KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Əlimusa İbrahimov: Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər”

Əlimusa İbrahimov: Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər”

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
499 0

Rusiya ilə Ukrayna arasında ziddiyətlər getdikcə artmaqdadır. Qərb rəsmiləri bu barədə tez-tez açıqlamalar verir, Moskvaya xəbərdarlıqlar edirlər. Kremlin geri çekilmək fikri yoxdur. Kiyev isə hələ də qətiyyətlidir. Əslində zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra separatizmdən əziyyət çəkən digər dövlətlərin, o cümlədən Ukraynanın da torpaqlarının azadığı uğrunda hərəkətə keçəcəyi gözlənilən idi. Ancaq ssenari, həqiqətən, sonadək eynimi olacaq? Bunu şübhə altına salan obyektiv və subyektiv səbəblər var. Fakt isə ondan ibarətdir ki, tərəflər arasındakı təzyiq getdikcə artmaqdadır.
Proseslərin gələcək inkişafına dair BDU professor, politoloq Əlimusa İbrahimovla söhbətləşdik:
– Bir neçə aydır davam edən Rusiya- Ukrayna qarşıdurmasının müharibə ilə nəticələnmək ehtimalı nə qədərdir?
– Bu, indi çoxlarını düşündürən əsas sualdır. Yüz ildən bəridir ki, belə vəziyyət yaranmamışdı. Həm Rusiya, həm də Ukrayna indiyədək heç vaxt bu qədər qarşı-qarşıya gəlməmişdi.
– ABŞ niyə bu qədər canfəşanlıq edir?
– Çünki ABŞ və onun Avropa üzrə müttəfiqləri Rusiyanın SSRİ-ni bərpa edəcəyindən narahatdır. Əslində Rusiyanın son davranışları da buna əsas verir. Kreml ən azından öz nüfuzunu da da artırmaq istiqamətində addımlar atır. Və bu, dediyim kimi, bütün dünyada SSRİ-ni bərpa etmək səyləri kimi qiymətləndirilir. Yəni əslində Qərbi narahat edən Rusiyanın Ukraynanı işğal edəcəyi yox, keçmiş imperiyanı bərpa etmək cəhdləridir.
– Qərbin xəbərdarlıqları nə qədər səmimidir?
– Əslində ABŞ “Rusiyanın Ukraynaya hücuma keçəcəyi təqdirdə necə davranacağı” sualına hələ də cavab tapa bilmir. Amma Vaşinqton müharibəyə başlamayacaq. Çünki əks halda Moskva çıxılmaz vəziyyətdə qalıb nüvə silahından istifadə etməli olacaq. Bu, Qərbi qorxudur. Ümumiyyətlə, Avropa Ukraynaya görə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir. Çünki Avropa Rusiya qazından asılıdır. Bu mənada Qərbin Kremlə qarşı sanksiya tətbiqindən başqa görəcəyi tədbir yoxdur. Hərçənd sözügedən sanksiyaların da getdikcə təsiri azalacaq. Müəyyən müddətdən sonra Vaşinqtonun əlində Moskvaya qarşı tətbiq edə biləcəyi vasitəsi qalmayacaq. Bu nöqteyi-nəzərdən Qərbin Rusiyaya münasibəti dəyişməsə, ABŞ kəşfiyyatının dediyi kimi, fevralda olmasa belə, yaxın gələcəkdə Ukraynanın işğalı gözləniləndir. Ancaq məsələ ondan ibarətdir ki, Rusiya müharibə istəmədiyini deyir.
– Şimal qonşumuz, həqiqətən, müharibə istəmirsə, nə üçün savaş fonu yaradır?
– Rəsmi Moskva hazırda tərəddüd edir. Onun bundan sonrakı davranışı ABŞ-ın və Avropanın mövqeyindən asılıdır. Əgər Qərb güzəştə getsə, Kremlin işğalının qarşısını ala bilərlər. Halbuki hər iki tərəf geri çəkilməyəcəyini deyir. Hadisələrin necə inkişaf edəcəyini isə yaxın gələcək göstərəcək. Amma əgər ABŞ və Rusiya dünyaya sülhlə bağlı mesajlar verirlərsə, deməli, öz aralarında da razılığa gəlməyi bacarmalı, nümunə olmalıdırlar.
– Nə Vaşinqton, nə də Moskva geri çəkilirsə, razılıq necə əldə oluna bilər?
– Bildiyiniz kimi, Türkiyə son vaxtlar proseslərdə fəal iştirakçıdır. Qardaş ölkənin həm Rusiya, həm Ukrayna, həm də ABŞ-la münasibətləri normaldır. Bu mənada Ankaranın vasitəçiliyi gözləniləndir. Fikrimcə, Türkiyə yaxın vaxtlarda vasitəçi kimi “oyuna daxil olacaq”. Hətta, ehtimal var ki, həmin tərəflər özləri bu barədə Ankaraya müraciət edəcəklər.
– Ola bilərmi, Rusiyanı müharibədən çəkindirən amillərdən biri də Gürcüstan faktorudur?
– Bu, həmin məqamlardan biridir. Rusiyada çox yaxşı başa düşürlər ki, Ukrayna ilə vəziyyət daha da gərginləşsə, təkcə Gürcüstanda deyil, həm də Moldovada, Belarusda durum dəyişəcək. Moskvada bunu nəzərə alırlar. Ona görə də Kreml Ukraynanı digər vasitələrlə özünə tabe etməyə çalışacaq və son ana qədər hərbi əməliyyatlardan çəkinəcək. Ümumiyyətlə, müharibə Rusiya üçün ağır nəticələrə səbəb ola, hətta onun dağılmasına gətirib çıxara bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Kremlin ətrafındakı bir çox dövlətlə problem var. Bu, onun işini bir az da çətinləşdirəcək. Daha konkret desək, müharibə başlayacağı təqdirdə Rusiyanın yanında kimin olacağı sual altındadır.
– Potensial hərbi toqquşmada Çinin mövqeyi necə olacaq?
– Adını çəkdiyiniz dövlət adətən toqquşma vəziyyətlərində neytrallığını qorumağa çalışır. Bu ritorika potensial Rusiya- Ukrayna toqquşması üçün də istisna deyil. Pekinin həm Moskva, həm də Kiyevlə münasibətləri yaxşıdır. Rusiya ilə ABŞ arasında müharibə başlasa idi, Çin, çox güman, birincinin yanında olardı. Lakin dediyim kimi, indiki situasiyada Pekinin tərəf tutacağı gözlənilmir.
– İndiki gərgin vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri nəyə hesablannışdı?
– Bu, hər şeydən əvvəl Azərbaycanın müstəqil xarici siyasət yeritdiyinin, kimsədən asılı olmadığını göstərir. Bir il bundan əvvəl- İkinci Qarabağ müharibəsi zamanı Kiyev bizim yanımızda idi. İndi biz də, şübhəsiz, vəfa borcumuzu ödəməliyik. Səfərin əsas məqsədi iqtisadi çətinliklər yaranacağı təqdirdə, həmrəy olduğumuzu, Ukraynaya dəstək verəcəyimizi bildirmək idi. Düşünürəm ki, indi Ukraynaya da bizim iqtisadi sahədə dəstəyimiz daha çox lazımdır, nəinki hərbi istiqamətdə. Çünki NATO Kiyevi silah-sursat baxımından kifayət qədər təmin edir. Əlbəttə, səfər təkcə Ukrayna üçün deyil, həm də bizim üçün maraqlı və faydalı idi. Bu, xüsusilə ərzaq təminatı və təhlükəsizliyi məsələsində özünü göstərəcək. Ümumiyyətlə, zənnimcə, gələcəkdə Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər. Ankara- Kiyev əlaqələri isə bizim hərbi sənayəmiz üçün ciddi perspektivlər vəd edir.
– Bu yaxınlaşmalar, sizcə, Rusiyanı qıcıqlandırmır?
– Əlbəttə, əlaqələr Moskvanın narazılığına səbəb olacaq və bəlkə də, artıq olur. Amma Kreml indi buna biruzə verə biləcək, əks addımlar ata biləcək vəziyyətdə deyil. Rusiya bu ittifaqdan öz mənafeyi naminə istifadə etməyə çalışacaq. Necə ki, Türkiyə Cənubi Qafqaza gələndə bunu etdi. Nəzərinizə çatdırım ki, qardaş ölkə bölgəyə girməsə idi, şimal qonşumuzun işi çox çətin olacaqdı.
– Müharibə başlamasa, proseslər səngiyən templə inkişaf etsə, bu, Prezident Vladimir Zelenski əleyhinə narazılığa səbəb olmaz? Axı xalq artıq savaşa, torpaqların azadlığına köklənib…
– Bəli, etirazlar gözləniləndir. Əlbəttə, kimsə hakimiyyətini təhlükəyə atmaq istəməz. Amma bu o demək deyil ki, o, müharibədə maraqlı olmalıdır. Savaş bütün hakimiyyətlər, siyasi liderlər üçün itki deməkdir. Düşünün, hərbi əməliyyatlar başlasa, nə qədər insan həlak olacaq…Üstəgəl, nə ABŞ, nə də onun Avropadakı müttəfiqləri Ukraynanı müdafiə etməyəcək, tərəflər təkbətək qalacaq. Bununla belə, güman edirəm ki, bundan sonra Ukraynada hakimiyyət dəyişilsə belə, Qərbə meyil daha da güclənəcək, nəinki Rusiyaya.
– Bəs Krım, Donetsk və Luqanskın müharibəsiz azad olması mümkündür?
– Bunun üçün NATO Rusiyanın tələblərini yerinə yetirməlidir. Bu isə ağlabatan deyil. Ümumiyyətlə, o ərazilərin nəinki müharibəsiz, heç müharibə ilə də Ukraynaya qaytarılması mümkün görünmür.
Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir