdirdə “Zəngəzur dəhlizi” Cənub Qafqazla Avropa İttifaqını birləşdirən yeni körpü ola bilər. Ümumilikdə yeni alternativ nəqliyyat yollarının açılması nəticəsində Asiya ilə Avropa ticarətinin genişlənməsi Avropa İttifaqının maraqlarına uyğundur.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı sürətli yenidənqurma işlərində Avropa İttifaqının cəlb edilməsi də əhəmiyyətli məsələlərdəndir. Bu ərazilərdə yaradılan yeni imkanlar, Füzulidə dünya standartlarına cavab verən hava limanının Azərbaycanın öz büdcəsi ilə qısa müddətdə tikilib başa çatması həmçinin Zəngilan və Laçında da yeni hava limanlarının inşasının davam etməsi ,yeni yolların çəkilməsi, ərazilərin minalardan və digər partlayıcı vasitələrdən təmizlənməsi, fasiləsiz enerjinin təmin olunması və s. quruculuq işləri burada Azad İqtisadi Zonaların olmasına, daha intensiv yük daşımalarına, ərazinin turizm potensialının inkşafına səbəb olacaq və təbiidir ki, sürətlə gedən inkişaf və quruculuq işləri Avropa İttifaqının da diqqətini cəlb edir və bu ərazilərimizin bərpasında Ai ilə əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə müzakirələr olunur.
Əsədi Vüsal
“Azərbaycan Dövləq İqtisad Universiteti” – nin tələbəsi
“Regional İnkişaf İctimai Birliyi” – nin könüllüsü