Çin çox ayıqdır və Amerikanın qurduğu tələyə düşməyəcək.
Bu o demək deyil ki, Misir ABŞ-ın ondan istədiyi hər şeyi edəcək.
Türkiyə ilə Ermənistanın yaxınlaşmasından sonra Rusiya Cənubi Qafqazda mövcud olmayacaq.
Misirli analitik, Yaxın Şərq və Türk dünyası məsələləri üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk Bizim.Media-ya verdiyi müsahibədə bu fikirləri səsləndirib. Həmin müsahibəni diqqətinizə təqdim edirik:
– Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlamalarından birində ABŞ-ın Rusiya ilə münasibətləri dayandırmasına görə təzyiq etdiyi ölkələrin adlarını açıqladı. Bu ölkələrin siyahısında Misir də var…
– Bir çox dağıdıcı silahların istifadə edildiyi Rusiya-Ukrayna müharibəsi, təkcə hərbi silahlarla məhdudlaşmır. Diplomatik, siyasi, elektron və s. silahlar fonunda bir tərəfdən Rusiya ilə Ukrayna arasında böyük media müharibəsi aparılır. Digər tərəfdən ABŞ və Qərb ölkələri media vasitəsilə bu müharibədə iştirak edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu açıqlaması da belə xarakter daşıyır. O, bildirib ki, ABŞ bir çox ölkələrə Rusiyanın Ukraynadakı müharibəsini pisləmək üçün təzyiq edir. Bu, müəyyən dərəcədə doğrudur, çünki Birləşmiş Ştatlar Misir də daxil olmaqla dünyanın bir çox ölkələrinə təsir gücünə malikdir, çünki Misir 1979-cu ildə Misir və İsrail arasında imzalanmış sülh sazişinə əsasən ABŞ-dan hər il bir milyard dollar məbləğində hərbi yardım alır. Lakin bu o demək deyil ki, Misir ABŞ-ın ondan istədiyi hər şeyi edəcək.
Həqiqətən də ABŞ Misirdən Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməyi istədi, lakin Misir bunu etmədi və Rusiya ilə güclü əlaqə kanallarını saxladı, çünki Rusiya ilə Misir arasında da böyük maraqlar var. Rusiyanın Misirin qərbindəki “Daba” bölgəsində nüvə stansiyasında həyata keçirdiyi proqramlar və iki ölkə arasındakı böyük hərbi və iqtisadi əlaqələr səbəbiylə Misirə gələn çox sayda rus turist var.
Buna görə də Misir bütün dünya ölkələri kimi ABŞ və xüsusilə Rusiya ilə münasibətlərində balansı qorumağa çalışır.
– Xüsusən də inqilabdan sonra Misir iqtisadiyyatında azalmalar müşahidə olundu. Bunun üzərinə ABŞ-ın sanksiyalarını da əlavə etsək Misirin vəziyyəti necə olar?
– Əvvəldə dediyim kimi, Amerikanın Misirə yardımının həcmi bir milyard dollardır və bu, Misirin ümumi büdcəsinin böyüklüyü ilə müqayisədə böyük məbləğ deyil və Misir iqtisadiyyatına heç bir təsiri yoxdur. ABŞ-dan Misirə qarşı digər iqtisadi sanksiyaların tətbiqinə gəlincə, ABŞ-ın bunu etməsi praktiki olaraq qeyri-mümkündür, çünki ABŞ-ın Misirlə böyük əlaqələri və ümumi maraqları var və düşünürəm ki, ABŞ Misirə qarşı sanksiyalar etməz, çünki ABŞ-ın regiondakı maraqları ən çox zərər görəcək, həmçinin Misir region ölkələri və ABŞ-ın strateji müttəfiqi kimi İsraillə mürəkkəb münasibətlərə malikdir.
Misirin Rusiya, Çin və Avropa Birliyi kimi böyük dövlətlərlə də güclü əlaqələri var. Yəni, böyük alternativlər var.
– Mətbuatda Ukrayna-Rusiya müharibəsinin yaxın şərq ölkələri arasında da gərginliyi artırdığı haqqında fikirlər var. Bu barədə nə düşünürsünüz?
– Rusiya-Ukrayna müharibəsi hələ başa çatmayıb və onun nə vaxt bitəcəyini və nəticələrinin nə olacağını heç kim bilmir. Lakin bu müharibə regionun tarixində bir dəyişiklik yaratdı və münasibətlərin təkcə region ölkələri arasında deyil, həm də beynəlxalq münasibətlər müstəvisində başqa bir situasiyaya sahib olacağını görürük. Dövlətlər arasında münasibətlər xəritəsinin yenidən cızılacağına və bu münasibətlərin müharibədən əvvəlkindən fərqli olacağına əminəm.
– Əgər Çin Tayvana hücum edərsə, Şərq regionunda nə kimi dəyişikliklər baş verər?
– Ümumilikdə, Çin “sakit yüksəliş” üsuluna riayət edir, yəni iqtisadi, hərbi və texnoloji gücünü əsas dövlətlərlə, xüsusən də ABŞ-la hər hansı münaqişədən uzaq qurmaq istəyir və buna görə də onunla hər hansı bir münaqişə yaratmağı düşünmür.
Rusiyanın Ukraynadakı müharibəsi onun üçün həm də əla dərsdir, Çin bunu savadlı təhlil edir və hazırda bütün münaqişələrdən uzaq sakit siyasət aparır.
Ona görə də Çinin hər hansı qonşu dövlətlə hərbi münaqişəyə girməsini tamamilə istisna edirəm. Zaman-zaman Çini provokasiya etməyə çalışan ABŞ, Tayvanda Çinin hücumu məqsədilə qorxu yaradıb tərəfləri münaqişəyə sövq etməyə çalışır. Amma düşünürəm ki, Çin bu məsələdə çox ayıqdır və Amerikanın bu tələsinə düşməyəcək.
– Ukrayna-Rusiya müharibəsinin bizim yaşadığımız Cənubi Qafqaza təsiri ilə bağlı fikirlərinizi eşidək.
– Cənubi Qafqaz “Azərbaycan, Gürcüstan, Ermənistan” keçmiş Sovet İttifaqının bir hissəsidir və Rusiya ümumilikdə keçmiş Sovet İttifaqının respublikalarını özünün təsir zonaları hesab edir və xüsusən də Cənubi Qafqazla bağlı əsas söz sahibi kimi mövcud olmağa çalışır. İndi Ukraynaya müdaxilə etdiyi kimi 2006-cı ildə də davamlı olaraq Gürcüstana müdaxilə edib, Abxaziya və Cənubi Osetiyanı ilhaq edib, Gürcüstandan ayırıb. Ermənistana uzun illər Rusiyanın seçdiyi adamlar hakimlik edirdi, lakin baş nazir Nikol Paşinyan Qərb yönümlü idi. Azərbaycanın Türkiyə ilə strateji əlaqələri var və bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazda, xüsusən də Ermənistanın Türkiyə və Azərbaycanla fikir ayrılıqlarına son qoymasına yol açan 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra artıq bölgədə böyük varlığı yoxdur.
Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda baxsaq görərik ki, Rusiya yenidən Cənubi Qafqaza qayıtmağa can atır və bunun nəticəsində Rusiyanın qüvvələrinin Qarabağa yerləşməsinə nail olunub, amma düşünürəm ki, burada sona kimi mövcud olmayacaq.
Xüsusən də Türkiyə ilə Ermənistanın yaxınlaşmasından sonra bu baş verə bilər. Biz Ermənistanın xarici işlər nazirinin Türkiyəyə səfərini və onun “Antalya Diplomatik Forumunda” iştirakını gördük, ona görə də inanıram ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olması üçün beşillik keçid dövrü başa çatdıqdan sonra rus sülhməramlılarının Qarabağda mövcudluğu başa çatacaq.
Ukraynadakı müharibədən sonra Rusiya, ABŞ və Qərbin ona qarşı yaratdığı sanksiyalar nəticəsində üzləşdiyi iqtisadi problemləri ilə məşğul olacaq.
Leyla Şah, Bizim.Media