KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyənin qurtuluş yolu varmı

Türkiyənin qurtuluş yolu varmı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
398 0

Yaxın Şərqin ən güclü ölkəsini terror və savaş meydanına çevirmək istəyənlər haqda qeydlər

2016-cı ildə İstanbula gələn xarici turist sayı 25 faiz azalaraq son 16 ildə ən aşağı göstəriciyə malik olub. İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, yalnız ötən ilin dekabr ayı ilə müqayisədə İstanbula gələn ziyarətçilərin sayında 18 faiz azalma qeydə alınıb. Belə ki, 2015-ci ilin dekabrında İstanbulu 821 min turist ziyarət etdiyi halda, 2016-cı ildə bu rəqəm 674 min nəfərə düşüb.

Ümumilikdə isə ötən il İstanbul 9 milyon 203 min turist qəbul edib. Ancaq buna baxmayaraq, İstanbul hələlik dünyada ən çox turist cəlb edən 10 şəhərdən biri olaraq qalır. Lakin son illərdə artan terror olayları, dünyanın ən məşhur turizm şəhərinə ağır zərbə vurur. Qeyd edək ki, İstanbula gələn turistlərin 10.9 faizini almanlar, 7 faizini iranlılar, səudiyyə ərəbləri 5.2 faiz, 4 faiz ingiltərəlilər, 3.9 faizi fransızlar, 3.5 faizini amerikalılar, 3.2 faizini ruslar və sair təşkil edir. Yeri gəlmişkən, İstanbulu ziyarət edənlərin 2 faizini, yəni hardasa 180 min nəfərdən bir qədər çoxunu Azərbaycan vətəndaşları təşkil edir.

Bu sadəcə Türkiyənin bir şəhərinə, özü də turizmin əsas mərkəzlərindən birinə terrorun vurduğu zərərdir. Amma terror yalnız İstanbulu deyil, eləcə də digər şəhərləri, Anadolunun içində, ciddi şəkildə qorunan Ankarada, ölkənin qərbində sakit İzmirdə də olur. Ümumiyyətlə, terror bütövlükdə Türkiyədə turizmə böyük zərbə vurur, Türkiyənin sabit, turistlər üçün cəlbedici olan üstünlüyünü itirir.

Hələ uzaq 1995-ci ildə Türkiyə siyasi islamçı hərəkatın lideri Nəcməddin Ərbakan deyirdi ki, bir gün Suriya xaosa tutulanda, deməli, sıra Türkiyəyə gəlib. Təbii ki, nə o zaman, nə də son bir-iki ilə qədər çoxları bu fikrə etimad etmirdi. Suriyada Türkiyə, ərəb ölkələri və Qərb dünyası bir cəbhədə idi. Qarşı tərəfdə isə İran və Rusiya vardı. Ancaq ötən ilin əvvəllərində məlum oldu ki, amerikalılar Suriyada islamçı terrorçularla yanaşı həm də kürd terrorçularını, konkret olaraq YPG-ni dəstəkləyir. Ankara uzun zaman tələb etsə də, Vaşinqton YPG ilə bağlarını nə inkar etmədi, nə də imtina etmədi. O zamanlardan bəlli oldu ki, Ankara artıq Suriyadan özünə qarşı birbaşa təhdid görür. Çünki PYD 3 ənənəvi kürd kantonu və daha bır ərəb kantonunu da ələ keçirərək muxtariyyət elan etdi. Məlum oldu ki, amerikalılar üçün Suriyada əsas qüvvə məhz kürdlər imiş. Hansı ki, həmin PYD Türkiyədəki PKK-nın müttəfiq təşkilatı hesab olunurdu. Yəni artıq Vaşinqtonun dəstəklədiyi PKK təşkilatı Suriyada muxtariyyət əldə etmişdi.

Məlum oldu ki, əslində üzdə müttəfiq kimi görünsə də, nə Avropa, nə də ABŞ İraq və Suriyada Türkiyə hakimiyyətini dəstəkləmir. Doğrudur, burda yalnız Türkiyənin Yaxın Şərq siyasəti deyil, eləcə də Türkiyənin özünün Qərblə münasibətlərinin pozulması da rol oynayırdı. Ancaq nəticə etibarı ilə son bir ildə Ankara Qərblə faktiki olaraq “mehriban düşmən” rolunu oynayıblar. Amma Türkiyədə vəziyyət getdikcə daha da gərginləşir.
Türkiyəni kim qarışdırmaq istəyir? İraqda və Suriyada bir-biri ilə qanlı düşmən olan, savaşan İŞİD və PKK-nın Türkiyəni hədəfə alması və demək olar ki, hər həftə qanlı terror aktı törətməsi qeydə alınır. Doğrudur, Türkiyə hazırda “Fırat kalkanı” əməliyyat çərçivəsində İŞİD və kürd terroruna qarşı mübarizə aparır, Suriyaya ordu yeridib. Ancaq terrorun Türkiyədə bu qədər genişlənməsi, ölkənin ən böyük şəhərlərini, ən çox qorunan həssas nöqtələrini hədəf alması istər-istəməz ağıllara terrorun arxasında başqa qüvvələrin olması fikrini gətirir. İstanbulda yeni il günü baş verən terrordan dərhal sonra Britaniya mətbuatında bir professorun imzası ilə yazı dərc olundu. İngilis alim Türkiyənin Pakistana çevrilməyə başladığını və qüdrətli Türkiyə liderinin bu prosesin qarşısını ala bilmədiyini yazır. Bu bir professorun analizi olsa da, təxmini olaraq Qərbdən görünən Türkiyə mənzərəsi idi.

Türkiyə artıq Yaxın Şərqin sabit, inkişaf edən turizm cənnəti deyil, ya da kimlərsə ən azı belə olmasını istəmirlər. Komplo nəzəriyyələrinə dalıb bu günlərdə geniş yayılmış şəkildə Qərbi ittiham etmək, bu terrorun bir mərkəzdən idarə olunduğunu iddia etmək doğru olmasa da, ortada bir fakt var: Türkiyə küncə sıxılır. Qərblə əlaqələri soyuyur, AB ilə qaçqınlar və viza anlaşması uğursuzluğa düçar olur, Almaniya “erməni soyqırımı”nı tanıyır, ABŞ kürdləri dəstəkləyir. Bu siyahıya lirənin günü gündən dəyərdən düşməsi, investorların ölkədən getməsi, 15 iyul hadisələri və sair şübhəli hadisələri gələndə heç də ürək açmayan mənzərə yaranır.

Məsələ ondadır ki, Türkiyə “ərəb baharı”nın gedişində Qərblə yollarını ayırdı. Güclü, iddialı Türkiyənin maraqları Liviyada, Misirdə, Suriyada, İraqda ənənəvi müttəfiqləri olan Qərblə toqquşdu (İran və Rusiya ilə əvvəldən düz deyildi – K.R) və Qərb tədricən Türkiyəni sahədə yalnız qoydu. Böyük siyasi proseslərdə hər zaman Qərblə birgə əməkdaşlıq edən Ankara artıq yalnızdır.

Ərəb müttəfiqləri isə Türkiyəyə yalnız maddi dəstək verə bildilər, onsuz da Türkiyə kimi mürəkkəb ölkədə onların daha artığını etmək kimi təcrübəsi yox idi. Əksinə daha əvvəl gedilən yol, Türkiyəyə yerləşmiş çoxlu sayda xarici ölkə kəşfiyyat xidmətlərinin olması, ənənəvi müttəfiqlərin artıq kəşfiyyat dəstəyi vermədiyi, əksinə, bəlkə də Türkiyə əleyhinə fəaliyyət göstərdiyi bir vəziyyətdə meydanda yalnız qalıb.

Artıq ənənəvi müttəfiqlər yoxdur, ya Türkiyə yeni bir yol müəyyən edib daxildə və xaricdəki düşmənlərinə qarşı ağır, yorucu mübarizə aparacaq, ya da daxildə siyasi islahatlara gedib, yenidən ənənəvi yerinə qayıdacaq. Hər iki prosesin özü ağrılı keçəcək. Ancaq istənilən halda indiki vəziyyət dövlətin qəti addımlar atmasını tələb edir.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir