KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Vyana görüşü Qarabağa azadlıq gətirəcəkmi?

Vyana görüşü Qarabağa azadlıq gətirəcəkmi?

Hasan Oktay Hasan Oktay - - 12 dk okuma süresi
405 0

Vyana görüşü Qarabağa azadlıq gətirəcəkmi?
asif
“Dördgünlük müharibə”dən sonra Azərbaycan və Ermənistan prezidentləri ilk dəfə dünən Vyanada görüşdü. Bunu son 5 ilin ən kritik görüşü adlandırmaq olar. Son 5 ildə münaqişə ilə bağlı danışıqlar faktiki olaraq aparılmırdı, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bütün görüşlər əslində imitasiya xarakteri daşıyırdı.

Aprel döyüşlərindən sonra mənzərə dəyişdi və beynəlxalq güclər nəsə etməyin vacibliyini anladılar.
İki saatdan artıq çəkən qapalı Vyana görüşündə nələrin müzakirə edildiyi bəlli deyil, lakin görüşdən öncəki gözləntilər, həmçinin, görüşdən sonra rəsmilərin bəyanatları münaqişənin gələcəyinə dair ehtimalları gündəmə gətirir.

Qlobal güclər Ukraynadan sonra ilk dəfə bir arada

ABŞ Dövlət katibi Con Kerrinin, Fransa XİN rəhbəri Jan Mark Eyro və Rusiya xarici işlər naziri Sergey Lavrovun, eləcə də Avropa Birliyi diplomatiyasının rəhbəri Federiko Moqerinin iştirak etdiyi Vyana görüşü “dördgünlük müharibə”nin qlobal gücləri hərəkətə gətirdiyini göstərdi. Görüşdə xüsusi diqqət çəkən məqamlardan biri dünyada “II soyuq müharibə” adlandırıla biləcək mövcud beynəlxalq münasibətlər fonunda Dağlıq Qarabağın Ukraynadan sonra Qərb və Rusiya rəsmilərini son illər bir araya gətirən ikinci məsələ olması idi.

Qərb və Rusiya rəsmilərinin Vyanadakı görüşə qatılması hər şeydən öncə məsələnin ciddiliyindən xəbər verir. Lakin prosesin görünməyən tərəfində söhbət təkcə münaqişəni həll etmək yox, hər birinin öz marağı çərçivəsində həllindən gedir.

Vaşinqton

Amerika indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə ikinci planda yanaşıb və buna görə bir çox amerikalı ekspert Ağ Evi tənqid də edib. İndi məsələyə Con Kerri səviyyəsində müdaxilə Vaşinqtonun maraqlarını müəyyən mənada aydınlaşdırır.

a) Hər şeydən öncə ABŞ regionun sabitliyində maraqlıdır. Çünki münaqişənin alovlanması Qərb şirkətlərinin Azərbaycana qoyduğu investisiyaları təhlükəyə atır. Vaşinqton “dördgünlük müharibə”dən sonra çıxılmaz vəziyyətə düşən ermənilərin “Azərbaycanın enerji obyektlərini vuracağıq” kimi populist iddialarını nəzərə almaya bilməzdi. Hər-halda söhbət ermənilərdən gedir və tarix bu toplumun müxtəlif təxribatına şahidlik edib. Bu qeyri-real iddianı gücləndirən səbəb isə həqiqətən də realdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP qaz kəməri (Cənubi Qaz Dəhlizi layihəsinin əsas hissəsi) toqquşmaların baş verdiyi ərazilərin yaxınlığından keçir. İstənilən təsadüfi mərmi, yaxud təxribat enerji bazarının əsas payçılardan olan bu arteriyalara zərər verə bilər.
Nəzərə alsaq ki, Cənubi Qaz Dəhlizi layihəsi Rusiyanın qaz hegemonluğuna qarşı çıxarılan əsas alternatividir, o zaman, bu layihəyə tam dəstək verən Qərb narahat olmaya bilməz. Xüsusilə regiondakı qeyri-sabit vəziyyətdə məhz bu beynəlxalq layihələrin reallaşması işinin axsaması Rusiyanın əlinə oynadığı ehtimalı fonunda.

b) Birləşmiş Ştatlar münaqişəyə diqqəti ön plana çıxarmasının digər səbəbi rusların Qarabağa sülhməramlı yerləşdirmək ssenarisidir. “Kazan düsturu” və “Lavrov planı” yarlığı ilə gündəmə gələn rus ssenarisində bu şərtin münaqişə tərəflərinə təqdim edilən punktlardan birinin olmasına şübhə yoxdur. Bunun baş verməsi isə ABŞ-ın Qarabağda Dnestryanı və Cənubi Osetiya presedenti ilə üzləşməsinə, beləliklə, Cənubi Qafqazda güc itirməsinə gətirib çıxara bilər.

Brüssel

Fransanın – Avropa Birliyinin prosesdə fəallığı ABŞ-la eyni səfdə yer almasından irəli gəlsə də, çarpazlaşan maraqlar da olmamış deyil.

a) Avropa Birliyi adına yer alan Fransa və Brüsselin baş diplomatı bu variantda Vaşinqtonla eyni düşünür. Söhbət Avropa Birliyini rus qazından xilas edəcək alternativə təhlükənin yaranmasından gedir. Brüsselə də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi üçün sabit mühit lazımdır.

b) Amma burada Avropanın münaqişədə təşəbbüsü ələ almaq istəkləri də görünür. Avropa Birliyinin aparıcı qüvvəsi Almaniya ilə Fransa arasında Cənubi Qafqazdakı maraqlar baxımından müəyyən çarpaz nöqtələr olsa da, güman ki, fransız diplomat Vyanada daha çox Brüsselin maraqlarından çıxış etmək üçün gəlmişdi. Federiko Moqerinin iştirakı isə AB-nin prosesdə daha çox paya sahib olmaq istəyini aydın göstərir. Hesab etmək olar ki, Almaniyanın ATƏT-ə sədrlik etdiyi bir vaxtda münaqişənin həll edilməsi, yaxud hansısa ciddi irəliləyişlər perspektivdə Brüsselin regionda güclənməsi ilə nəticələnə bilər.

Moskva

Ruslar münaqişədə ən aktiv oyunçu və söz sahibidir. Kremlin bu prosesdən gözləntiləri və heç kimə qurban vermək istəmədiyi strateji maraqları var.

a) Regionda qeyri-sabit vəziyyət Rusiyanın enerji strategiyasına xal qazandırsa da, Ukrayna, Yaxın Şərq kimi müharibə cəbhələrində döyüşən Moskva indiki məqamda cənub sərhədlərində müharibənin, xüsusilə ondan xəbərsiz müharibənin olmasını həzm edə bilməz. Bununla yanaşı, ruslar mümkün müharibədə Ermənistana dəstək vermək məcburiyyətindədir. Bu, Azərbaycanla münasibətlərin pisləşməsi, əksi isə İrəvanda güc itirməkdir. Belə bir məqamda ruslara müharibədən qaçmaq və tərəflər üzərində təsir imkanlarını qoruyub saxlamaq üçün davamlı münaqişə lazımlıdır.

b) Rusiya regionda güclü olduğu təqdirdə, nədən münaqişənin həlli üçün Vyanada Qərblə “əməkdaşlığa” getdi? Bu, dünənki görüşün düşündürücü suallarından biridir. Halbuki, Putin tərəfləri yaxınlaşdıra, ya güzəştlər, ya da təzyiq yolu ilə münaqişə üzərindən istədiyi ssenarini yaza bilərdi. İndiyə qədər biz Qərbin istənilən “yaxınlaşdırma əməliyyatına” qarşı onun “təcili addım” kimi təşkil etdiyi prezidentlərin görüşünün şahidi olmuşuq. Vyana görüşü rusların nöqteyi-nəzərindən iki məna kəsb edirdi: 1. Münaqişədə Qərbsiz hərəkət etmək beynəlxalq ictimaiyyəti özünə qarşı qaldırmaq deməkdir. Ukrayna və Suriyadan sonra bu Moskvaya ağır gələr. 2. Qarabağ münaqişəsi Qərblə gərgin münasibətdə olan Rusiya üçün yeni “əməkdaşlıq pəncərəsi” ola bilər. Vyana görüşündə qərbli siyasətçilərlə bir araya gələrək, ortaq məsələ üzərində yaxınlaşma, həmçinin, post-sovet məkanında dondurulmuş münaqişələrdən birinin birgə həlli Ukrayna və gürcü torpağında etdiklərindən sonra ona qarşı aqressiyanın müəyyən qədər yumşalmasına səbəb ola bilər.

c) Nəhayət, Qarabağda vəziyyətə kimin nəzarət etməsi amili. Rusiyanı Vyanaya aparan səbəblər sırasında bu da var. Belə ki, Moskva rus əsgərlərini sülhməramlı adı altında Qarabağa yerləşdirmək və post-sovet məkanındakı digər presedentlərdən birini yaratmaq istəyir. Bu, onun regiona uzunmüddətli nəzarətini də təmin edə bilər. Lakin ABŞ “atəşkəsə nəzarət mexanizmi” adı altında beynəlxalq müşahidəçiləri regiona yerləşdirməklə rusların “mavi dəbilqəlilərini” əvəzləmək və nəzarəti ələ almaq niyyətindədir. Üz-üzə duran iki beynəlxalq gücün hazırki mərhələdə Qarabağdakı mübarizəsi bundan ibarətdir. Rusiya Vyanada iştirakla ABŞ-ın mümkün planının həyata keçməsini qarşısını aldı.

***

Vyana görüşünün təşkilində qlobal güclərin hər şeydən öncə regionda atəşkəsin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyi şübhəsiz idi. Minsk qrupu həmsədrlərinin görüşdən öncə yaydıqları bəyanat, həmçinin görüşdən sonra səsləndirilən fikirlər də bunu təsdiq etdi.

Nəticə

1. Vyanada qapalı görüşün yaxın dövrdə münaqişənin həllini gətirəcəyini demək çətindir. Yalnıza sabitlik əldə olunandan sonra danışıqlar prosesi yenilənə bilər.

2. Burada Minsk qrupu həmsədrlərinin bəyanatında “Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər” deyə bildirməsi xüsusi diqqət çəkir. Söhbət dolayısı ilə “atəşkəsə nəzarət mexanizmi”ndən gedir ki, bu münaqişənin dondurulmuş vəziyyətdə qalması baxımından Ermənistana sərf edir. Lakin Rusiya ABŞ-ın münaqişədə nəzarəti ələ alması ehtimalı səbəbindən bu fikirlə əvvəldən razı olmayıb. Görüşün ən ziddiyyətli məqamı da budur.

3. Rəsmi Bakı da bu mexanizmlə razılaşmaq niyyətində olmayıb. Görünür, qapalı görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanı qane edən məsələlər gündəmə gətirildiyi üçün Bakı buna razılıq verib. Prezidentlərin gələn ay görüşməklə bağlı razılığa gəlməsi də prosesin Azərbaycanın istəyinə uyğun getdiyini göstərir. Çünki növbəti görüşdə müzakirə olunacaq məsələ təkcə nəzarət mexanizmi olmayacaq və çox güman ki, danışıqlar prosesinin yenilənməsi ilə bağlı ciddi gözləntilər var.

4. Ermənistanın nəzarət mexanizmi üzərində israr etməsinin arxasında ehtimal olunan bir məsələ ola bilər. Belə ki, erməni tərəfi nəzarət mexanizmi ilə sabitliyə nail olmaq, daha sonra danışıqlar prosesini uzatmaq niyyətindədir. Lakin buna nə dərəcədə nail olacağını demək çətindir. Çünki prosesdə münaqişənin həllinə məsul olan bütün tərəflər yer alıb. Digər tərəfdən Rusiya faktoru fonunda nəzarət mexanizminin necə yaradılacağı, ümumiyyətlə yaradılacağına dair şübhələr var.

5. Görüşün Azərbaycan üçün müsbət tərəfi də aydın görünür. Güman ki, erməni tərəfi bundan sonra danışıqlar prosesindən yayınmağa çəkinəcək. Digər tərəfdən, Minsk qrupunun bəyanatında “tərəflər 1994-95-ci il atəşkəs razılaşmasına əməl etməklə bağlı razılığa gəliblər” deyə bildirməsi də rəsmi Bakının mövqeyinə uyğundur. Çünki atəşkəs razılaşmasının beşinci bəndində “işğal olunmuş ərazilər” sözləri açıq şəkildə bildirilib. Bunun özü dünyanın Ermənistanı işğalçı kimi tanıma prosesinin yenilənməsi deməkdir.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir