KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Məmməd Səid Ordubadi və Andranik arasında baş tutan görüş

Məmməd Səid Ordubadi və Andranik arasında baş tutan görüş

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
585 0

Sərnişin qatarının islığı(fiti) eşidilən kimi, birinci dərəcəli vaqon duran yer faytonların yanına qədər polis və jandarm tərəfindən əhatə edilmişdi. Kimsə buraxılmırdı. Mən müsafirin vağzaldan düşəcəyi pilləkənin qarşı­sında duran ikinci faytonda onu görməyə tələsirdim. Müsafir vağzaldan çıxdı. Bu zat məşhur erməni çitehçisi Andranik idi. Müsafir vağzaldan çıxar-çıxmaz, daşnaklar əski erməni padşahları vaxtının milli bayrağını qal­dırdılar. “Yaşasın! Yaşasın!” səslərinə rus jandarm və za­bitlərinin səsi qarışmışdı. Müsafir hərbi avtomobildə oturub Abramovun evində hazırlanmış mənzilinə get­di.

Biz yarın bu məsələni müzakirəyə qoyduq. İclasda Nəsrulla Şeyxov, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Sahibov, İsmayıl Bolqanlı, Arsen və Alek­sandr iştirak etdilər. Bu iki erməninin əvvəlincisi Culfa kəndlisi, ikincisi isə İrəvandan Culfaya ticarət üçün gəlmiş neft taciri idi. İclasda bədbəxt hadisəyə imkan verməmək üçün geniş müzakirə açılmışdı. Müzakirədən sonra Andranik ilə görüşmək, ondan erməni-mü­səlman ixtilafına yol verilməməsi üçün rica etmək, er­mənilərlə müsəlmanları qandırmaq, daşnakların fitnə­lərinə soyuqqanlılıqla baxmaq üçün müsəlmanları başa salmaq və s. bu kimi məsələlər qərara alındı…

Mühüm müsafirlər ilə müsahibə etmək üçün Ha­şım bəy Vəzirov mənə müxbirlik vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə ilə Andranik ilə müsahibə üçün Abramovun mülkünə getdim. Qapının qabağında dərzi Karapet fəxri qaravul durmuşdu. Karapet məni çox yaxşı tanıyırdı. Mən ona Andranik paşanı görmək və qəzet üçün müsahibə etmək istədiyimi söyləyərək vəsiqəmi göstərdim. Karapet nədənsə özünü itirmiş kimi nə deyəcəyini bilmədi. Azdan sonra:

– Yanında mühüm bir adam vardır. Gedin, yarım saatdan sonra gəlin.

– Eybi yoxdur, gözləyərəm. Qorxuram mən gedən­dən sonra başqası gəlsin.

– Sizi əmin edirəm ki, elə iş olmaz. Mən özüm gəlib sizə xəbər verərəm.

– Yox, sizin zəhmətinizə razı deyiləm. Bir az gözlə­məklə insan ölməz ki, – dedim.

Mən dedikcə Karapet də bəhanə gətirib məni kabi­netin qabağından uzaqlaşdırmaq istəyirdi. Nəhayət, mən heç vəcdlə qapıdan uzaqlaşmadım. Çünki içəridə olanlar ilə maraqlanırdım. Çox bəhanə və üzlərdən son­ra Karapet yenə mənə müraciət etdi:

– Elə isə gəlin otaqda oturub bir çay için. Andranik paşa sizi qapıda saxladığımı bilsə, bəlkə də, razı qalmaz.

– Şübhəsizdir ki, bunu paşaya bildirməməlisiniz, – dedim.

Biz bu danışıqda ikən Haykın qadını, yəni məşhur Culfa taciri Safrazyansın qızı rəngi qızarmış bir halda Andranik paşanın otağından çıxdı. Qadın 10 dəqiqə idi ki, getmişdi. Mən hələ qapıda durmuşdum. Yan otaqda erməni aristokrat qadınlarından daha bir neçəsinin oturduğunu və paşanı ziyarət etmək istədiklərini gör­düm. Karapet içəri girdi. Qəzet müxbirinin gəldiyini söylədi. Mən içəri girdim. Furaşkamı götürdüm. Sözü­mü nə ilə başlamağım haqqında düşünərkən Andranik “Mərhəba” – deyərək yumşaq bir səndəldə oturmağımı rica etdi. Özü də əlini çiynimə qoyub bərabərimdə əyləşdi:

– Söhbətə başlamazdan əvvəl bir qəhvə içsək ol­mazmı?

– Zəhmətinizə razı deyiləm.

– Burada Türkiyə qəhvəsi hazırlamırlar. Özüm ha­zırlamışam. Türkiyə qəhvəsinə adətiniz yoxsa, yenə də arkadaşlıq etməyinizi arzu edirəm.

– Məmnuniyyətlə bu arkadaşlığı qəbul edirəm.

Andranik ayağa qalxdı. Spirt ilə qaynayan qəhvə­dandan iki fincan qəhvə töküb gətirdi və əyləşdi:

-Türkiyədə bu vəziyyətləri yaradanların Allah bə­lasını versin. Mən ən sevdiyim Osmanlı məmləkətinin yabaçısı, kim bilir, bəlkə də, xaini kəsildim. Ölkədə görüb öyrəndiyim adətlərin heç birisindən əl çəkə bilmə­rəm. Qəhvədən, qəlyandan heç əl götürə bilmərəm.

Mən gülümsünərək:

– Osmanlı məmləkətini çoxmu sevirsiniz?

– Sevirəm. Orada seviləcək bir şey yoxdursa, mən yenə də sevirəm. Zira mənim çocuqluğum, gəncliyim orada keçmişdir.

Mən qəhvəni əlimə aldıqda o:

– Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?

– Qafqazlıyam, qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.

– Qafqaz hüduduna keçdiyimdən bəri birinci olaraq görüşümə bir türkün gəldiyindən ziyadəsilə məmnu­nam. Bununla bərabər, etdiyimiz müsahibənin qəzetə göndərilməsini də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq bir mahiyyət olmadığı bəllidir.

– Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı?

– İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat səhifəsinə girməyin vaxtı hələ yetişməmişdir.

Mən söhbəti uzatmaq istəmədim. Çünki Karapet içəri girib pristavın görüşə gəlmək istədiyini bildirdi və nə vaxt təyin edəcəyini soruşdu. Andranik isə bir saat­dan sonra qəbul edəcəyini söylədi. Demək, mənim otur­maq vaxtım azalırdı. Ona görə də dedim:

– Andranik paşa! Mən qəzet müxbiriyəm. Lakin si­zinlə yalnız qəzet müsahibəsi üçün deyil, mühüm bir iş üçün gəlmişəm.

Andranik özünü yığışdıraraq mənə diqqətlə baxdı.

– Dinləyirəm! Dinləyirəm!

– Mən bu yerlərdə çoxdan bəri yaşayıram. 1905- 1906-cı illərdə baş verən erməni-müsəlman ixtilafından törənmiş faciələrin bir çoxunu öz gözümlə görmüşəm. Mən hər iki tərəfdə dağılan kəndlər, yanan evlər, gü­nahsız öldürülən sürülərlə çocuqlar və qadınlar görmü­şəm. İndi də onları düşünərkən ürəyim ağrıyır. Hazırda Osmanlı-Rusiya münasibətinin pozulması nəticəsində əski faciələrin yenidən başlanması qorxusu meydanda­dır. Bu faciələrin zəmini hazırlanır. Zənnimcə, bunların qarşısını almış olarsınızsa, öz xalqınıza da böyük bir atalıq etmiş olarsınız.

– Nə olmuşdur? Hələ ki, bir hadisə baş verməmişdir.

Mən Naxçıvan, Culfa, Ordubad arasında olan bü­tün xırda hadisələri saydım. Paşa gözlərimin içinə ba­xırdı. Əlini çiynimə qoyub sözə başladı:

– Yavrum! Mənim saçlarım mübarizədə ağarmışdır. Mən mübarizəsiz yaşaya bilmərəm. Mübarizədə bir çox səhvlər də buraxmışam. Bir çox hadisələrdə isə bilərkən aldanmışam. Artıq ixtiyarlaşdım. Daha səhv etməməyə çalışacağam. Bu mübarizə – “İttihadi-tərəqqi” firqəsilə başladığım son mübarizədir. Bu mübarizənin planı bir dövlətin, yaxud bir diplomatın planı deyildir. Bu planı şəxsən mən özüm düzəltmişəm. Bunun üçün siz məhəl­li türkləri, bəlkə də, tanışınız olursa, ağıllı bildiyiniz erməniləri əmin edə bilərsiniz. Bu mübarizə türklər əleyhinə deyil, Osmanlı dövləti, daha açığı ittihadi-tərəqqiçilərin əleyhinədir. Əleyhimə çıxmayan hər bir türkün gözünü bağlayan erməni bizim hazırkı məqsədi­mizin düşmənidir. Mən bunu sözdə yox, işdə də göstə­rəcəyəm. Lakin siz türklərlə danışın. Onlar da ofaq-tüfək işlərə əhəmiyyət verməsinlər. Düşüncəm sizi qane etdimi? Siyasətlə işimiz yoxdur. Bizim üçün “İttihadi- tərəqqi” firqəsi də, daşnaksütyun firqəsi də firqəsizdir. Çünki onların hər ikisi bir sözü deyir. Bu firqələr ətra­fında toplananların hər ikisi bir millət olsaydı, bu iki firqənin kölgəsində sərvət qazanan burjuaziya birləşə bilsəydi, bu iki firqənin cəbhədən işləyəcəyi şübhəsiz idi. Çünki dedikləri, düşüncələri birdir. Hər birisi bir milləti hakim çıxarmağa çalışır. Halbuki bu xalqın hər ikisi birlikdə başqa bir vasitə ilə də hakim çıxa bilərdi. Doğ­rudur, arkadaş, məsləkiniz müqəddəsdir. Lakin onu xə­yal şəklindən çıxarıb həyata keçirmək olsaydı, bəlkə, mən sizinlə razılaşa bilərdim. Lakin bu müqəddəs dü­şüncəni Anadolu kürdlərinin başına yerləşdirmək və erməni ailələrini onların pəncəsindən qurtarmaq müm­kün deyildir.

Mən qalxdım. O, əlimi sıxaraq:

-Bu əvvəlinci və son görüşdür. Axşam getməliyəm, yenə də söhbət edərik. Lakin siz əmin olun ki, keçmiş xətaların təkrar olunmamasına çalışacağam. Bilirəm, fikriniz bir cəmiyyətin fikridir. Onlara salam söyləyin.

Paşa bu sözləri dedikdən sonra qalxdım. Əllərini belinə qoydu. Alnının üst qırışıqları yuxarı qalxdı, kaman şəklini aldı. Gözlərindən dərin bir düşüncə parladı…

P.S. Yazı Məmməd Səid Ordubadinin xatirələrindən götürülüb

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir