Putindən sonrakı Rusiya necə olacaq?

Hocali Moskova’da anıldı

Avrasya Kombat ciu-citsu federasyonun yeni başkanı Aqil Acalov seçildi

Yeni okumalar ışığında Ziya Gökalp

XƏZƏRİN STATUSU 2018-Cİ İLDƏ MÜƏYYƏNLƏŞƏCƏKMİ?

Gündem 11 Şubat 2018
32

SSRİ 1991-ci ildə dağıldıqdan sonra ən problemli məsələlərdən biri də Xəzərin statusuyla bağlı idi. Əvvəllər Xəzərin statusu iki sahilyanı dövlət – SSRİ və İran arasında müəyyənləşmişdi. Ancaq SSRİ-nin dağılmasıyla Xəzəryani dövlətlərin sayı 5-ə çatdı: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Ona görə də Xəzərin statusu mövzusu yenidən aktuallaşdı və danışıqlar məhz bu ölkələr arasında aparılmağa başladı.
Xəzərin statusuyla bağlı 1990-cı illərin əvvəllərində aparılan danışıqlar çox ağır gedirdi. İran SSRİ ilə imzaladığı müqavilələrdən fərqli olaraq, Xəzərdə daha böyük paya iddiasını irəli sürdü. Türkmənistan da Azərbaycanın hələ SSRİ illərində kəşf etdiyi neft yataqlarının mübahisəli ərazilərə düşdüyünü iddia edirdi. Söhbət Azərbaycan neftçilərinin kəşf etdiyi “Kəpəz” yatağından gedir, Türkmənistan isə həmin yatağı “Sərdar” adlandırır. Azərbaycan sonrakı illərdə bu mübahisəyə son qoymaq üçün “Kəpəz” yatağını Türkmənistanla birgə işlətməyi təklif etdi.
Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1994-cü ildə Qərbin böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Bu, Azərbaycanın böyük uğuru idi. Çünki Xəzərin statusuyla bağlı Rusiyanın Azərbaycana iradları olmasa da, Moskvadakı siyasi mərkəzlər Bakının Qərbin iri neft şirkətləri ilə imzaladığı sazişdən narahat idilər. Ancaq ulu öndərin müdrik siyasəti nəticəsində saziş imzalandı və həmin sazişdə hətta Rusiyanın neft şirkətinin də payı oldu. Bu pay Moskvanın etirazlarını azaltmağa imkan verdi. Sazişdə İran şirkətinin də iştirakı təmin edilmişdi ki, eyni zamanda bu, Tehranın da “neft müqaviləsinə” qarşı müqavimətini zəiflətməli idi.
“Neft müqavilələri” əsasında çalışmalar başladı, Azərbaycanın gəlirləri artdı. Buna rəğmən, Xəzərin statusu müəyyənləşmədi. Danışıqlar bugünə qədər uzanıb. Nəhayət, ötən ilin dekabr ayında elan olundu ki, sahilyanı ölkələr danışıqların finişinə yaxınlaşıblar. Sahilyanı ölkələrin xarici işlər nazirləri 2017-ci ilin dekabrında Moskvada Xəzərin statusuyla bağlı müzakirələri davam etdirdilər. Müzakirələrin nəticəsi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, 20 illlik çalışmalar yekunlaşmaq üzrədir və Xəzərin Konvensiyasının il ərzində imzalanması perspektivi yüksəkdir. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Dəqiq tarix hələ müəyyənləşməyib.
Nazirlərin razılaşdırdıqları Konvensiyanın mətni dövlət başçılarına təqdim ediləcək. Böyük ehtimalla sahil ölkələrinin prezidentləri sənədi dəstəkləyəcəklər. Bundan sonra Konvensiyanın təsdiqi ilə bağlı prezidentlərin Qazaxıstanda yekun sammiti keçiriləcək. Moskvadakı müzakirələrin yekunu olaraq Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşma da əldə olundu.
Moskvadakı qərarlardan biri də gələn il Xəzər dənizində Xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsinin planlaşdırılmasıdır. Sergey Lavrovun da sözlərinə görə, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Rusiyanın xarici işlər naziri buna misal olaraq, 2017-ci ildə Xəzəryanı ölkələrin silahlı qüvvələri gəmilərinin bir-birinə dostyana səfərlərini göstərib.
Bu sualın aktuallığı artıb: Həqiqətən, 20 illik danışıqların nəticəsi olaraq Xəzərin statusu 2018-ci ildə müəyyənləşəcəkmi?
Sahilyanı ölkələr keçmiş illərdə də Xəzərin statusuyla bağlı saziş imzalamağa yaxın olublar. Ancaq hər dəfə “kiçik detallar” statusun müəyyənləşməsinə imkan verməyib. İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Bu, beynəlxalq dəniz hüququna uyğun deyil. Dəniz sərhədləri orta nöqtədən hesablanır. Buna baxmayaraq, əgər SSRİ-nin vaxtında İran Xəzər dənizində cəmi 14 faiz paya malik idisə, SSRİ dağılandan sonra 20 faiz paya iddia etdi. Heç bir Xəzəryanı ölkə İranın bu mövqeyini qəbul edə bilməzdi. Ona görə də bir başqa aktual sual budur: “İran iddiasından geri çəkilibmi?” Çünki İran əvvəlkitək Xəzərin bərabər hissələrə bölünməsini tələb edərsə, statusu müəyyənləşdirəcək Konvensiyanı imzalamaq mümkün olmayacaq. Yox, əgər İran iddiasından geri çəkilibsə, onda Tehran bunun qarşılığında hansısa tələbinin yerinə yetirilməsinə çalışıb.
Bu hansı tələb ola bilər?
İran Xəzərə sahili olmayan ölkələrin Xəzər dənizində varlığının əleyhinə çıxır. Görünür, Tehran Azərbaycan və Qazaxıstanın Qərb ölkələri ilə əməkdaşlığından ehtiyat edir. ABŞ Azərbaycana bir neçə hərbi kater verib. Ancaq ABŞ Xəzərdə aktiv hərbi varlığa maraq göstərmir. Ona görə də əslində Tehranın narahatlığı üçün əsas yoxdur. Bundan başqa, Azərbaycan və Qazaxıstan da ABŞ-ın Xəzərdə xüsusi fəallığına şərait yaratmazlar. Bu, Astana və Bakıya ona görə lazım deyil ki, İran və Rusiya ilə münasibətlərdə yersiz problem yaşamasınlar.
Rusiyanın da Xəzərin statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı öz maraqları var. Rusiya da İran kimi üçüncü ölkələrin Xəzərdə hərbi varlığının əleyhinədir. Bundan başqa, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəmir. Rusiya Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan və buradan da Avropaya daşınmasına imkan vermək istəmir. Konvensiyada bu layihəyə mane olacaq hər hansı maddənin varlığı istisna deyil. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan üçün aktual deyil. Əlbəttə, Azərbaycan Türkmənistan qazının öz ərazisindən Türkiyəyə, oradan da Avropaya daşınmasında maraqlı olardı. Bu həm Azərbaycanın gəlirlərini, həm də bölgədəki rolunu artırardı. Ancaq Azərbaycan üçün hazırda ən vacib məqam öz qazını Türkiyəyə və Avropaya daşımaqdır.
Rusiyanın Azərbaycan və Qazaxıstanla müqaviləsi var. Bu müqaviləyə görə, 3 dövlət arasında Xəzərdə sərhədlər müəyyənləşdirilib. Rusiya Xəzərdə Azərbaycan və Qazaxıstana aid heç bir neft və qaz yatağına iddia etmir. Rusiyadan fərqli olaraq, qeyd etdiyimiz kimi, Azərbaycanın Türkmənistan və İranla yataq problemi var. Türkmənistan Xəzərdə Azərbaycana aid “Kəpəz” yatağına iddia etdiyi kimi, İran da Azərbaycana aid “İnam” yatağında çalışmalara başlamağa imkan vermir. Konvensiya bu məsələyə də aydınlıq gətirməlidir. Mümkündür ki, mübahisəli yataqların birgə işlənməsiylə bağlı razılaşma əldə olunsun.
Xəzərin statusuyla bağlı Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərindən belə anlaşıldı ki, Konvensiyanın təsdiqi Azərbaycanın Xəzərdə Türkmənistanla və İranla sərhəd mübahisələrinə son qoymur. Xələf Xələfovun “İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq” sözləri də bundan xəbər verir. Azərbaycan Xəzərdə Rusiya və Qazaxıstanla sərhədini müəyyənləşdirib və ikili müqavilələr mövcuddur. Əgər Konvensiya sahil ölkələrinin tamamı arasında sərhədi müəyyənləşdirmirsə, “Xəzərin statusu müəyyənləşdi” fikrini səsləndirmək hələ çox tezdir.
Ən başlıcası, bu Konvensiya Azərbaycanın və İranla dəniz sərhədinin müəyyənləşməsinə şərait yaratmır. Bu o deməkdir ki, Bakı və Tehran Konvensiyanı imzaladıqdan sonra öz aralarında da sərhədi müəyyənləşdirən ikitərəfli saziş imzalamalıdırlar. Necə ki, eyni saziş Azərbaycanla Rusiya və Qazaxıstan arasında var. Ancaq Bakı ilə Tehran arasında yaxın müddətdə dənizdə sərhəd sazişinin imzalanacağı problematikdir. Sadəcə, Azərbaycanla İran arasında artan iqtisadi əməkdaşlıq, birgə regional layihələr Xəzərin statusuyla bağlı iki dövlət arasındakı danışıqlarda gərginliyi azaltmalıdır.

Ramiye Məmmədova,
Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin dekan müavini

Yorumlar