KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Əli Kərimli kimdir?

Əli Kərimli kimdir?

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
557 0

Son vaxtlar ölkədə azad şəkildə sözünü demək, ya da sağlam cəmiyyətdə normal şərtlər altında yaşamaq istəyib, bunu dilə gətirən hər kəs səhərini açanda ilk ağlına gələn bu sual olur yəqin: Bu gün həbs olunsam, əcaba üstümdən nə çıxacaq – narkotik maddəmi, kitabmı?

Düzdür, həşəmətli iqtidar son vaxtlar bu sualın da mücərrədliyini aradan qaldırıb, indi həbs mövsümlərindən “Gülən mövsümüdür”.

Dünənə qədər narkomanlar, oğrular, xuliqanlar, İrana və Rusiyaya bağlı olanlar müxalif düşüncəli insanları xuliqanlıqda, oğurluqda, İran, Rusiyanın adamı olmaqda günahlandırırdılarsa, indi də Gülənçilər azad düsüncəli şəxsləri Gülənçilikdə günahlandırır.

Anormal hal yaranıb. Bu ölkədə Rusiyanın adamı, İranın agenti, nə bilim oğru, xuliqan, Gülənçi hakimiyyətdə oturub hələ utanmaz-utanmaz da Gülənçi, İrançı, Rusiyaçı ovuna çıxıb.

Milli Şuranı Rusiyanın layihəsi adlandıranlar özü Rusiyanın qoltuğunda siyasət yürüdür. Gülənçi ovuna çıxanlar özləri Gülənin buradakı qurumlarının himayədarlarıdır. İranın agenti deyib həbs etdikləri adamlara işgəncə verib əsl İranın agentləri ilə dolub daşan məscidləri görməzdən gəlirlər.

Beləcə ortaya ikrahedici bir tablo çıxır.

Və o tablonu çəkənlər iqtidardan aldıqları güclə bəslədikləri fırçaya elə aludə olublar ki, adi məntiqi unudublar. Bu məntiqsizliklə də Milli Şura, Əli Kərimli neçə quruma, örgütə, ölkəyə bağlı olmaqda günahlandırılır. Artıq siyahini izləmək çətindir.

Neçə gündür sosial şəbəkələrdə bu sual göz deşir. Demək olar ki, ən qatı kinayə ilə insanlar sual ünvanlayır iqtidarda oturmuşlara: Əli Kərimli kimdir? Necə oldu da Əli Kərimli ölkədə oturub bu qədər təşkilat və ya ölkə ilə “bağlantı qura” bildi? Axı deyirdiniz ki, müxalifət beş-on nəfərdən ibarətdir. Hər mitinqdə Səyavuş Novruzovu pusquya qoyub danışdıran və “beş-on nəfər qışqırıb getdi” dedirtdirənlər, nə oldu, indi birdən-birə o zəif, arxasız dediyiniz Əli Kərimli dünyanın ən böyük örgütləri ilə bağlantılı oldu?!. Barı öz dediyinizi inkar etməyin…

Əslində, hakimiyyətdə oturanların yanaşma və dünyagörüşü ilə bu qayət də mümkündür, çünki özləri eyni zamanda necə ölkəyə, necə quruma, neçə örgütə desəniz, bağlı ola bilirlər. İllərdir gah türkçü, gah rusçu, gah da demokrat, qərbçi, əslindəsə, monarxist-despot olanların hansı oyunlarını görmədik ki?!

İllərdir “hər kəsçi və hər şeyçi” olanların təkçə Azərbaycançı olmadığının şahidi deyilikmi?!

Belə olan halda Əli Kərimlini də 8 ay öncə Nardarandakı qətliamdan sonra İrana, ondan əvvəl məsələn, Leyla Yunusu həbs edəndə Qərbə, nə bilim Ermənistana, indi də Gülənə bağlamaq cəhdini tam başa düşmək mümkündür. Çünki hamını öz arşınınla ölçəndə mahiyyətdə ölçü anlayışı itir.

Bu baxımdan uzun illərdir ki, hakimiyyətdəkilər təkçə ölçünü deyil, məntiqi də itiriblər. İki gün öncə, eyni təşkilatdan – AXCP-dən Fuad Əhmədli güya Gülənin kitabları ilə həbs olunub, ondan bir gün sonrasa sən demə, illərdir proseslərin içində olan, hətta izləndiyini deyən Faiq Əmirli maşınında Gülənin kitablarını gəzdirirmiş?! Bu, nə məntiq?!

Yaxşı, bütün bu məntiqsizlik və zülmün tüqyanı niyə baş verir? İqtidarda oturub ölkəni zülmətə sürükləyənlər bu qədər məntiqsizliyi niyə özlərinə rəva görürlər?

Bütün bu suallara cavab arayanda görürsən ki, hər şey göründüyü kimi bəsit də deyil. Bütün bu məntiqsizliklərin həm də məntiqi bir ardıcıllığı var.

Son dövrlərin həbsləri ilə hakimiyyət özü gündəm yaradır. Düşünün, bu həbslər olmasaydı, əsas mövzu nə olacaqdı? Təbii ki, referendum! İndisə, sosial şəbəkə və mediada əsas gündəm nədir? Həbslər!

İqtidar bir güllə iki şikar əldə edir. Həm gündəmi zəbt edir, onu istədiyi kimi yönləndirir, həm də “arzu olunmaz” hesab etdiklərindən qisas alır.

İkinci, Əli Kərimliyə qarşı bu hücümlar niyə pik nöqtəyə qalxdı? Çünki referendum məsələsində bir çox siyasi qurumlar öz narazılıqlarını dilə gətirsə də, tək Milli Şura və AXCP mitinqlər məsələsi üzərində durdu və referendumla bağlı Əli Kərimli uzun illərdən sonra milli müqavimət hərakatı ilə bağlı davamlı fikirlər səsləndirdi.

Təbii, soruşula bilər ki, Xalq Cəhbəsinə qarşı səlib yürüşünə keçilibsə, niyə Natiq Cəfərli, NİDA-çılar da hədəfə gəldi? Çünki həbslərin dalğası daha geniş miqyaslı olduqca, topluma qorxu daha çox sirayət edir.

Biz adətən həbslər olduqda onun bütün acı və haqsız yanlarını işıqlandırıb, bununla da toplumda hiddətin artacağını hesablayıb düşünürük ki, xalq bu ədalətsizliyə qarşı etiraz edəcək. Amma unuduruq ki, belə ədalətsizliklər adətən siyasi şüuru inkşaf etmiş cəmiyyətlərdə hiddətin artmasına səbəb olur, bizim kimi qorxu və cəsarətsizliyi ilə özünü qoruyacağını hədəfləmiş toplumlar üçün bu kimi həbslər əksinə, qorxunu daha da gücləndirir və beləliklə, iqtidar referendum qabağı təyin edilmiş mitinqlə bağlı necə deyərlər, indidən tədbir görür. Qorxunu tirajlayıb mesaj verir ki, onun üçün fərqi yoxdur, etiraz edəni ən məntiqsiz şəkildə həbs edə bilər. Çünki iqtidarın ağıllı və sanballı görünmək kimi bir qayğısı yoxdur. Güclü görünsün, bəsidir!

P.S

Yazını oxuyan təbii ki, özlüyündə belə bir sual verəcək: Yaxşı, bütün bunları bildik, bəs nə etməli?

Doğrudan da nə etməliyik axı? Bəlkə həbs ediləni çuvalda gizlədək, “Nardaran işi”ndəki dəhşətləri mediada işıqlandırmayaq ki, qorxu çoxalmasın?! Referenduma qarşı çıxış etməyək, nə edək axı? Bu zülmdən necə qorunub, necə xilas olaq?

Sadəcə azadlıq və ölkən üçün savaşıb, həbsləri, ölməyi gözə almaq lazımdır. Mənim bildiyim bu. Sizin bildiyiniz başqa yol varmı?
Zümrüd Yağmur

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir