KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ərəstun Oruclu: Azərbaycan “Demokratiya sammitinə” niyə dəvət olunmadı?

Ərəstun Oruclu: Azərbaycan “Demokratiya sammitinə” niyə dəvət olunmadı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
372 0

İndi bu sualı çoxları səsləndirir və bəziləri hətta bunun cavabını da tapırlar. Ədalət naminə deyim ki, cavablarda da müəyyən həqiqətlər var, amma sualın cavabı yalnız o zaman tam və ədalətli olardı ki, o, özündə bütün səbəbləri əks etdirmiş olsun.

Bəli, bugünkü dünyada demokratiya, insan haqları, qanunun aliliyi, ədalət kimi dəyərlərin siyasi və geosiyasi maraqların reallaşdırılmasında istismar olunması artıq heç kəsdən sirr deyil. Heç həmin onları istismar edənlərin özlərindən də və bunu o qədər açıq-aşkar, utanmadan edirlər ki, suala, şərhə ehtiyac də qalmır.

Bəli, sammitə dəvət olunanlar arasında reputasiyası, ümumbəşəri dəyərlərə münasibəti xeyli suallar doğuran ölkələr də var, amma gəlin özümüzü kimlərləsə müqayisə etməkdən əl çəkək. Özümüzdən danışaq, ona görə ki, ölkəmizdə vəziyyətin necə olması ilk növbədə bizə-Azərbaycan vətəndaşlarına lazımdır.

“Azərbaycan niyə dəvət olunmadı?” sualının cavabını da elə bu kontekstdə axtarmaq lazımdır. Axı özümüzü kimlərləsə müqayisə bizə real heç nə vermir və bunu anlamağın zamanıdır. Əgər artıq gec deyilsə əlbəttə. Başqa sözlərlə, sualın cavabını öz ölkəmizin hüdudlarından kənarda yox, onun daxilində axtaraq.

Burda isə necə deyərlər, Kərəmi ağlamaq tutacaq. 30 ilə yaxındır nəinki azad və demokratik seçki adından qalaktik məsafətə olan, hətta yalançı görüntü xatirinə belə seçki keçirməyən ölkənin deməkratiya sammitində nə işi var? Bu 30 ildə həbsxanaları bircə gün də siyasi məhbussuz olmayan ölkə niyə belə sammitə dəvət olunmalıdır ki?

Oğruların, talançıların nazir, icra başçısı, qatillərin polis rəisi, cinayətkarların prokuror, qanuna tüpürənlərin hakim, adını yaza bilməyənlərin deputat təyin olunduğu ölkə niyə belə sammitdə iştirak etməlidir ki? 30 ildir bir ailənin obyekti olan coğrafi məkan niyə ölkələr siyahısına salınmalıdır ki?

Bəlkə Azərbaycan ona görə demokratiya sammitinə dəvət olunmalı idi ki, onun adı istisnasız olaraq bütün beynəlxalq korrupsiya cinayətlərində hallanır?
Vətəndaşları aclığa, yoxsulluğa möhtac edilən, şəhid ailələri və qaziləri addımbaşı alçaldılan ölkə niyə belə sammitdə iştirak etməlidir ki?

Maaşı həkiminin, müəlliminin maaşından iki dəfə artıq olan polisinin maaşının qaldırılması təklif olunan, yüz mindən artıq pensioneri aldığı qəpik-quruşdan məhrum edilərək aclığa məhkum olunan ölkə hansı haqla və niyə demokratiya sammitinə dəvət olunmalıdır? Bəs adicə uşaqpulu verməyən?

Nəhayət, minlərlə hərbçisinə vəhşicəsinə işgəncə verilən, onlarla hərbçisi öldürülən, bütün bu cinayətləri törədənlər isə mükafatlandırılan, vəzifədə böyüdülən ölkənin bütün bu qeyri-insani cinayətlərə rəhbərlik edən başçısının demokratiya sammitində nə işi var? Siz beləsini oraya dəvət edərdiniz?

Mən də dəvət etməzdim və sağ olsunlar ki, dəvət etməyiblər, çünki bunu etsəydilər sonra haqqı, hüququ, insan ləyaqəti, son tikəsi əlindən alınmış bu xalqı ümumiyyətlə günün günorta çağı küçənin ortasındaca kütləvi məhv edərdilər.
Ərəstun Oruclu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir