KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Üç liderin İstanbul görüşü və Sarkisyanın ABŞ-a “qaçışı” – Qarabağla bağlı nə baş verir?

Üç liderin İstanbul görüşü və Sarkisyanın ABŞ-a “qaçışı” – Qarabağla bağlı nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
412 0

İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri də iştirak edib. Bu görüşlə eyni vaxtda Ermənistan prezidenti Serj Sarkisyanın “iş səfəri” adı ilə ABŞ-a getməsi diqqətdən yayınmadı. Ermənistan prezidenti Nyu-Yorkda “Ermənistan” investisiya forumunun işində iştirak edib. Bu xəbərlə əlaqədar Ermənistanın hakimiyyətyönlü mediası dərhal Qərbin Ermənistana münasibətinin dəyişməsindən yazıblar. Belə şayiələrin yaranmasına, həmçinin ABŞ tərəfindən “DQR”-ə C41SR müasir kəşfiyyat sisteminin ötürülməsi də səbəb oldu. Lakin bir sıra ictimai fəal və müxalifətçilər eyforiyaya qapılmamağı məsləhət görüblər və bildiriblər ki, bu səfər növbəti dilənçilikdən başqa bir şey deyil.

Serj Sarkisyanın ABŞ-a səfərinin İstanbulda keçirilən 23-cü enerji sammiti ilə üst-üstə düşməsi Ermənistanın Qərbə yönümlü siyasət aparacağı ilə bağlı suallar yaradıb.

Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri açıqlamasında bildirib ki, buna ciddi siyasi don geyindirməyə ehtiyac yoxdur.

Onun sözlərinə görə, Ermənistan prezidentinin ABŞ-a səfər etməsində əsas məqsəd dilənçilik etməklə növbəti ilə hazırlaşmaqdır:

“Bilirsiniz ki, Ermənistan iqtisadiyyatı, büdcəsi çox çətin vəziyyətdədir. Sarkisyanın ABŞ-a növbəti səfəri növbəti dilənçilik missiyasından başqa bir şey deyil. Məsələnin kökündə duran budur. Bu səbəbdən də Sarkisyan bütün dövrlərdə imkanlı erməni lobbisinə möhtac olduğu üçün növbəti dəfə ABŞ-a səfər edib. Ona görə də buna ciddi siyasi anlam vermək istəməzdim. Ayrıca Ermənistan elə də güclü strateji müttəfiq də deyil ki, ABŞ Ermənistana daha çox önəm versin. O, Rusiyanın əleyhinə addım atacaq qüdrətə də malik deyil. Sarkisyanın ABŞ səfərinin mahiyyəti budur”.

Türkiyə-Rusiya-Azərbaycan üçlü formatın yaranmasına və Ermənistanın da bu birliyə daxil olmaqla Dağlıq Qarabağ probleminin həllində müəyyən irəliləyişlərin gözlənilməsinə gəlincə isə, politoloq bildirib ki, Azərbaycan-Rusiya-Türkiyə deyilən bir format yoxdur. Əgər belə bir format və ya yaxınlaşma olsaydı, Dağlıq Qarabağ problemi üzrə müəyyən irəliləyiş olardı:

“Əksinə aprel döyüşlərindən sonra Rusiya çox ciddi vasitəçilik missiyasını ortalığa qoydu. Rusiyanın yardımı ilə regionda hərbi balans qorunandan sonra Ermənistan Azərbaycana yenidən güc nümayiş etdirməyə başladı. Onlar Sankt-Peterburq görüşündən bu yana Ermənistanın predmetlər üzrə danışıqlara başlanmasına rəvac vermədi. Artıq ikinci hərbi təlimlər Dağlıq Qarabağ və ətraf rayonlarında keçirilməyə başlayıb ki, bu da hərbi təxribatlar deməkdir. Bu gün Rusiya Ermənistanın havadan müdafiəsini öz nəzarətinə götürüb, Ermənistanla hərbi yeni qoşun yenilikləri yaradılır. Eyni zamanda, “İsgəndər-M” raketlərinin pulsuz olaraq Ermənistana verilməsini də müşahidə edirik. Nəhayət, Rusiya hərbi cənub dairəsini gücləndirməkdə davam edir ki, bu kontekstdə yeni texnikalar Gümrüdə yerləşən 102 nömrəli hərbi bazasına göndərilir. Bunlar Türkiyə-Azərbaycan üçün yeni bir təhdiddir. Siyasətdə nəticəyə baxmaq lazımdır”.

N.Miri İstanbulda Rusiya, Türkiyə və Azərbaycan prezidentlərinin müzakirə etdikləri məsələlərdən də danışıb:

“Türkiyədə keçirilən 23-cü Dünya Enerji Konqresi qlobal tədbir idi. Burada Türkiyə Rusiya arasında Suriya məsələsi müzakirə obyekti olub. Düşünmürəm ki, orada Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Bu məsələ müzakirə obyekti olsaydı, həm Azərbaycan prezidenti, həm də digər prezidentlər səviyyəsində ən azı buna işarə edilərdi. Hansı ki, biz bunu görmədik. Düşünmürəm ki, İrəvanda da Putinin səfəri çərçivəsində Dağlıq Qarabağ məsələsi Ermənistanla müzakirə olunacaq. Dağlıq Qarabağ məsələsi artıq hiss olunur ki, kölgəyə atılıb. Bu məsələ nə Rusiya üçün, nə də digər ölkələr üçün prioritet deyil. Bu gün əsas müzakirə olunan məsələ Suriya məsələsidir ki, bu məsələdə də ABŞ-Rusiya qarşıdurması getdikcə daha da gərginləşir. Bu məsələlərin daha da prioritet olduğunu düşünürəm”.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir