KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Vaşinqtonun “qəzəb oxları” şimal və cənubumuza tuşlanır

Vaşinqtonun “qəzəb oxları” şimal və cənubumuza tuşlanır

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
297 0


Bakı Vaşinqton və Tel-Əvivlə əlaqələrini Tehranla qonşuluq və əməkdaşlıq əlaqələri ilə balanslaşdırmaq kimi çətin “siyasi-diplomatik imtahan” verməli olacaq
“ABŞ-ın Yaxın Şərqdə bir problemi var, o da Tehrandır. Lakin hazırda ABŞ-ın yeni prezidenti bu təhdidi gözəl dərk edir. Prezidentimiz İranla tam olaraq müxalifdir və bu düzgün mövqedir. İranın hədəf və davranışları də dəyişməyib. Belə olan halda ən münasib həll yolu İranda hakimiyyətin dəyişdirilməsidir”.

Bu sözlərin müəllifi aprelin 9-dan etibarən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq. Söhbət prezident Donald Tramp tərəfindən martın 23-də ABŞ prezidentinin köməkçisi təyin olunan səfir Con Boltondan gedir. Prezident Tramp səlahiyyətlərinin icrasına başladığı 15 ayda artıq ikinci milli təhlükəsizlik məsələləri üzrə müşavirini yola salıb. General MakMaster və ondan əvvəl isə admiral Maykl Flinn Trampla uzun yol qət edə bilmədi. İndi isə yeni mühafizəkarların ən tanınmış nümayəndələrindən, “müharibə tərəfdarı” Con Bolton artıq Ağ Evdə Trampa təhlükəsilzik məsələlərində məsləhət verəcək.

Bu xəbərin, necə deyərlər, “dahası” odur ki, Boltonun təyinatından bir neçə gün əvvəl Tramp Vaşinqtonun xarici siyasət idarəsinin rəhbəri Reks Tillersonu vəzifəsindən azad edərək bu posta “qırğı”ların daha bir parlaq təmsilçisi hesab olunan keçmiş MKİ rəhbəri Mayk Pompeonu təyin edib. Nəzərə alsaq ki, ABŞ-ın “qitədən kənar” işlərlə məşğul olan digər rəsmisi – müdafiə naziri Ceyms Mattis də “sərt oğlan” kimi tanınır, o zaman artıq Trampın yeni davakar komandasının tam olduğunu deyə bilərik.

ABŞ prezidentinin yeni komandası nə qədər qəribə olsa da, İran düşmənçiliyi ilə tanınan şəxslərdir. Yeri gəlmişkən, ABŞ kəşfiyyatına Pompeodan sonra onun müavini, 2000-ci illərin əvvəllərində işgəncələri ilə məşhurlaşan Cina Haspel təyin olunub. Belə görünür ki, Tramp və onun yeni komandasının prioriteti İran və Rusiya düşmənçiliyi olacaq. Bu isə o deməkdir ki, ABŞ administrasiyasının hədəf oxları Azərbaycanın şimalı və cənubunda, əsasən də İrana fokuslanacaq. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-da “qırğı” qanad hesab edir ki, Vaşinqtonun Yaxın Şərqdəki siyasətinə əsas maneə İrandır. Çünki İran Livanda “Hizbullah”ı dəstəkləyir, Fələstində “Hamas” və “İslami cihad” kimi savaş tərəfdarı qrupları silahlandırır, Suriyada hökuməti müdafiə edir, İraqda islamçı qrupları dəstəkləyir, Yəməndə isə husiləri silahlandırır və Amerikanın əsas müttəfiqi Səudiyyə Ərəbistanına qarşı savaşdırır. Yəni Tehran faktiki olaraq indi ABŞ-ın Yaxın Şərqdə qarşısında dayanan əsas qüvvədir.

Ancaq aydın məsələdir ki, İsraildən fərqli olaraq Vaşinqtondakı strateqlər İrana qarşı hərbi müdaxiləyə isti yanaşmır. Pentaqon İranı nə qədər əsas düşmən hesab etsə də, açıq müdaxilənin amansız müharibəyə və bölgəni dağıdacaq fəlakətə gətirəcəyini düşünür. Bu səbəbdən də amerikalı generallar İrana hərbi müdaxiləyə qarşıdırlar. İndi İranı daha çox “içəridən” parçalamaq planları gündəmdədir. Yeri gəlmişkən, bu günlərdə ABŞ prezidentinin müşaviri Rudolf Culiani Albaniyada İranın indiki hakimiyyətinin əsas düşməni olan “Xalqın mücahidləri” təşkilatının liderləri ilə görüşüb. Bu təşkilat ötən ilin sonunda İranda baş verən aksiyaların əsas təşkilatçısı hesab olunur. İslam respublikasına qarşı həm daxildə, həm də xaricdə ən amansız mübarizəni bu təşkilat aparır. Bu qruplaşmanın İran daxilində xeyli tərəfdarı var və bunlar vaxtaşırı terror və təxribatlar törətmək imkanına sahibdirlər. Dekabrda Məşhəddə başlayan və sürətlə ölkənin hər yerinə yayılan etirazlar göstərdi ki, İrana qarşı ciddi təxribat fəaliyyətləri gündəmə gələcək. ABŞ və regional müttəfiqləri (Səudiyyə Ərəbistanı, İsrail və sair – K.R.) İranın içəridən çalxalanması üçün mümkün risk qrupları ilə yaxından iş aparır. Bunlar isə ənənəvi olaraq monarxistlər, yəni şah tərəfdarları, “Mücahidin Xalq”, o cümlərən Əhvaz ərəbləri, kürdlər, şərq vilayətlərində Sistan və Bəlucustandakı dini qruplaşmalar hesab olunur. Azərbaycan türkləri bu qrupların əsas risk qrupuna daxildir. Ancaq bir sıra səbəblərdən azərbaycanlılar son illərdə xaricdən idarə olunan fəaliyyətlərə dəstək vermir. Burada əsas amillər sırasında rejimə qarşı müxalif gücün başında digər etnik və siyasi qrupların. əsasən farsların və monarxistlərin olması, indiki dini liderin azərbaycanlı olması kimi faktorlar İran azərbaycanlılarını bu tip fəaliyyətlərə cəlb etmir. Bunun bariz örnəyini sonuncu aksiyalarda da gördük. Azərbaycanlılar şah tərəfdarı olan monarxist və etnik farsların başında dayandığı hərəkatın bir hissəsi olmaq istəmirlər. Lakin bununla belə, əvvəlki təcrübələr də deməyə əsas verir ki, İranda ən böyük etnik qruplardan biri olan azərbaycanlılar üzərində də iş aparılmağa çalışılacaq.

Ehtimal ki. əsas fəaliyyətlər İranın daxili vəziyyətə daha çox başının qarışması üçün etnik, dini-məzhəbi gərginlik artırılmağa çalışılacaq. Bunun üçün ölkədəki davamlı inflyasiya, bahalaşma və sair kimi sosial amillərdən istifadə olunacaq.

Yəni təcrübəyə əsasən demək olar ki, qarşıdakı illər Tehran və Vaşinqton arasında təzyiq ən yüksək həddə qalxacaq. Təbii ki, bu vəziyyətin Azərbaycan üçün də riskli tərəfləri var. Azərbaycanın həm şimal, həm də cənub qonşusu Vaşinqtonun hədəfində olacaq. Eyni zamanda embarqolar daha da qatılaşacaq və mümkündür ki, Azərbaycanın İranla iqtisadi əlaqələrinə də zərbə vursun. Eyni zamanda artan təsir və təzyiqlər Tehranı qonşularına qarşı “daha həssas” olmasına gətirəcək ki, bu da Azərbaycan üçün əlavə imtahana çevriləcək. Bakı Vaşinqton və Tel-Əvivlə əlaqələrini Tehranla qonşuluq və əməkdaşlıq əlaqələri ilə balanslaşdırmak kimi çətin siyasi-diplomatik “imtahan vermiş” olacaq.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir