KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Viyana görüşünə gedən yol

Viyana görüşünə gedən yol

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
379 0

Vyana görüşünə gedən yol
elhan
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri də iştirak edəcəklər. Azərbaycanın siyasi dairələrinin və cəmiyyətinin prezidentlərin Vyana görüşündən böyük gözləntisi yoxdur. Çünki, nə Rusiya, nə də digər böyük dövlətlər Dağlıq Qarabağ ətrafındakı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər. Bu olmadan isə danışıqlarda real nəticə əldə edilməyəcək. 22 ildir davam edən nəticəsiz danışıqlar da buna sübutdur.
Münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərini atəşkəsə riayət etməyə çağırmaq və bununla əlaqədar olaraq tərəflərin üzərinə öhdəliklər qoymaqdır. Azərbaycan prezidenti bu öhdəliyi qəbul etməyəcək. Çünki, işağl altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Ermənistan status-kvonu qorumağa çalışır, Azərbaycan isə əksinə status-kvonu dəyişmək istəyir. Ona görə də Vyana görüşündən nəticə çıxamayacağı halda yaxın aylarda apreldəki döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq. Cənubi Qafqazda böyük müharibənin qarşısının alınmasının yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bunun alternativi yoxdur.
22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı xeyli həll planı irəli sürülüb. 1990-cı illərin ortalarında “mərhələli həll planı”, daha sonra “paket həll planı” irəli sürüldü. Üçüncü bir həll planı da var idi: “ümumi dövlət prinsipi”.
Azərbaycan hakimiyyəti “mərhələli həll planı”na razılaşdı. Çünki, bu plana görə ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da sonda bu planı qəbul etməyə hazır olduğunu bildirdi. Ancaq Rusiyadakı siyasi və hərbi dairələrin dəstəyi ilə Levon Ter-Petrosyan hakimiyyətdən devrildi. O illərdə Rusiya-Azərbaycan münasibətləri soyuq idi. Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Ona görə də Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa bu Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Ona görə də Rusiyadakı dairələrin dəstəyi ilə Ermənistanın hazırki və keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryan Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar.
Sonrakı illərdə irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin “paket həll planı”na isə Azərbaycan razılaşmadı. Çünki, bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə eyni vaxtda müəyyənləşdirilməli idi. “Ümumi dövlət” prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı.
Daha sonra həll planları müxtəlif şəhərlərin adı ilə hallanmağa başladı. Əgər Azərbaycan prezidentləri Parisdə görüşürdülərsə və Fransa prezidenti həll planı irəli sürürdüsə, buna “Paris planı” və ya prezidentlər Kazanda görüşüb, onlara yeni plan təqdim edilirdisə, buna da “Kazan planı” adı verilirdi.
2001-ci il daha yadda qalan idi. Çünki, bu ildə Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə Parisdə, bir ay sonra isə ABŞ-ın Ki-Uest şəhərciyində görüşdülər. Əvvəlcə Fransa prezidenti Jak Şirak təşəbbüsü ələ aldı və Parisdə Azərbaycan və Ermənistan prezidentlərinə “həll planı” təklif etdi. Daha sonra Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərini Ki-Uestə dəvət etdi. Burada da bir neçə gün danışıqlar aparıldı. Ancaq hər iki görüşdən nəticə çıxmadı. Çünki, bu planlarda da konkretlik yox idi.
Daha sonra təşəbbüs Rusiya hakimiyyətinə keçdi. 2011-ci ildə Rusiyanın Kazan şəhərində prezidentlərin görüşü keçirildi. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli fəallıq göstərdi, prezident olduğu müddətdə 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirdi. Bu görüşlərin kulminasiya nöqtəsi Kazanda oldu. Medvedyev Kazanda prezidentlərə konkret “həll planı” təqdim etdi. Bu planda bütün müddəalar Azərbaycanın maraqlarına uyğun idi. Çünki, bu plana görə erməni separatçıları işğal etdikləri bütün əraziləri boşaltmalı idilər. Ancaq statusun müəyyənləşməsini göstərən mexanizm “Kazan prinsipləri”nin kağız üzərində qalmasına şərait yaratdı. Əslində “Kazan prinsipləri” ilə “Madrid planı” (ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında irəli sürülən prinsiplər) və ya “Genişləndirilmiş Madrid planı” arasında böyük fərq yoxdur. Bu planlarda da 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) qısa zamanda, 2 rayonun (Kəlbəcər və Laçın) bir müddət sonra boşaldılması nəzərdə tutulur. Son illərdə irəli sürülən həll planlarında məsələni mürəkkəbləşdirən yeni statusdur.
Ermənistan hakimiyyəti istənilən sənəddə statusun müəyyənləşdirilməsini nəzərdə tutan referendum tarixinin göstərilməsini istəyir. Bu prinsipə isə Azərbaycan razılaşa bilməz. Rəsmi Bakı statusun müəyyənləşməsinin əleyhinə deyil. Ancaq bundan əvvəl rayonlar boşaldılmalı, qaçqınlar geri dönməli, kommunikasiya xətləri açılmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməsi, məhz bu addımlar atılandan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında müzakirələr başlamalıdır. İrəvan isə bu modelə razılaşmır. Ona görə də 22 ildir danışıqlar nəticə vermir.
Azərbaycan prezidenti İlham Əliyev hər zaman deyir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması mümkün olmayacaq. Azərbaycanda hakimiyyətdə kim olursa-olsun, bu prinsip azərbaycanlılar üçün heç zaman dəyişməyəcək. Erməni separatçıları 1992-1994-cü illər arasında Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdə düşünürdülər ki, məsələni öz xeyirlərinə həll ediblər. Ancaq Azərbaycan öz torpaqlarının itirilməsi ilə barışmadı, çünki işğal azərbaycanlıların rahatlığını pozdu. Buna görə də Azərbaycan erməni separatçılarına rahatlıq vermədi. Ermənistanda və Dağlıq Qarabağda yaşayan erməni əhalisi 22 il ərzində hər zaman narahatlıq içində yaşadı.
İşğal Azərbaycanın inkişafına mane olmadı, enerji resurslarının işlənməsi və satışı hesabına Azərbaycan inkişaf etdi, maliyyə və hərbi resruslarını artırdı. İşğal faktına görə isə nə Ermənistan, nə də Dağlıq Qarabağ inkişaf etdi. Əksinə, Ermənistanın işğalçı siyasəti bu dövlətin Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə gətirib çıxartdı. Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmadan siyasi, iqtisadi və sosial problemlərini həll edə bilməyəcək. Ona görə də Ermənstanın problemlərdən qurtulması, normal inkişaf etməsi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Bunun üçün isə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll planı”na razılaşmalıdır. 2-6 aprel tarixlərində cəbhə bölgəsindəki 4 günlük müharibə göstərdi ki, Ermənistanın başqa alternativi qalmayıb.
Elhan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir