KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” – Hasan Oktay

Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” – Hasan Oktay

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
307 0

Bu gün Rusiyanın Qara dəniz sahilindəki kurort şəhərində keçirilən prezidentlərin Suriyaya dair zirvə görüşü beynəlxalq medianın gündəmini zəbt edib. Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin masaya yatırdığı müzakirə mövzularının məğzində Suriyada müharibəyə son qoymaq, İŞİD və digər terror təşkilatlarının kökünü kəsmək, bölgədə asayişi bərqərar eləmək kimi müqəddəs amallar dayanır.

Maraqlıdır, bu amallar gerçəkliyə cavab verirmi? Axı Suriya məsələsinin həllinə dair müzakirələr dəfələrlə Qazaxıstanın paytaxtı Astanada, eləcə də Cenevrədə və sair müzakirə edilir, ancaq göründüyü kimi, müsbət nəticə yoxdur. Səbəb də aydındır: İŞİD-i yaradan, silah və maliyyə ilə təmin edib Yaxın Şərqin başına bəla açan ABŞ və müttəfiqləri Astana görüşündə yoxdurlar, Cenevrədə isə amerikalıların arzulamadığı tərəflər iştirak etmir. Əslində etsəydilər nə olacaqdı, heç nə. Suriyada, eləcə də İraqda yaradılan İŞİD, eyni zamanda kürd problemi bölgənin xəritəsi dəyişməyənədək çözülməyəcək.

Prezidentlərin görüşünə qayıdaq. Üç dövlət Suriya məsələsini ilk dəfədir liderlər səviyyəsində danışırlar. Amma bu da bir həqiqətdir ki, xarici işlər nazirliklərinin təşkil elədiyi zirvə görüşündən əvvəl bu üç ölkənin baş qərargah rəisləri Soçidə toplaşıblar. General Hulisi Akar (Türkiyə), general Valeriy Gerasimov (Rusiya) və general Məhəmməd Bakiri (İran) əvvəlcə ikitərəfli məsləhətləşmələr keçiriblər, sonra isə üçtərəfli görüşdə bir araya gəliblər. Hər halda prezidentlərin görüşü sırf hərbi-siyasi mahiyyət daşıdığı üçün baş qərargah rəislərinin bir araya gəlməsi təbidir. Bunu protokol qaydalarına görə, dövlət başçılarının görüşünə hazırlıq kimi də qiymətləndirmək olar.

Prezidentlərə gəldikdə, son vaxtlar hər üçünün bir-birinə sevgisi-sayğısı artsa da, müzakirələr zamanı fikir ayrılığı nəzərə çarpdı. Söz yox ki, Suriyanın ərazi bütövlüyü məsələsində hər üç prezident vahid mövqe nümayiş etdirir. Amma bu problemi həll eləmək, münaqişəyə son qoyaraq, Suriyanı əvvəlki halına qaytarmaq üçün təklif olunan siyasi çözüm formaları onları bir-birinə qarşı çıxarırdı. Ona görə də prezidentlər siyasi çözüm yollarının tapılmasını vacib sayaraq, xarici işlər nazirlərinə tapşırıqlarını veriblər.

Siyasi təzadlarda Türkiyənin mövqeyi daha qabarıq görünür. Ona görə ki, İran və Rusiyadan fərqli olaraq Türkiyə Suriya ilə 911 kilometrlik sərhədə malikdir – birbaşa qonşudur və 4 milyonadək suriyalı da bu ölkənin ərazisində nicat tapıb.

Ankaranın Soçi görüşündən bir sıra gözləntiləri var: Tərəflər terror təşkilatlarının Suriyanın gələcəyinə təhlükə törətdiyini qəbul eləməli, Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalında yerləşən terror ünsürləri təmizlənməli, zərəsizləşdirilməli, müxalifətin varlığı diqqətə alınmalıdır.

Göründüyü kimi, əvvəlki iki şərt PYD-nin terrorçu təşkilat kimi tanınması və zərərsizləşdirilməsini nəzərdə tutur. Amma nə Rusiya, nə də İran PYD-ni terror təşkilatı hesab eləmir. Ankara eləcə də, PYD-nin Suriya Milli Dialoq Konqresinə qatılmasına qarşıdır. Fikirlərdə ziddiyyət də buradan qaynaqlanır.

Amma nəzərdən qaçırmayaq ki, Türkiyə sözügedən Konqresdə kürdlərin təmsil olunmasını istəyir. Ancaq PYD deyil, digər kürd qrupları vasitəsilə. Türkiyə Afrin məsələsində də müttəfiqlərdən anlayışlı yanaşma gözləyir. Bu məsələdə G-20 zirvəsində Vladimir Putinin verdiyi sözü tutacağı gözlənilir. Yəni Türkiyə və Rusiya Afrində birgə əməliyyat keçirərək bölgəni terrorçulardan tam təmizləmək istəyir.

Qeyd edək ki, Afrin vilayətinin əhalisi 55 faiz ərəblər, 30-35 faiz kürdlər və qalan 15 faizi türkmənlərdir.

Soçi görüşünün bir özəlliyi isə Əsədin danışıqlarda tərəf olmasıdır. Axı İran və Rusiyadan fərqli olaraq Ankara əsədə qarşıdır. Buna baxmayaraq Putin özəl təyyarəsi ilə Soçiyə gətirdiyi Bəşər Əsədlə 7 ildir davam edəm vətəndaş müharibəsinin çözülməsi yollarını müzakirə edib, ona bir sıra şərtlərinin olduğunu da açıqlayıb. Əsədin də Rusiyanın həmin şərtlərini qəbul etdiyi bildiririlir. Maraqlıdır ki, müşahidəçilər danışıqlara tərəf olduğu üçün Əsədin hələ bir müddət hakimiyyətdə qalacağını düşünürlər. Yəni o, həm yeni seçkilərdə iştirak edəcək, həm yeni konstitusiyanın qəbulunda rol oynayacaq – qısaca, hakimiyyətini davam etdirəcək.

Yeri gəlmişkən, məhz prezidentlərin görüşü zamanı məlum olub ki, Rusiya Afrin ərazisindəki 6 ərazidən öz hərbi-polis gücünü çıxaracaq. Əlbəttə, Türkiyə ordusunun əməliyyat aparacağı gözlənilən bu bölgədəki rusiyalı hərbçilərin çıxarılması qərarı müsbət qarşılanıb və Ankara tərəfindən alqışlanıb. Hətta Putinin bu addımı Soçi görüşünün ən məhsuldar qərarı sayılır.

Amma məsəl var, sən saydığını say, gör fələk nə sayır. Bu cür müsbət qiymətləndirən Soçi görüşü keçirilən bir vaxt Suriyada problemlərin əsas tətikçisi olan ABŞ boş dayanmır, öz tərəfdarı olan Suriyadakı 30 silahlı qrupun nümayəndəsini Ər-Riyadda üçgünlük toplantıya yığıb. Yəni Vaşinqton bu yolla Suriyada yaranacağı gözlənilən sülhün qarşısını kəsmək məqsədilə yeni planlar hazırlayır.

Bu yerdə onu da yada salmaq lazımdır ki, Soçi görüşündə Suriyada yerləşən ABŞ müdafiə nöqtələrinin taleyi məsələsi də danışılıb…
Bütün hallarda Suriyanın gələcəyi məsələsində qalan bir qaranlıq məqam düşündürücüdür. İran prezidenti hələ Soçiyə yollanarkən təyyarədə deyib ki, Suriyanın yenidən qurulması prosesinə kənar qüvvələr yaxın buraxılmayacaq. Maraqlıdır: bu ölkənin gələcəyini müəyyənləşdirən Türkiyə, İran və Rusiya Suriyanın nəzərində kənar qüvvələr deyilmi? Deməli, adıçəkilən üç dövlət ABŞ və müttəfiqlərini oyundan kənarlaşdırmağa çalışırlar. Amma buna nə dərəcədə nail olacaqlar, bunu zaman göstərəcək.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) direktoru Hasan Oktay Soçi görüşü ilə bağlı qəzetimizə müsahibəsində bildirib ki, Suriyada müharibətin başa çatması üçün ancaq Türkiyə ilə Rusiya birlikdə qərar verə bilər. Onun fikrincə, Bəşər Əsədin Moskvaya getməsi bu problemin artıq çözülməsinə işarədir. Elə Türkiyənin də istəyi məhz budur.

“Rusiya Suriyadan çıxdığı halda müxaliflərin hər hansı şəkildə bu ölkədə qalaraq dövlət idarəçiliyi sistemində iştirak eləməsi mümkün deyil. Bu mənada Türkiyə və Rusiya lazımi müdaxilələri həyata keçirərək Bəşər Əsədlə gələcək üçün yeni bir idarəetmə formulu hazırlayacaqlar” deyən H.Oktay qeyd edib ki, bütün bu məsələlərin həllində prezidentlər Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin açar rolu oynayır: “Həm Ərdoğan, həm də Putin son zamanlar ən yaxşı anlaşan, bir-birini başa düşən liderlər hesab edilsələr də, əslində onların hər biri xaraktercə inadkar və amiranə davranışı ilə seçilir. Elə buna görə də Ərdoğanla Putinin qərarları bir-birinə qəbul etdirməsində çətinlik yaşanır. Amma maraqlıdır ki, bu gün Putin Ərdoğanın istəklərini qəbul edirmiş kimi görünür. Elə bu səbəbdən də Ərdoğan onun qarşısına daha ağıllı tələblərlə çıxmaqdadır. Çünki Ankaranın Moskva ilə anlaşması onun Qərblə münasibətlərinə qətiyyən zərər verməməlidir”.

H.Oktay bu qənaətdədir ki, Qərblə münasibətləri zədələmək indiki məqamda həm Türkiyəyə, həm də Qərbin özünə, hətta Rusiyaya da fayda verməyəcək. Buna görə də Türkiyə Rusiya ilə Qərb arasında daha çox körpü rolunu öz üzərinə götürmüş kimi görünməkdədir.

“Türkiyə hər şeydən əvvəl istəyir ki, Suriyada vəziyyət düzəlsin, həm də ən qısa zamanda. Bununla yanaşı Suriya torpaqlarında məskən salmış terror qruplarının Türkiyə torpaqlarına və xalqına qarşı təhlükəsinin qarşısını kəsmək Ankaranın ən böyük hədəflərindəndir. Suriyanın gələcəyi məsələsində Türkiyə ilk anda indiyədək hazırladığı planları bir yana qoyaraq daha sağlam və məntiqli gələcək naminə addımlar atmalıdır” deyib H.Oktay.

Vüsal Tağıbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir