KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ərəstun Oruclu; Putini kim əvəz edəcək: Bortnikov, Narışkin, yoxsa Şoyqu?

Ərəstun Oruclu; Putini kim əvəz edəcək: Bortnikov, Narışkin, yoxsa Şoyqu?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
404 0

Artıq bu gün aydındır ki, Putin və onun KQB-FSB silahdaşlarının qurduğu hakimiyyət iyerarxiyası Rusiyanın qarşısında duran fundamental vəzifələrin öhdəsindən gələ bilmədi. Müasir dünyada əsas güc göstəricisi olan sürətli texnoloji inkişaf bir neçə sahəni çıxmaqla əsasən Rusiyadan yan keçməkdədir. Bu gedişlə cəmi 15-20 ildən sonra Rusiyanın inkişafdan birdəfəlik geri qalması qaçılmaz olacaq. Nə qədər təəccüblü də olsa, dünyaya hipersonik raketləri, müasir hərbi təyyarələri və digər qorxunc silahları ilə meydan oxuyan ölkə əvvəl adi bir mobil telefon və ya kompüter istehsal edə bilmirdisə, bu gün artıq əhalisini kartofla, COVID xəstələrini oksigenlə təmin etmək iqtidarında deyil”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Ərəstun bəy, Ermənistan və Azərbaycan arasındakı son sərhəd toqquşmaları haqda fikriniz nədir? Sərhəddə aranı kim nə üçün qarışdırır? Baxışlar yenə də Moskvanın üzərindədir.

– Azərbaycan-Ermənistan sərhədindəki son qarşıdurma bütün əlamətlərilə süni şəkildə qızışdırılmış münaqişə kimi görünürdü, amma buna hazırlıq çoxdan gedirdi. Ermənistanda könüllü dəstələrinin yaradılması haqda məlumatlar, Araik Arutyunyanın mülki əhalini silahlandırmaq çağırışları, erməni yaraqlılarının Qarabağda bir neçə istiqamətdə təxribatları, Ermənistan müdafiə nazirinin Qarabağa qanunsuz səfəri və nəhayət, Azərbaycan Ordusunun postuna qumbara atılması kimi hadisələri qarşıdurma anonsu saymaq olar.

Qarşıdurmanın məhz sərhəddə törədilməsi isə iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ətrafında gedən mübahisələrdən qaynaqlanırdı. Daha doğrusu, həmin mübahisələrdən bu qarşıdurma üçün bəhanə kimi istifadə olundu.

Sual budur ki, qarşıdurma kimə lazım idi? Burda da baxışlar Moskva üzərinə yönəlir. Görünür, bu da səbəbsiz deyil. Əvvəla, Moskvanın üçtərəfli videokonfrans formatında görüş təklifinə Bakı və İrəvandan müsbət reaksiyanın olmaması, digər tərəfdən də İrəvanın Zəngəzur dəhlizinin açılmasını sabotaj etməsi fonunda Bakının İran-Ermənistan yolunun ölkə ərazisindən keçən hissəsinə nəzarəti gücləndirməsi Moskvada müvafiq reaksiya doğura bilərdi ki, bu da, fikrimcə, özünü sərhəd qarşıdurması şəklində büruzə verdi.

Bunun başqa bir səbəbi də Rusiyanın iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası başa çatanadək sərhədlərə nəzarət etmək istəyi ola bilərdi ki, görünür, bu da yuxarıda qeyd etdiyim üçtərəfli görüşdə müzakirə olunmalı idi. Amma görüş baş tutmadı və silahlar işə salındı.

– Rusiya əvvəlcə Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyini bildirsə də, sonradan bu təkzib olundu. Ermənistan baş naziri nəticəsiz görüşə getməyəcəyini dedi. Sonradan isə Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə görüşə razılıq verildi. Niyə Moskvanın təşəbbüsünə yox, Brüsselin səylərinə müsbət cavab verildi?

– Mümkün səbəblərdən birini yuxarıda göstərdim, amma başqa səbəblər də var. Əsas səbəb budur ki, həm Azərbaycanda, həm də Ermənistanda Rusiyanın yeganə vasitəçi olmasının mümkün fəsadlarını yaxşı anlayırlar. Bu, son nəticədə Moskvanın münaqişədən istifadə edərək regionda mövqelərini möhkəmləndirməsinə, xüsusilə də bunu hərbi güc yerləşdirməklə reallaşdırmasına şərait yaradır. Bu da hər iki ölkənin suverenliyinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını və həmçinin mübahisəli məsələlərin həllinin birmənalı şəkildə Moskvadan asılı olmasını qaçılmaz edirdi.

Bundan başqa bölgəyə əlavə hərbi güc yerləşdirən Rusiya bütün regional məsələləri də öz nəzarətinə götürmüş olardı. Belə şəraitdə həm Azərbaycanın, həm də Ermənistanın marağında idi ki, prosesə digər güclər də qoşulsun və ona görə Brüsseldən gələn təklif hər iki tərəfdən müsbət qarşılandı.

– Xarici mediada Qərb kəşfiyyatının yanvar ayında Rusiyanın Ukraynanın böyük hissəsinə qarşı hərbi əməliyyatlara başlaya biləcəyi barədə proqnozu dərc olunub. Sizcə, bu mümkündürmü?

– İndi Qərb mətbuatında belə iddialar çox geniş yayılmaqdadır və hətta iş o yerə çatıb ki, Rusiya rəsmiləri bunu təkzib edən bəyanat yaymağa məcbur oldular. Fikrimcə, belə iddialar heç də əsassız deyil. Rusiyanın Ukrayna ilə sərhədlərə böyük sayda hərbi texnika və canlı qüvvə toplaması, Ukrayna ordusunun müasir silahlarla təhciz olunması, hər iki ölkənin siyasi dairələrində siyasi ritorikanın durmadan sərtləşməsi və nəhayət, Belarusun Polşa və bəzi Baltikyanı ölkələrlə sərhədlərində süni şəkildə yaradılmış miqrant böhranı təhlükəli böyük planın görünən kiçik işartıları ola bilər.

Rusiya ətrafında yaranmış ümumi siyasi və geosiyasi mənzərənin təhlili də Avrasiya regionunun sanki hansısa böyük hərbi qarşıdurmalar ərəfəsində olduğunu deməyə əsas verir. Bunu deməyə əsas verən digər bir səbəb Rusiyanın daxilində cərəyan edənlərdir. Belə ki, bu ölkənin bütün əlamətlərilə sürətlə dərinləşən sosial-iqtisadi və ictimai-siyasi böhrana girdiyini demək üçün yetərincə əsaslar var.

Belə olduqda müharibə daxili vəziyyətin dəyişməsindən qaçmaq və bütün resursların səfərbər olunması üçün ən etibarlı vasitəyə çevrilə bilər. Görünür, həm bu, həm də Moskvanın geosiyasi ambisiyalarının durmadan artması paralel olaraq müharibə riskini də artıra bilər.

– ABŞ, İngiltərə və NATO-dan rəhbərlik səviyyəsində Rusiyaya açıq hədələr, xəbərdarlıq səsləndirilir. Rusiyaya qarşı hərbi müstəvidə cəza tədbiri seçilə bilərmi?

– Rusiyanın öz yaxın qonşularına və o cümlədən bir sıra NATO ölkələrinə qarşı aqressiv siyasətinə cavab olan sadaladığınız ölkələrin və onların üzv olduğu NATO-nun hədələrinin arxasınca hələlik Moskvaya qarşı daha ağır sanksiyaların gələ biləcəyini söyləmək olar. Onsuz da durmadan artan sanksiyalar Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyib, amma hələlik həmin sanksiyalar selektiv xarakter daşıyıb. Yəni, Rusiya iqtisadiyyatının iki əsas sektoruna – enerji və maliyyə bölmələrinə dərindən toxunmayıb. Amma sanksiyalar bu sahələrə tətbiq olunanda Moskva həqiqətən çıxılmaz vəziyyətə düşəcək və yəqin ki, Kreml elə bundan qaçmaq üçün də faktiki müharibə ilə şantajla məşğuldur.

İndi sual ondan ibarətdir ki, belə şantaj gözlənilən nəticəni verəcəkmi, yoxsa əksinə, kontrproduktiv olacaq? Burda da hər iki variant mümkündür. Avropa Birliyinin Fransa və Almaniya kimi ölkələri daha çox Rusiya ilə danışıqlar aparmağa meyilli göründükləri halda, ABŞ və Böyük Britaniya Rusiyanı yalnız sərt təzyiq vasitəsilə ram etməyin mümkün olduğunu düşünürlər.

Hərbi müstəvidə cəza tədbirinə gəlincə, Rusiyanın istər NATO üzvləri olan Polşa və Baltikyanı ölkələrə, istərsə də Ukraynaya qarşı hərbi təcavüzə al atacağı halda belə tədbirlərlə üzləşməsi qaçılmaz olacaq. Bu tədbirlərin dolayı və ya birbaşa olması isə Moskvanın qonşu ölkələrə qarşı aqressiyasının miqyasından asılı olacaq. Görünən isə hələlik Moskvanın nəbz yoxlamaq üçün Lukaşenkonun dili ilə verilən bəyanatlarından və yuxarıda qeyd etdiyim Ukrayna ilə sərhədlərə qoşun toplamasından ibarətdir.

– Rusiyalı ekspertlərin dilindən yenə də post-Putin dönəmi üçün proqnozlar səsləndirilir. Putinin gedişinin federasiya daxilində xaosa səbəb olacağını deyənlər də var, bu haqda danışmağın hələ tez olduğunu söyləyənlər də. Sizin bu haqda proqnozunuz nədir?

– Artıq bu gün aydındır ki, Putin və onun KQB-FSB silahdaşlarının qurduğu hakimiyyət iyerarxiyası Rusiyanın qarşısında duran fundamental vəzifələrin öhdəsindən gələ bilmədi. Müasir dünyada əsas güc göstəricisi olan sürətli texnoloji inkişaf bir neçə sahəni çıxmaqla əsasən Rusiyadan yan keçməkdədir. Bu gedişlə cəmi 15-20 ildən sonra Rusiyanın inkişafdan birdəfəlik geri qalması qaçılmaz olacaq. Nə qədər təəccüblü də olsa, dünyaya hipersonik raketləri, müasir hərbi təyyarələri və digər qorxunc silahları ilə meydan oxuyan ölkə əvvəl adi bir mobil telefon və ya kompüter istehsal edə bilmirdisə, bu gün artıq əhalisini kartofla, COVID xəstələrini oksigenlə təmin etmək iqtidarında deyil.

Rusiya kimi ölkənin təbii və digər resursları ilə belə acınacaqlı reallıq yalnız yarıtmaz idarəetmə sisteminin nəticəsi ola bilər. Bunun adı sistem böhranıdır. Belə böhran hakimiyyət uğrunda mübarizəni bir qədər də kəskinləşdirir.

Qaldı proqnoz məsələsinə, bu haqda sizinlə təxminən bir il əvvəl danışmışıq və fikrimcə, o zamandan bəri heç nə dəyişməyib. Bugünkü hakim KQB-FSB qruplaşması uğurlu manevr edərək daxili rotasiya həyata keçirə bilsə, Putini bu komandanın üzvlərindən biri əvəz edəcək.

Başqa sözlə, yalnız fasad dəyişəcək və həmin fasad Nikolay Patruşev, Aleksandr Bortnikov, Sergey Narışkin və ya bu komandanın başqa bir üzvü ola bilər. Böhran gözlənildiyindən daha sürətlə dərinləşsə və manevr imkanları əldən verilsə, o zaman Kreml Rusiyanın hakim iyeararxiyasının hərbi qanadının əlinə keçəcək. Onun da lideri məlumdur: bu, “Yeltsin klanı”, hərbi-sənaye kompleksi və ona yaxın institutlar, oliqarxlar tərəfindən dəstəklənən müdafiə naziri Sergey Şoyqudur.

Müəllif: Mənsur Rəğbətoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir