Rus uçakları Suriye’de kimyasal saldırı provokasyonuna hazırlanan teröristleri imha etmiş

Rus ve Ukraynalı Papaz kavgasında Türkiye taraf mı?

Azərbaycan Sarkisyanın B planından lazımınca istifadə edə bilər

Uluslararası Kudüs Konferansı’nda neler yaşandı?

Yaxın Şərq məzhəb düşmənçiliyi kimə və niyə lazımdır?

Gündem 21 Ekim 2016
741

Mısul əməliyyatı və İraqla Türkiyə arasında yaranmış siyasi anlaşmazlıq məzhəb mübahisələrini yenidən qızışdırıb. Türkiyənin neosələfi cərəyanın təsiri altında olan mediası ölkə prezidentinin Mosulla bağlı açıqlamasını şiə-sünni müharibəsi kimi qələmə verməyə çalışır. Təəssüf ki, Türkiyə cəmiyyəti və ordan təsirlənən bəzi azərbaycanlılar da bu propoqandanın təsiri altındadır. Hər kəsdə bir eyforiya var.

Hər şey ondan başladı ki, Türkiyə prezidenti Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına İraqın könüllü hərbi dəstələrinin (Həşdi Şabi) qatılmasına qarşı çıxan açıqlama verdi. Əsas arqument də odur ki, İraqın könüllü hərbi dəstələri şiədir, onların Mosula girməsi sünni qətliamına (!?) səbəb ola bilər. Və Türkiyə buna qarşıdır, Mosulun azad edilməsi üçün öz ordusunu təklif edir. Bu məsələnin, mübahisələrin nə ilə yekunlaşması mövzusunu və dartışmaları yazmaq istəmirəm. İraq faktiki olaraq 13 ildir Amerika işğalı altındadır və təbii ki, Vaşinqton istəmədiyi üçün Türkiyə bu əməliyyata qatıla bilmir. Bunun ən bariz sübutu hazırda Mosul əməliyyatına qatılmaq istəyən Türkiyə hökumətinin danışıqları Vaşiqntonla aparmasıdır. Üstəlik İraq ordusu və kürd dəstələri kifayət qədər olduğu üçün hansısa kənar ölkəni istəmir.

Amma mənim mövzum bu deyil. Müsəlman aləmində 100 ildir müharibələr, terror davam edir. Və ağlı baş.ında olan hər kəsə məlumdur ki, bu savaşların, terrorun arxasında siyasi, iqtisadi, enerji maraqları dayanır. Olanlar o qədər aşkardır ki, indi bunu kimsə sübut etməyə də ehtiyac duymur. Və hər şey göz önündə olduğu halda hələ də bu maraqlar müharibəsini hardasa məzhəb davası, din davası adı qoyaraq müsəlmanların insanclarının istismar edilməsi cəhdini görmək çox ağrılıdır. Ən pisi də odur ki, müsəlman aləmi üçün ən ağrılı məsələ məhz Türkiyə üzərində servis edilir. Doğrudanmı, bu qədər olanlardan sonra biz hələ də olayların əsl səbəbinin İslamın ilk illərində baş vermiş olaylara dayanan məzhəb fərqləri olduğuna inanırıq?

İslam dünyasının mərkəzində yer alan Türkiyənin indi Yaxın Şərq müharibələrinə məzhəb kontekstindən baxaraq siyasi yozumunu “sünni-şiə davası” üzərindən aparması nə qədər məntiqlidir və ən azı Türkiyənin maraqlarına cavab verir?

Məzhəb ritorikasından ən çox zərbə alacaq dövlətin və xalqın türklər olduğunu kiməsə rəqəmlərlə izah etməyə gərək varmı? Türk toplumunun yayılması coğrafiyası və dini müxtəlifliyi elədir ki, bu cür məzhəb ayrı-seçkiliyi ilk növbədə türk toplumlarına zərbə vurur.

Suriyada 2 milyonluq türkmən toplumunun bir qismi ələvilərdir. İraq türkmənlərinin böyük çoxluğunu yenə şiə türkmənlər təşkil edir. İranda 35 milyon türk əhalinin böyük əksəriyyəti şiədir. Nəhayət, Azərbaycan əhalisinin böyük bir qismi şiədir. Bir qədər uzaqda Əfqanıstanda, Orta Asiyada türk toplumları məzhəb fərqliliyini qoruyub saxlayır.

Nə yazıq ki, indi Türkiyənin İranla siyasi rəqabətini şiə-sünni davası kimi təqdim edən media və “ekspertlər” yaxın tarixdə nəsə tapmadıqları üçün 500 il əvvələ – Osmanlı-Səfəvi müharibələrinə istinad edirlər. Tamamilə zidd siyasi, ideoloji, etnik şərtlərin tamamilə fərqli olduğu Orta Əsrlərə.

Türkiyə regionun lider dövləti, uzun tarixi bir təcrübəsi, bölgədə təsir gücü olan, ənənələrə söykənən bir dövlətdir. Türkiyənin etnik düzəni, tarixi və mövcud durumu onu heç bir halda məzhəb üzərindən siyasət yürütməsinə imkan vermir. Bunu etmək Türkiyənin mövqeyini və vizionunu kiçiltməkdir.

Məsələ onda deyil ki, indi 16-cı əsr deyil, Osmanlı-Səfəvi müharibələri uzaq tarixdə qalıb.

Yalnız ona görə yox ki, indi nə Osmanlı var, nə də Səfəvi. Həm də ona görə ki, indi dünyanın, xüsusən də Yaxın Şərqin, müsəlman aləminin şərtləri dəyişib, özü də çoxdan.
1798-ci ildə Napoleon orduları Misirə daxil olması ilə müsəlman dünyası üçün yeni era başlayıb. Onda artıq qüdrətli müsəlman dövlətləri yox idi, mürgüləyən Osmanlı, Qacar sülalələri çoxdan barışıb sərhədlərinə çəkilmişdilər. Bu, yeni era idi, ilk dəfə xarici işğalçılar müsəlman ölkələrinə ayaq açırdı. Misirin işğalından az sonra Ərəbistan səhralarında ingilislərin qızışdırdığı üsyançı ərəblər (Əbdül Vəhhabın ardıcılları) İraqa yürüşlər etməyə, Osmanlıya qarşı savaşmağa başladı. Dünyanın imperialist dövlətləri müəlman şərqini işğal etməyə girişmişdilər.

Məhz bu zaman xarici işğalçılara qarşı ilk dəfə birlik ortaya qoyuldu. Çünki artıq Osmanlı-Səfəvi müharibələri tarix idi, yeni işğalçıya qarşı birlik lazım idi. Məhz bu məqsədlə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində artıq İngiltərə işğalına qarşı Osmanlı sultanı Əbdülhəmid Nəcəf müctəhidlərinə məktub yazaraq dəstək istəyirdi. Cavab müsbət olmuşdu, iraqlılar ingilis işğalına qarşı Osmanlının yanında yer aldılar. O zaman kimsə məzhəb ayrılığını və ya Osmanlının xilafət olduğunu düşünmürdü.

1921-ci ildə Atatürk Türkiyəsi və Avropa Mosul şəhərinin statusu üzərində anlaşa bilmədi. Atatürk Mosulu Türkiyə Cümhuriyyətinin tərkibində görmək istəyirdi, ingilislər isə qurduqları İraq dövlətinin.

Həmin günlərdə Mosulda məhz şiə üləmanın cihad fətvası ilə ingilis işğalçılarına qarşı üsyan başladıldı. Türkiyə həmin vaxt üsyana dəstək verə bilmədiyi üçün ingilislər üsyanı yatırdılar və üsyançıları, Mosulun şiə əhalisini ağır cəzalandırdılar.
Türkiyənin tarixinə baxmaq istəyənlərin 500 il əvvələ deyil, 100 il əvvəlki Osmanlı tarixinə İkinci Əbdülhəmidin məktublarına istinad edə və ya Cümhuriyyət tarixində Mosul üsyanına baxa bilərlər. Nə Nəcəf üləması Sultan Əbdülhəmidə, nə də Mosulda Atatürkə dəstək verəndə kimsə məzhəb haqda düşünmürdü. Çünki işğal vardı. Ancaq aradan 90-100 il zaman keçib, hər kəs bu olanları yada salmaq istəmir, daha uzaq tarixə gedib iki türk imperiyası savaşını məzhəb müharibəsi kimi təqdim edib türk-müsəlman toplumunu zəhərləyirlər.

Əlbəttə, hər bir dövlətin yaxın və uzaq siyasi strategiyası, maraqları və bu maraqlarını gerçəkləşdirmək üçün siyasəti var, olmalıdır. Amma bu siyasəti reallaşdırmaq üçün müsəlmanların həssas yeri olan inanclarını istifadə etmək, insanlar arasında nifrət toxumları səpmək ilk növbədə xalqlara və dövlətlərə, gələcəyimizə böyük zərbədir. Bunu görmək və qiymətləndirmək lazımdır, əks halda çox gec olacaq.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar