Vizyon

İran’ın 17/25 Aralık’ı Mı Geliyor?

İbni-Xəldun: Ərəblər nədən vəhşidir?

Şirvanın və Azərbaycanın xilaskarı Osman Paşa

Türkiyəli politoloq: “NATO Türkiyənin müstəqil iradəsini qəbul edə bilmir”

Üç günlük müharibənin qalibi

Azerbaycan, Ermenistan 11 Nisan 2016
501

Üç günlük müharibənin qalibi
efganmuhtarlı
Müharibə 1 aprel zarafatı kimi başladı. Düzü, ilk xəbərlərə inanmırdım. 1994-cü ildə atəşkəs haqqında xəbərə də inanmamışdım. Atəşkəsdən cəmi bir gün əvvəl bölük komandirimiz şəhid olmuşdu. Tağıbəyli, Summa, Gülləcə kəndləri uğrunda gedən döyüşlərdə isə az qala bir alayı itirmişdik. O kəndlərdə biz ermənilərlə yox, ruslarla vuruşurduq.

Ruslar o üç kəndi üç dəfə bizdən geri alsalar da, ermənilər mövqeləri qoruyub saxlaya bilməmişdi. Rusların özlərinin də itkiləri ağılasığmaz dərəcədə çox idi. Azərbaycan Ordusu müharibədə döyüş təcrübəsi qazanmışdı. Atəşkəs bizi döyüşə bildiyimiz günlərdə yaxaladı…

1 aprel müharibəsi və Lələtəpə yüksəkliyi. Bu yüksəkliyi əldə etmək üçün 87 (daha da çox ola bilər) hərbiçi şəhidlik zirvəsinə yüksəlməli oldu. 87 ailə göz yaşları içində qaldı. Və Ali Baş Komandan heç bir şəhidin dəfnində iştirak etmədi. “Urapatriotizm”ə meydan verildi. İyirmi il ərzində cəbhədə şəhid olanları gizlicə dəfn edən hakimiyyət üçgünlük müharibədə şəhid olanların dəfninin izdihamlı keçirilməsi göstərişi verdi. Bakıdakı yürüş, TV-lərdəki şoular – hamısı itkiləri unutdurmaq üçün idi.

Azərbaycan əsgərinin mətanətini, qəhrəmanlığını mən hökumət qəzetlərindəki bayağı məqalələri oxuyub, öyrənməmişəm. Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda olmuşam, Milli Qəhrəman Albertlə eyni postda –Xankəndindən on dəqiqəlik məsafədə ermənilərə qarşı vuruşmuşam. Amma, indi boğazdan yuxarı vətənpərvərlikdən dəm vuran fərarilər nəinki Azərbaycan əsgərini gözdən salıb, hətta onun rəşadətini də ucuzlaşdırıblar.

1 aprel tarixində başlayan müharibə Azərbaycan Ordusunun rəhbərliyinin bacarıqsızlığını bir daha ortaya qoydu. Üç günlük hərbi əməliyyatlar zamanı yalnız bir təpə və bir kənd geri alınıb. Ordumuz zabitlər də daxil olmaqla 87 şəhid (bu hələ son rəqəm deyil) verib, vertalyot və dronlar itirib. İndi soyuq başla müharibəni analiz edəndə dəhşətli mənzərə ilə üzləşmişik. İyirmi ildir dövlət büdcəsinin əhəmiyyətli hissəsini Rusiyadan silah almağa sərf etmişik.

Azərbaycan hakimiyyəti iyirmi ildə iyirmi milyon dəfə dünyanın ən müasir silahlarını aldıqlarını bəyan edib, hərbi paradlarda uzaq və orta mənzilli raketləri, “Smerç” reaktiv artilleriya qurğularını, “T-90” və “T-80” tanklarını, dünyanın ən qorxunc silahlarından biri sayılan “TOS” ağır odsaçan (oqnamyot) sistemləri, televiziya ekranlarında adam yeyən peşəkar hərbi birləşmələrin əsgərlərini nümayiş etdirib.

Müharibədə isə bu silahlardan istifadə edilmədi. Əsgərlərimiz 90-larda olduğu kimi avtomat və süngü ilə düşmən üzərinə getdi. Üzü boyalı, qorxunc sifətli peşəkar əsgərlər döyüşdə iştirak etmədi. Ən müasir silahlar Bakıda saxlanıldı. Bizlər üçün bir daha aydın oldu ki, müasir silahlar və peşəkar hərbiçilər, kimi qorumaq üçündür. O adamlar həmin silahları vətənin işğal olunmuş ərazilərini azad etmək üçün yox, işğal olunmayan ərazilərini şəxsi işğalda saxlamaq ücün alıblar.

Üç günlük müharibə bizim ücün Pirr qələbəsi də sayıla bilər. Bu “qələbə”ni hazırlayan Zakir Həsənov, Nəcməddin Sadıqov və digər generallar istefaya göndərilməlidirlər. Bu adamların müasir hərb elmi ilə heç bir bağlılığı yoxdur. Onlar kimlərəsə sədaqətinə və Rusiyanın adamı olduğuna görə general rütbəsinə sahibləniblər. Bu generallar illərlə mövqelərdə dayanan, düz əmməli hərbi təlimlərdə iştirak etməyən əsgərləri döyüşə göndərdiklərinə görə məsuliyyət daşıyırlar.

Onlar ordu sistemində islahat aparmadıqlarına görə, atəşkəs dönəmində yüzlərlə əsgərin ölümünə görə, ordudakı korrupsiya və rüşvətə görə həbsdə oturmalıdılar. Cinayətkar olduqları halda, qəhrəman kimi təqdim olunurlar və ən dəhşətlisi odur ki, xalq olaraq bu nağıla inanırıq.

Səhnələşdirilmiş üçgünlük müharibənin “qəhrəmanları” kimi “satqınları” da əvvəlcədən müəyyən edilib. Sir-sifətindən “qırğıya” bənzəyən, Qarabağ savaşı zamanı haradasa tuman altında gizlənən şair, həqiqətləri dediyinə görə Elmir Mirzəyevi hədəfə alıb. Hərbi əməliyyatlar zamanı ordunu dəstəkləyən, müharibə başlayacağı təqdirdə hakimiyyəti tənqid etməyəcəyini bidirən Əli Kərimlinin evi qarşısında növbəti biabırçılığa imza atılır. Qarşıdan gələn günlərdə erməni dəyirmanına su tökənlərin siyahısının daha da genişlənəcəyi şübhəsizdir.

Üç günlük müharibənin qalibi isə şübhəsiz Rusiyadır. Qafaqazdakı müharibələrin hamısında belə olub. Ermənilər bizimlə, osetin və abxazlar gürcülərlə vuruşub. Tərəflər minlərlə itki verib. Qalib isə Rusiya olub.
Əfqan Muxtarlı

Yorumlar