Nikol Paşinyan Ermənistanın Saakaşvilisi ola biləcəkmi ?

Rus senatör: Türkiye en doğrusunu yaptı, altını ABD’de bulundurmak çok tehlikeli

Devleti Okumak

SƏRKİSYAN “QARABAĞ KARTIN”DAN İSTİFADƏ EDİR

Türkiyə-Rusiya münasibətlərində risk potensialı

Gündem, Rusya, Türkiye 6 Nisan 2018
44


“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Araz bəy, Rusiya Prezidenti Vladimir Putinin hələ inauqurasiya mərasimi keçirilməzdən öncə Türkiyəyə səfər etməsini necə qiymətləndirirsiniz?

– Rusiya Prezidentinin Türkiyəyə səfərinin bir neçə məqsədi var idi. Səfər həm iki ölkə arasındakı münasibətlərin son dövrlərdə ümumi inkişafı ilə bağlıdır, həm də həyata keçirilməsi zəruri olan tədbirlər var. Əvvəla, Rusiya-Türkiyə-İran prezidentlərinin üçtərəfli görüşü Suriyada və bu regiondakı proseslər baxımından çox əhəmiyyətli idi.

Rusiya-Türkiyə münasibətlərinin son illərdə hərbi təhlükəsizlik istiqamətini əhatə etməsi xüsusən Türkiyə üçün çox vacibdir. Amma eyni zamanda Rusiya üçün də önəmlidir. Türkiyənin təhlükəsizlik və müdafiə məsələlərində Rusiya ilə əməkdaşlığa əhəmiyyət verməsi, Rusiyanın da son illərdə Qərb ölkələri ilə münasibətlərində gərginliklərin yaranması fonunda regional güc kimi Türkiyəyə əhəmiyyət verməsi müşahidə edilməkdədir. Nəzərə almaq lazımdır ki, Türkiyə regionun əhəmiyyətli dövlətlərindən biri olmaqla yanaşı hərbi mənada Qərb blokunun – NATO-nun üzvüdür. Bu baxımdan münasibətlərə həm Rusiya, həm də Türkiyə əhəmiyyət verir. Eyni zamanda iki ölkə İranla birgə üçtərəfli müzakirələr də aparır.

– Türkiyə ilə Rusiya arasında S-400 hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair razılaşmanın əldə edilməsini iki ölkənin əlaqələrinin möhkəmlənməsinə dair atılan mühüm addım hesab etmək olarmı?

– S-400-lərlə bağlı iki ölkənin münasibətlərindəki irəliləyiş xüsusi əhəmiyyət daşıyır. Söhbət sadəcə, ümumi razılığın əldə olunmasından getmir. Bilirsiniz ki, həm Türkiyənin, həm də Rusiyanın başqa dövlətlərlə də hava hücumundan müdafiə sistemləri ilə bağlı razılıqları olub. S-400-lərlə bağlı hazırkı proses Türkiyənin əldə etdiyi ən ciddi irəliləyişdir. Bu məqam prezidentlərin son görüşündə də xüsusi qeyd olundu.

– Rusiya-Türkiyə prezidentlərinin görüşündə digər mühüm məqam Ağquyu Atom Elektrik Stansiyasının tikintisinin təməlinin qoyulması oldu. Bunu necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, dövlətlərin nüvə texnologiyasına münasibəti, yaxud nüvə texnologiyasına sahib olması məsələsi mürəkkəb məsələdir. Biz görürük ki, müxtəlif dövlətlərdə bununla bağlı müsbət düşüncələr də, mənfi yanaşmalar da var. Müsbət düşünənlər bunu daha münasib enerjidaşıyıcıya sahib olmaq kimi qeyd edirlər. Mənfi düşünənlər isə nüvə texnologiyasının risklərindən danışırlar.

Türkiyədə də uzun on illiklərdir ki, nüvə texnologiyası ilə bağlı müzakirələr var. Hər dəfə ətraf mühiti qorumağa daha yaxın görünən qruplar buna qarşı çıxıblar. Amma Türkiyənin enerjiyə olan tələbatı məsələsini qaldıranlar, eyni zamanda Türkiyənin milli təhlükəsizliyi baxımından nüvə texnologiyasına malik olmağın əhəmiyyətini qeyd edənlər deyirdilər ki, bu texnologiya Türkiyədə olmalıdır. Əvvəlki koalisiya hökumətləri dövründə bunu etmək çətin olurdu. Amma hazırkı təkpartiyalı hökumət bu ideyanı həyata keçirməkdə qərarlıdır.

– Rusiya-Türkiyə münasibətlərində üst-üstə düşən və və ziddiyyətə səbəb olan məqamlar kimi nələri qeyd etmək mümkündür?

– Hal-hazırda iki dövlət arasında fikir fərqliliyi yaradan müxtəlif amillər var. Eyni zamanda iki ölkəni qarşı-qarşıya gətirmək potensialı olan digər mövzular da mövcuddur. Amma onlar potensial problemli mövzulardır. Məsələn, bunlar iki ölkənin rəqibləridir. Ağquyu AES Türkiyə-Rusiya münasibətlərində ortaq dəyər kimi meydana çıxır. Amma Türkiyə üzvü olduğu hərbi ittifaq vasitəsilə öz təhlükəsizliyini arzu etdiyi səviyyədə təmin edə bilmədiyi üçün S-400-lərə yönəlir. Bunu Türkiyə rəsmiləri də, digərləri də deyir. Onlar bildirirlər ki, Türkiyə NATO çərçivəsində təhlükəsizliyini arzu etdiyi səviyyədə təmin edə bilsəydi, S-400-lərə üz tutmayacaqdı. Yəni, Ağquyu hər iki dövlət üçün ortaq dəyərdir. Biri pul qazanır, digəri ehtiyacını ödəyir.

Təəssüf hissi ilə hal-hazırda da davam edən Qarabağ problemini, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını götürək. Ermənistanda rus hərbi bazaları var. Azərbaycanla da Türkiyə strateji müttəfiqdir. Bu həm siyasi, həm də iqtisadi səviyyədə belədir. Amma getdikcə hərbi təhlükəsizlik istiqaməti daha da güclənir. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Hamımız üçün aydındır ki, Ermənsitan bu israrda hara güvənir. İldönümünü yaşadığımız aprel döyüşləri də göstərdi ki, Ermənistan işğalı davam etdirsə, Azərbaycan Ermənistana planlaşdırdığı şəkildə cavab vermək məcburiyyətində qala bilər. Bu cür proseslərdə Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyəyə gələ biləcəyini bilmirik. Bizim arzuladığımız Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması, bu münasibətlərin bütün region dövlətlərinin ərazi bütövlüyü üçün təminatlı ola biləcək şəkildə olmasıdır. Amma hal-hazırda Türkiyə-Rusiya münasibətlərinin bu motivləri də əhatə edəcəyi səviyyədə olmasından əmin deyiləm. Yəni, iki dövlət bütün region ölkələrinin ərazi bütövlüyünün təminində zamin rolu oynamağa başlasalar, hər şey daha yaxşı olacaq. Amma hal-hazırda bu yoxdur.

Ümimi olaraq deməliyəm ki, Rusiya-Türkiyə münasibətlərindəki müsbət addımlardan Ermənistan məmnun deyil. Bunu Ermənistan mətbuatına baxdıqda da, onların siyasətçilərinin çıxışlarını izlədikdə də, görmək mümkündür. Ermənisitan istisna olmaqla region ölkələri, o cümlədən Azərbaycan münasibətlərdəki yaxınlaşmanı müsbət, xoş qarşılayırlar. Amma bu yaxınlaşma region ölkələrinin ərazi bütövlüyünə, təhlükəsizliyinə təminat verəcək şəkildə davam etməlidir. O zaman bu yaxınlaşmanın ruhu daha müsbət və uzunmüddətli olacaq. Onda sadəcə Türkiyə-Rusiya əməkdaşlığından danışmayacağıq, ümumiyyətlə geniş mənada regionda əməkdaşlıq mühitinin mövcudluğundan danışacağıq.

Rusiya-Türkiyə əməkdaşlığı təkcə iki ölkə üçün deyil, bütün region üçün faydalı olar. Amma xüsusi vurğulamaq istəyirəm ki, sadəcə iki ölkə öz aralarında münasibəti yaxşılaşdırmağa çalışsa, bu, əbədi olmayacaq. Azərbaycan-Rusiya, Türkiyə-Rusiya, Türkiyə-Ermənistan, Rusiya-Gürcüstan və Gürcüstan-Türkiyə münasibətləri ümumi regiona fayda gətirəcək formatda qurulmalıdır. Sadəcə iki dövlət öz aralarında münasibətləri yaxşılaşdırmağa çalışsa, bu, çox uğurlu olmayacaq. Çünki Türkiyə-Rusiya münasibətlərind daim risklərlə qarşılaşma potensialı var. Münasibətlərdəki indiki gedişat müsbətdir, amma regional problemlərə də ümumi baxış ruhu mütləq əks olunmalıdır. Ümumi baxış da beynəlxalq hüququn əsas prinsiplərindən – dövlətlərin ərazi bütövlüyünə zəmanət verilməsindən, əgər pozulubsa, onun bərpa olunmasından və regionun ümumi əməkdaşlıq mühitinə çevrilməsindən ibarət olmalıdır.

Müəllif: Səxavət Həmid

Yorumlar