KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərdoğan və Putinin anlaşmasını kim pozur?

Ərdoğan və Putinin anlaşmasını kim pozur?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
297 0

İdlibdəki silahlı qruplaşmalar, o cümlədən “ən-Nusra” və müttəfiq qruplaşmalar İdlib anlaşmasının baş tutmasına mane olur. Planın təyin olunmuş vaxtda icra olunmasına əngəllər yaradaraq provokasiyalar həyata keçirir.

Bu barədə mətbuata Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova açıqlama verib. Zaxarova deyib ki, İdlibdə silahsızlaşma planının icrası prosesi davam edir, lakin bu razılaşmanın icra olunmasından danışmaq tezdir. Çünki terrorçu təşkilatlar razılaşmanın icrasına mane olur, provokasiya yaradır.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri arasında İdlib anlaşması bu il sentyabrın 17-də əldə olunub. Prezidentlər arasında 4 saat davam edən danışıqlardan sonra əldə olunmuş razılaşma Suriyanın İdlib vilayətində atəşkəsi və silahlı qrupların ayrılması, arasında bufer zolağının yaranmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkməlidirlər. Oktyabrın 15-dək isə İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılacaq. Razılaşmaya əsasən bri sıra terrorçu qruplar, o cümlədən “ən-Nusra”, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxarılacaq.

Terrorçulardan təmizləndikdən sonra silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusunun patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsidir.

Ancaq ilk həftələrdə müəyyən uğurlar əldə olunub. Hətta silahlı təşkilatların ağır silah və texnikası aralıq bölgədən çıxarılıb. Ancaq sonradan proses dayanıb. Son zamanlarda isə Suriya ordusu ilə silahlılar arasında toqquşmalar yenidən başlayıb, artilleriya atışları qeydə alınır. İndi isə artıq Rusiya hökuməti də İdlib anlaşmasının ilişdiyini və “razılaşdırıldığı” formada davam etmədiyini etiraf edir. Bu isə ümumilikdə Suriyadakı münaqişənin həlli prosesini tormozlayır.

Qeyd edək ki, Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan İdlib vilayəti Suriyada silahlı müxaliflərin (kürdlər istisna olmaqla – K.R.) bütövlükdə nəzarət etdiyi yeganə vilayətdir. Vilayətdə 3 milyona yaxın insan yaşayır. Münaqişədən əvvəl İdlibdə 1,4 milyon insan yaşayıb, yerdə qalanlar daha sonra. Xüsusən də son illərdə Suriyanın müxtəlif bölgələrindən məğlub olan silahlılar İdlibə köçüb. Bundan başqa, vilayətdə 60 min silahlının olduğu ehtimal olunur. Onlardan 10 min nəfəri BMT-nin məlumatına görə, əl-Qaidə silahlılarıdır. İdlib vilayəti Suriyada münaqişə başladığı ilk günlərdən savaş meydanına çevrilib. 2015-ci ildə vilayət tamamilə silahlıların nəzarətinə keçib, “ən-Nusra Əmirliyi” elan edilib. Hazırda vilayət ərazisinin 60 faizə qədəri ən-Nusranın (HTŞ – Heyət Təhrir əş-Şam qruplaşması – K.R.) nəzarətindədir.

İdlib anlaşmasının baş tutması indiki şərtlərdə həm Türkiyə və Rusiyanın, həm də Suriyanın maraqlarına cavab verirdi. Çünki İdlibdə əməliyyatların başlaması Suriya ordusu üçün ciddi risk təşkil edir, ABŞ, Fransa, Britaniya və Almaniya kimi ölkələr açıq şəkildə Dəməşqi hava zərbələri ilə hədələyib. Yəni İdlib əməliyyatı baş verəcəyi təqdirdə Qərb ölkələri növbəti dəfə hökumət qüvvələrinə zərbələr endirəcək. Bu mənada Dəməşq bu mərhələdə atəşkəsə nail olur və üstəlik, İdlibin mühüm bir hissəsini, o cümlədən M-5 magistralını geri alır.

Türkiyə isə atəşkəsə nail olmaqla dəstəklədiyi silahlı müxalifəti qorumuş olur. Eyni zamanda formal olmasa da, Suriya hakimiyyəti və Rusiya da Türkiyə ordusunun İdlibdəki, yəni Suriyadakı varlığını qəbul edir, gələcək danışıqlarda da bu amili nəzərə alır. Bu mənada İdlib ilə bağlı anlaşma Rusiya-Türkiyə-İran üçlüyünün Astana ilə başlayan və Soçi ilə davam edən nizamlanma prosesinin uğuru hesab oluna bilər.

Lakin bu anlaşma bölgədəki bir sıra ölkələrin, o cümlədən hazırda Suriyanın şimalında güclü oyunçuya çevrilən ABŞ və Fransanın maraqlarına cavab vermir. Çünki bu mərhələdən kənarda qalan ABŞ və region müttəfiqlərinin Suriyada əsas təsir rıçaqı Suriya Demokratik Qüvvələri çətiri altında birləşmiş kürd qüvvələri olacaq. Onlar isə hələlik ehtiyatlıdırlar, regional güclərlə qarşıdurmaya getmək istəmirlər. Lakin Vaşinqton da hər keçən gün kürdləri yeni-yeni silah və texnika ilə təchiz etməkdədir. Ancaq eyni zamanda məlumdur ki, İdlib razılaşmasını pozan “ən-Nusra”, yəni “əl-Qaidə”nin gizli dəstəkçiləri ərəb dövlətləridir. Görünür ki, daha əvvəl anlaşmaya açıq olmasa da, riayət edən, hətta qüvvələrini geri çəkən “ən-Nusra”nın indi İdlib razılaşmasını provokasiya etməsi kənardan sifariş olunur. Ehtimal ki, bu prosesdə maraqlarını təmin edə bilməyən dövlətlər Putin-Ərdoğan anlaşmasının işləməsinə mane olur.


Kənan Rövşənoğlu,
Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir