ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

“Ərəb baharı” geri qayıdır?

Gündem 12 Mart 2019
45

“Bu şəxslər iqtidarda qalmağa davam etdikcə, Sudan və Əlcəzairdə dayanıqlı sabitliyin yaranması çox çətindir” – politoloq
Son aylarda Əlcəzair və Sudanda başlayan hökumət əleyhinə kütləvi etirazlar nüfuzlu dünya mediasında inqilab dalğasının başlanması kimi qiymətləndirilir. Hazırda hər iki ölkədə hökumət əleyhinə etirazlar davam edir.

Şimali Afrika ölkəsi Sudanda artıq 3 aydır ki, xalq prezident Ömər əl-Bəşir əleyhinə etirazlar davam edir. İlk dəfə ötən ilin dekabrında əd-Damazin şəhərində çörək qiymətlərinə etiraz olaraq başlayan aksiyalar Sudanın digər bölgələrinə də yayılıb və artıq mitinqlər paytaxt Xartumda keçirilir.

Artıq yerli müxaliflər Ömər əl-Bəşirə qarşı birləşib. Sudan Peşəkarlar Birliyi, Sudan Çağırır, Milli Uzlaşma Qüvvələri və digər müxalif qruplar birgə “Azadlıq və Dəşiyiklik” deklarasiyası yayımlanıb. Etirazlar qarşısında Ömər əl-Bəşir bir qədər geri çəkilərək ölkədə qadın hüquqlarını məhdudlaşdırmaqda ittiham olunan “İctimai Nizam” Qanununu yumşaltmağa söz verib, eləcə də 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb. Bundan başqa dövlət və siyasəti ayırmaq adı ilə Milli Konqres Partiyası sədrliyindən getdiyini elan edib.

Şimali Afrikanın daha bir “çalxalanan” ölkəsi Əlcəzairdə isə xalq aprelin 18-də keçiriləcək prezident seçkilərində hazırkı ölkə başçısı, 82 yaşlı Əbdüləziz Buteflikanın növbəti, 5-ci dəfə namizədliyini irəli sürməsinə etiraz edir. Əsasən gənclərdən ibarət minlərlə etirazçı əlil arabasında gəzən və hazırda Avropada müalicə alan Buteflikaya “artıq get” deyir. Lakin etirazlara rəğmən prezident Buteflika martın 3-də, prezident seçkilərinə namizədlik üçün sonuncu gündə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Ancaq etirazlara baxmayaraq Əlcəzair hökuməti geri çəkilməyə hazırlaşmır. Ordu hələ də prezidentə sadiqdir, müdafiə naziri etirazçıları sərt müdaxilə ilə hədələyir. Vəziyyət isə günü gündən daha da gərginləşir. Martın 10-da gecə saatlarında Buteflika ölkəsinə dönüb. Lakin bu dönüş ciddi etirazlarla müşayiət olunub. ehtimal olunur ki, aksiyalar daha da güclənəcək.

Həm Sudan, həm də Əlcəzair Şimali Afrikanın ərazi və əhali baxımdan ən böyük ölkələri sırasındadır. Üstəlik bu ölkələrin yaxın tarixdə vətəndaş müharibəsi və üsyan “təcrübəsi” var. Və nəhayət, hər iki ölkədə uzun illərdir, davam edən avtoritar rejimlər artıq ölkəni idarə edə bilmir. Leninin məşhur nəzəriyyəsində deyildiyi kimi, artıq nə “yuxarılar” əvvəlki kimi idarə edə bilir, nə də “aşağılar” əvvəlki qaydada idarə olunmaq istəyir. Lakin həm də gözümüzün qarşısında inqilabların qanlı-qadalı ərəb təcrübəsi var. Bu mənada başlayan hadisələr ən azı iki ölkədə riskli nəticələr vəd edir, üstəlik ətraf qonşular da bu proseslərdən təsirlənə bilər. Ancaq ekspertlər baş verənləri “ərəb baharı”nın yeni dalğası adlandırmağa tələsmir. Baxmayaraq ki, hadisələri inqilab dalğası hesab edənlər də var.

Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Əlcəzair və Sudanda baş qaldıran etirazların “ərəb baharı”nın yeni dalğası kimi dəyərləndirilməsini yanlış saymaq olmaz, amma təbii ki, fərqli cəhətlər də yox deyil: “Ən azı ona görə ki, bölgə eynidir və baxmayaraq ki, Sudanda ərəblər çoxluqda deyil, hər halda, hadisələr müsəlman ölkələrində baş verir. Səbəblər də təxminən eynidir: Sosial-iqtisadi çətinliklər və avtokrat rejimlərin basqısının birləşərək həyatı dözülməz həddə çatdırması nəticəsində kütlələrin ayağa qalxmasını müşahidə edirik. Amma tam eyniləşdirmə aparmaq da doğru deyil. Məsələn, Sudan fərqlənir, orada “İhvan” cizgisindəki Ömər əl-Bəşir 30 ildir iqtidardadır, “ərəb baharı” dövründə isə siyasi islamçılar müxalifətdə idi. Digər tərəfdən, Sudan müxalifəti silaha və zorakılığa əl atmır, Suriya və Liviyada bunun tam əksini gördük. Əlcəzair örnəyinin bu baxımdan “ərəb baharı”, xüsusən Misirlə bənzərliyini qeyd etmək mümkündür. Əlcəzairdə islamçılar 91-сi ildə seçkilərdə qələbə çalmaq üzrəydi və dövlət onların hakimiyyətə gəlişinə yol verməmək üçün ikinci turu ləğv etdi. Bundan sonra ölkədə 2002-ci ilə qədər davam edən vətəndaş müharibəsi başladı və 200 minə yaxın adam öldü. 2011-ci ildə “ərəb baharı”nın Əlcəzairə yayılmaması məhz iç savaşın yaralarının hələ təzə olması ilə bağlı idi. İndi 82 yaşlı Əbdüləziz Buteflikanın ağır xəstəliyinə baxmayaraq, 5-ci dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi də daha çox islamçı revanş təhlükəsi ilə əlaqədardır”.

Ş.Cəfərli deyir ki, Misirdə olduğu kimi, Əlcəzairdə də ordu siyasətdə dominant rola malikdir, Buteflikanı da məhz generalitet və böyük biznes bir simvol kimi iqtidarda saxlamaq istəyir, çünki demokratik seçkini sabitliyə təhdid hesab edirlər: “Bu qorxuları Əlcəzair üzərində təsirə malik keçmiş metropoliya – Fransa da bölüşür. Çünki Əlcəzairdəki sabitlik bütövlükdə Aralıq dənizi hövzəsinin sabitliyi, bu ölkənin neft-qaz ixracının maneəsiz davam etməsi və yeni miqrant axınının baş verməməsi baxımından çox önəmlidir. Əlcəzair Avropa Birliyinin təbii qaz idxalında 3-cü yeri tutur. Neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə iqtisadi problemlər artıb (xüsusən cənubda) və etirazlar güclənib. İnsanlar onsuz da narazı idi. Məsələn, 2014-cü il seçkilərində bülletenlərin 25%-i seçicilər tərəfindən qəsdən korlanmışdı. Əhalinin yarısından çoxu 30 yaşa qədər olan gənclərdir və hazırkı aksiyaların nüvəsini onlar təşkil edir”.

Sudanda etirazları sosial-iqtisadi tələblərlə başladığını xatırladan Ş.Cəfərlinin fikrincə, burada da etirazlar getikcə daha çox siyasi tələblər üzərinə cəmləşir və inqilaba çevrilməsi realdır: “Sudanda isə 2018-ci ilin dekabrında çörək, un və yanacağın qiymətinin artırılması, dövlət sektorunda çalışanların maaşlarının 25% ixtisarı sosial partlayışa səbəb oldu, o zamandan bəri etiraz aksiyaları davam edir, baxmayaraq ki, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Prezident Ömər əl-Bəşir etirazçıları sakitləşdirmək üçün bəzi addımlar atıb, məsələn, hakim partiya – Milli Konqresin liderliyindən istefa verib, 2020-ci il seçkilərində namizəd olmayacağını vəd edib, hökuməti istefaya göndərib, iqtisadi islahatlar yolu ilə vəziyyəti sabitləşdirəcəyini bildirib. Lakin insanlar bu tədbirləri yetərli saymır. Ümumiyyətlə, ölkənin 2011-ci ildə parçalanması hazırkı problemlərin əsas səbəblərindən biridir. Bölünmədən sonra Sudanın neft ehtiyatlarının 65%-i cənubda, neft emalı müəssisələri və boru kəmərləri isə şimalda qalıb. Cənublular müstəqil olduqdan sonra neft gəlirlərini şimalla paylaşmayacaqlarını açıqladılar. Nəticədə Sudan büdcə gəlirlərinin 37%-dən məhrum oldu. Sonradan aparılan özəlləşdirmələr isə işsizliyi artırdı.

Rejiminin beynəlxalq təcridlə üzləşməsi də ciddi problem yaradır. Məlum olduğu kimi, Ömər əl-Bəşir beynəlxalq tribunal tərəfindən 2009-cu ildə Darfurda soyqırım və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq barəsində beynəlxalq axtarış alan olunub. Hələ də Darfur, Mavi Nil və digər vilayətlərdə toqquşmalar davam edir. Maraqlıdır ki, “ərəb baharı” dövründə Ömər əl-Bəşir etirazları dəstəkləmişdi, hətta Hüsnü Mübarəkə tövsiyə etmişdi ki, xalqın iradəsini nəzərə alsın. İndi isə belə görünür ki, onun özünə bu cür məsləhət verən lazımdır. Mən hesab edirəm ki, əhalini, xüsusən də gəncləri iqtisadi problemlərdən daha çox hakimi-mütləqlərin uzanan iqtidarları daha çox qəzəbləndirir. Ömər əl-Bəşir 30 il, Buteflika isə 20 ildir hakimiyyətdədir. Bu şəxslər iqtidarda qalmağa davam etdikcə, Sudan və Əlcəzairdə dayanıqlı sabitliyin yaranması çox çətindir. İnsanlar iqtisadi çətinliklərə dözə bilər, bir şərtlə ki, sabaha ümidləri olsun. Bu ümidin görünməməsi və ölməsi “ərəb baharı” da daxil olmaqla, bütün inqilabların təməl səbəbidir”.

Kənan Rövşənoğlu

Yorumlar